Məhkəmə qərarları › İş №e-2-2(113)-5102/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5102/2024

18.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5102/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2023-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 8.100 manat pul vəsaitinin, məhkəmə rüsumu üçün ödənilmiş 101 manat pul vəsaitinin, toplam olaraq 8.201 manat (səkkiz min iki yüz bir) pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 17 yanvar 2023-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC alıcı "xxxx" MMC-yə 25.601,28 manat (iyirmi beş min altı yüz bir manat iyirmi səkkiz qəpik) müqabilində Günəbaxan yağı Divo Kubani 5 lt satmışdır. Bu barədə xx.xx.2023-cü il tarixində təhvil-təslim aktı və malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə tərtib olunmuşdur. Lakin, satıcı tərəf öz öhdəsinə götürdüyü malı cavabdehə təqdim etməsinə baxmayaraq həmin tarixdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, cavabdeh tərəf müqavilə ilə qəbul etdiyi malların pulunun müəyyən hissəsini ödəməsinə baxmayaraq halhazırda 8.100 (səkkiz min yüz) manat pul vəsaitini ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında 17 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya malı satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

12. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən tam ödəniş həyata keçirildikdən sonra həmin gün ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür.

13. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə müqaviləni, qaiməni və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.

14. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCN seriyalı, 491926 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 25.601,28 manat məbləğində elektron qaimə göndərilmişdir.

18. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 25.601,28 manat dəyərində mal təqdim edilmişdir.

19. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin ödənilməmiş 8.100 manat məbləğində borcu qaldığını qeyd etmişdir.

20. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

21. Məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 8.100 manat məbləğində borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Bundan başqa, məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 101 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 8.100 (səkkiz min bir yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 101 (bir yüz bir) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar