Məhkəmə qərarları › İş №e-2-2(113)-51/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-51/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-51/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəyəri qabaqcadan ödənilmiş əşyanın verilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 9849,98 manat əsas borc və 100 manat mediasiya xərcinin, 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2023-cü il tarixində tərəflər arasında 108 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, satıcı 10 000 ədəd 8 oz birdəfəlik qapaq, 15 000 ədəd 12 oz birdəfəlik qapaq, 5000 ədəd 16 oz birdəfəlik qabaq, 10 000 ədəd 8 oz “craft double” birdəfəlik karton stəkan, 15 000 ədəd 12 oz “craft double” birdəfəlik karton stəkan və 5 000 ədəd 16 oz “craft double” birdəfəlik karton stəkanları alıcının mülkiyyətinə verməyi, alıcı isə razılaşdırılmış müddətdə və qaydada malı qəbul edib, onun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. 2.2. İddiaçı tərəfindən müqavilə üzrə yaranan öhdəliklər yerinə yetirilərək, müqavilə imzalandıqdan sonra 9849,98 manat məbləğində pul ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə yaranan öhdəliklərini yerinə yetirməmiş, müqavilə şərtlərinə uyğun keyfiyyətdə mal verməmişdir. Bu barədə iddiaçının cavabdehi dəfələrlə xəbərdar etməsinə və ödənilmiş 9849,98 manat məbləğin geri tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir mümkün tədbir görülməmiş və 9849,98 manat məbləğində ödəniş geri qaytarılmamışdır. 2.3. Müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi elektron qaimə və fakturaya əsasən aparılır. Alıcı cari ay ərzində sifariş olunmuş və alınmış malın ümumi dəyərini həmin ay ərzində satıcı tərəfindən təqdim olunmuş elektron hesab-fakturalar üzrə malın dəyəri ilə qarşılıqlı üzləşməsini apardıqdan sonra ödənişi 7 iş günü ərzində satıcının müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir. Müqavilənin 4.4.7-ci maddəsinə əsasən, satıcı alıcıya malın keyfiyyəti barədə məcburi tələblərə uyğun gələn və bu müqavilədə göstərilən məqsədlər üçün istifadəyə yarayan malı təhvil verməlidir. Müqavilənin 4.1.10-cu maddəsinə görə alıcı malın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda öz seçimi ilə bu müqavilənin icrasından imtina etmək və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan malın uyğun mal ilə əvəz olunmasını satıcıdan tələb edə bilər. Müqavilənin 6.4-cü maddəsinə əsasən, satıcı zəmanət verir ki, mal bütün həbs və girovlardan və dizayn materialında və istehsal keyfiyyətində hər hansı qüsurlardan azaddır. 2.4. 24 iyul 2023-cü il tarixli MŞB/18/2023-00994 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi mediasiya sessiyasına gəlsə də, cavabdehin nümayəndəsi mediasiya sessiyasına gəlmədiyinə görə sessiyaya xitam verilmişdir. İddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə onlayn kargüzarlıq və elektron məhkəmə portalı vasitasilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 441.2, 443.5, 448.1, 587.2-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan 10 000 ədəd 8 oz birdəfəlik qapaq, 15 000 ədəd 12 oz birdəfəlik qapaq, 5000 ədəd 16 oz birdəfəlik qabaq, 10 000 ədəd 8 oz “craft double” birdəfəlik karton stəkan, 15 000 ədəd 12 oz “craft double” birdəfəlik karton stəkan və 5 000 ədəd 16 oz “craft double” birdəfəlik karton stəkanların təhvil verilməsi, göstərilən əşyaların qaytarılması mümkün olmadığı təqdirdə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 108 saylı alqı-satqı müqaviləsinə əsasən 9849,98 manat və 100 manat məbləğində mediasiya xərci və 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-51/2025 nömrəli qərardadına əsasən məhkəmə-iqtisad ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsinə tapşırılmışdır. Həmin iş üzrə xx.xx.2025-ci il tarixli AZ-23010988/LAB05- 25001-T-001 nömrəli sınaq protokolu təqdim edilmişdir. Lakin həmin sınaq protokoluna aid rəy təqdim edilməmişdir. Digər **********/LAB05-25003-T-003 nömrəli sınaq protokolu və ona aid olan rəy başqa işlə əlaqədardır. Məhkəməyə ərizə ilə müraciət edilərək mütəxəsis rəyinin əlavə edilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən mütəxəsis tərəfindən rəy verilməlidir. Həmçinin “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsi digər işlərdə sınaq protokolu ilə yanaşı rəy təqdim edir. Sınaq protokolu əsas götürülsə, malların keyfiyyətli olması iddiaçıya məlum olmuşdur. Bu hal məhkəmə baxışında müəyyən edildiyi üçün məhkəmə iclasında şifahi və iddia ərizəsində yazılı şəkildə bildirilmişdir ki, mallar təhvil verilməmiş və bununla bağlı heç bir təhvil-təslim aktı mövcud deyildir. İş üzrə iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə köçürmə yolu ilə 9849,98 manat ödəniş həyata keçirilmişdir.

7. Məhkəmə iddiaçının bildirdiyi kimi “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsinin rəyinin (protokolunun) xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğunu, bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi üçün əsasların məhkəmə baxışının gedişində əmələ gəldiyini nəzərə alaraq dəqiqləşmə ərizəsinin icraata götürülməsini mümkün hesab etmişdir.

II. Tərəflərin mövqeləri:

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, xx.xx.2023cü il tarixli 108 saylı alqı-satqı müqaviləsinə 01 nömrəli əlavə ilə razılaşdırılan mallar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən malların dəyəri ödənildikdən sonra cavabdeh 3 dəfə malı gətirmiş, hər üç partiyada mallardan qoxu gəldiyi üçün mallar geri qaytarılmışdır. Cavabdeh malların təhvil verildiyini qeyd etsə də, təhviltəslimlə bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə, təqdim edilən yazışmalardan cavabehin işçisinin pul qaytaracaqlarını bildirdiyi görünür.

9. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və göstərdilər ki, cavabdeh tərəfindən bütün mallar təhvil verilmiş, həmin mallarda hər hansı qüsur olmamışdır. Lakin iddiaçı cavabdehlə əlaqə yaradaraq stəkanları daha ucuz qiymətə əldə etdiklərindən malların geri götürülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 108 saylı alqı-satqı müqaviləsinə 01 nömrəli əlavə üzrə verilən malların üzərində iddiaçıya məxsus “Botanist” loqosu vurulduğundan malların geri götürülməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı malların bir qismini küçəyə atmış, cavabdeh tərəfindən həmin mallar götürülmüş və hazırda anbarında saxlanır.

10. Məhkəmənin suallarında cavab olaraq cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə qeyd etdi ki, iddiaçı ilə əlaqə saxlayan işçi səlahiyyətsiz olmuş, qeyd edilən mesajlar aşkar olunduqdan sonra işdən azad olunmuşdur. Həmçinin malların təhvil verilməsi ilə bağlı yalnız elektron qaimələr mövcuddur.

11. Tərəflərə məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin baxış iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əşyanın verilməsi tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 30 yanvar 2023-cü il tarixli 108 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz hissəsini təşkil edən alış sifarişi ilə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli əlavə olan qiymət razılaşdırılması protokolu ilə 1 ədədinin qiyməti 0,186440677 manat olan 10000 ədəd 8 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,22033898 manat olan 15000 ədəd 12 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,2457627 manat olan 5000 ədəd 16 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,05932 manat olan 10000 ədəd 8 oz birdəfəlik qapaq, 1 ədədinin qiyməti 0,0677966 manat olan 15000 ədəd 12 oz birdəfəlik qapaq, 1 ədədinin qiyməti 0,0677966 manat olan 5000 ədəd 16 oz birdəfəlik qapağın ümumi dəyəri (ƏDV daxil 9849,98 manat) razılaşdırılmışdır. Cavabdeh tərəfindən ƏDV daxil olmaqla 9849,98 manat dəyərində mal üçün xx.xx.2023-cü il tarixli EBCO 010682 seriya və nömrəli elektron qaimə tərtib edilərək iddiaçıya göndərilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə həmin elektron qaiməyə istinad etməklə 9849,98 manat məbləğində pulu köçürmə yolu ilə cavabdehin bank hesabına köçürmüşdür.

16. İddiaçı xx.xx.2023-cü il tarixli 01 nömrəli əlavə olan qiymət razılaşdırılması protokolu ilə razılaşdırılan malların təhvil verilmədiyini bildirərək, müqavilənin məcburi icrasını – malların verilməsini tələb edir.

17. Cavabdeh malların təhvil verildiyini, lakin bir qismininin iddiaçı tərəfindən küçəyə atıldığını, bu səbəbdən cavabdeh tərəfindən götürülərək sonuncunun anbarında saxlanıldığını bildirir.

18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

21. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Tərəflər arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 108 nömrəli alqı-satqı müqaviləsinin qiymət və ödəniş şərtlərindən görünür ki, müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi elektron qaimə və hesab-fakturaya əsasən aparılır. Alıcı cari ay ərzində sifariş olunmuş və alınmış malın ümumi dəyərini həmin ay ərzində satıcı tərəfindən təqdim edilmiş elektron hesab-fakturalar üzrə malın dəyəri ilə qarşılıqlı üzləşməsini apardıqdan sonra ödənişi 7 iş günü ərzində satıcının müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir.

24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin məcburi icrası tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin icra edildiyini sübut etməlidir.

25. Hazırkı işin hallarından görünür ki, iddiaçı tərəfindən ödənişlər satıcının təqdim etdiyi elektron qaimə və hesab-fakturaya əsasən aparılmalı, cari ay ərzində sifariş olunmuş və alınmış malın ümumi dəyəri ilə satıcı tərəfindən təqdim edilmiş elektron hesab-fakturalar üzrə malın dəyəri üzləşdirildikdən sonra qalıq dəyər 7 iş günü ərzində ödənilməlidir. Tərəflər arasında işgüzar münasibətlərə əsasən də iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu imzalanan gün cavabdeh iddiaçıya elektron qaimə göndərmiş, cavabdeh tərəfindən həmin elektron qaiməyə istinadla ödəniş edilmişdir.

26. Cavabdehin işçisi olaraq qəbul etdiyi Şəhriyar adlı şəxslə aparılan vatsap yazışmalarından görünür ki, 03 mart 2023-cü il tarixdə iddiaçı cavabdehdən cavab gözlədiyini bildirir, cavabdeh imkan daxilində, köçürmələr olduğu halda ödəniş ediləcəyini qeyd edir, 07 mart 2023-cü il tarixdə iddiaçı ödənişin 10 gün ərzində edilməsini tələb edir, qabsız qaldığını göstərir, cavabdeh hər şeyin hesablandığını, səbirli olunmasını xahiş edir, iddiaçı qab ala bilmədiyini yazır, cavabdeh adi stəkan verə biləcəyini bildirir, iddiaçı razılaşmır, iddiaçı 5000 manatın nağd verilməsini tələb edir, mal vurulduğu təqdirdə qaytaracağını bildirir, cavabdeh imkanının olmadığını göstərir, 14 mart 2023-cü il tarixdə iddiaçı ödənişin 16-sı edilməsini tələb edir, cavabdeh təsdiqləyir, 17 mart 2023-cü il tarixdə iddiaçı ödənişlə maraqlanır.

27. Göründüyü kimi, tərəflər arasında işgüzar münasibətin malların dəyərinin qabaqcadan ödənilməsi formasında irəlilədiyi, elektron qaimənin də məhz qabaqcadan ödənişin edilməsi üçün göndərildiyi aydın olur. Cavabdeh isə bütün malların verildiyni bildirsə də, malların təhvil-təslimi ilə bağlı hər hansı sübut təqdim etməmiş, işçinin pulun qaytarılması ilə bağlı vədlərini isə işçinin səlahiyyətlərini aşması ilə əlaqələndirmişdir.

28. Halbuki kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

29. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

30. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.

31. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması və ya bilavasitə həmin hərəkətləri şərtləndirməsi təşkil edir.

32. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh isə iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.

33. Belə olan halda, məhkəmə iddiaçı tərəfindən malların qəbul edilmədiyi barədə sonuncunun bildirdiklərinin həqiqətə uyğun olduğu qənaətinə gəlir.

34. Digər tərəfdən, iddiaçı malların qoxu gəlməsi əsası ilə qəbul etmədiyini bildirmişdir.

35. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli 108 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin anbarında saxlanılan adıçəkilən müqaviləyə 1 nömrəli əlavədə (qiymətlərin razılaşdırılması protokolunda) siyahısı əks olunmuş 6 adda malın istifadə məqsədləri üçün yararlı olub-olmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli e-2-2(113)- 248/2024 nömrəli qərardadla iş üzrə məhkəmə-iqtisad ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Həmin Mərkəzin xx.xx.2024-cü il tarixli 9/573 nömrəli rəyinə əsasən ekseprtiza təyini haqqında qərardadda qeyd edilən birdəfəlik stəkanlardan seçmə üsulu ilə götürülmüş açıq qəhvəyi rəngli, üzərində “Cafe Botanist coffee & plant shop” yazıları olan, təxminən 200 ml su tutumlu, 19 ədəd birdəfəlik stəkanlar qaynar suya davamlıdır. Yəni qaynar su (təxminən 100° C) doldurulduqda yararsız vəziyyətə düşmür. Lakin həmin qabların müqavilənin 6-cı maddəsində nəzərdə tutulmuş keyfiyyət tələblərinə cavab verib-verməməsinin müəyyən edilməsi məhkəməəmtəəşünaslıq eskeprtizasının predmetinə aid olmayıb, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən testlər aparılmaqla müəyyən edilə bilər. Qərardadda qeyd edilən 6 adda mallardan yalnız bir adda mallar (birdəfəlik stəkanlar) tədqiqata təqdim edilmiş, cavabdeh digər malların onda olmadığını bildirmişdir.

36. Məhkəmə iddiaçının bildirdiyi halların (qoxu gəlməsinin) qida təhlükəsizliyi ilə bağlı olduğunu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin həmin hissədə rəy verməkdən imtina etdiyini nəzərə alaraq xx.xx.2025-ci il tarixli e-2-2(113)-51/2025 nömrəli qərardadla məhkəmə-iqtisad ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsinə həvalə etmişdir. Sonuncunun xx.xx.2025-ci il tarixli AZ-23010988/LAB05-25001-T- 001 nömrəli sınaq protokoluna əsasən tədqiqata təqdim edilən 19 ədəd birdəfəlik stəkanın texniki normativ sənədlərin tələblərin uyğun olduğu müəyyən edilmişdir.

37. Belə olan halda, həmin qabların iddiaçıya verilməsində hər hansı maneə mövcud deyildir, iddiaçının qabların qəbulundan bu əsasla imtinası əsassız olmuşdur.

38. Eyni zamanda məhkəmə vurğulayır ki, iddiaçının müqavilə üzrə hansı sayda qabların qəbulundan imtina etməsi işin həlli üçün əhəmiyyət daşımır. Belə ki, cavabdeh hər hansı sayda malın iddiaçı tərəfindən qəbul edildiyini sübut edə bilmədiyindən və iddia tələbi əşyanın verilməsində ifadə edildiyindən, həmçinin cavabdehin anbarında saxlanılan əşyaların qida təhlükəsizliyi standartlarına uyğun olduğu müəyyən edildiyindən iddia tələbi təmin edildiyi halda, cavabdehin anbarda saxlanılan malları iddiaçıya verməsi mümkündür. Başqa sözlə, əşyaların yalnız bir hissəsindən imtina edildiyi sübut edilə bilmədiyindən məhkəmə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli 108 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə üzrə hər hansı əşyanın qəbul edilmədiyi qənaətinə gəlir və hesab edir ki, iddiaçı həmin əşyaların verilməsini tələb etdiyindən cavabdeh müqavilə üzrə bütün əşyaları anbarda saxlamışsa, həmin əşyaları, əks halda çatışmayan miqdarla birlikdə anbardakı əşyaları verməklə öhdəliyini icra edə bilər.

39. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

40. Belə ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

41. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn dəyəri ödənilmiş əşyanın verilməsini tələb etmək hüququnu realizə edir.

42. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

43. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

46. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilmiş əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı) müqavilə üzrə şərtləşdirilən malları iddiaçıya ödəməlidir.

47. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

48. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 1 ədədinin qiyməti 0,186440677 manat olan 10000 ədəd 8 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,22033898 manat olan 15000 ədəd 12 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,2457627 manat olan 5000 ədəd 16 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,05932 manat olan 10000 ədəd 8 oz birdəfəlik qapaq, 1 ədədinin qiyməti 0,0677966 manat olan 15000 ədəd 12 oz birdəfəlik qapaq, 1 ədədinin qiyməti 0,0677966 manat olan 5000 ədəd 16 oz birdəfəlik qapaq Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməli, qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

49. İddiaçı ödənilmiş 20 manat dövlət rüsumunun, 100 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

50. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00994 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

51. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

52. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

53. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən (2023-cü ilin sentyabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 20 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 9/573 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.

56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.

58. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırkı iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 19 manat təşkil edir.

60. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pul Cavabdeh MMC-dən alınaraq İddiaçı, ekspertiza xərci olaraq 50 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 1 ədədinin qiyməti 0,186440677 manat olan 10000 ədəd 8 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,22033898 manat olan 15000 ədəd 12 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,2457627 manat olan 5000 ədəd 16 oz “craft double” birdəfəlik karton stəkan, 1 ədədinin qiyməti 0,05932 manat olan 10000 ədəd 8 oz birdəfəlik qapaq, 1 ədədinin qiyməti 0,0677966 manat olan 15000 ədəd 12 oz birdəfəlik qapaq, 1 ədədinin qiyməti 0,0677966 manat olan 5000 ədəd 16 oz birdəfəlik qapaq Cavabdehndən alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri Cavabdehndən alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pul Cavabdehndən alınaraq İddiaçı verilsin. Ekspertiza xərci olaraq 50 manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar