Məhkəmə qərarları › İş №e-2-2(113)-5118/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5118/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5118/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən borcunun əvəzinin, yəni - 3422.00 manat , faiz borcunun əvəzi - 1906 manat , dövlət rüsumunun əvəzi – 73 manat, cəmi – 5401 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra Cavabdeh) ilə İddiaçı MMC (bundan sonra İddiaçı) arasında C/AB/01 saylı, 12 Dekabr 2022-ci il tarixlimüqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci yarımbəndinə əsasən İddiaçı Cavabdehə müqavilənin tərkib hissəsi olan “ Qiymətlərin razılaşdırılması Protokol 01” də göstərilən konteynerlərisatmağı, Cavabdeh isə razılaşdırılmış haqqı vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçıdan xx.xx.2022 –ci il tarixində bir ədəd, ümumi dəyəri -6962.00 manat olan konteyner almış, aldığı malın haqqının bir hissəsini (3540.00 manat ) ödəmiş, digər hissəsini ( 3422.00 manat) isə bu günə qədər ödəməmişdir. Həmin müqavilənin 3.4-cü yarımbəndinə əsasən malın haqqının ödənilməsi gecikdirilərsə,“Alıcı” gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.1 %-zi həcmində dəbbə ödəyir. İddiaçı tərəfindən Cavabdehə “Pretenziya” məktubu həm Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron poçt (onlayn kargüzarlıq) ünvanından və “Azərpoçt” vasitəsi ilə göndərilmişdir. Buna baxmayaraq Cavabdeh tərəfindən həmin “Pretenziya” məktublarına bu günə qədər məhəl qoyulmamışdır. Əvvəllər Cavabdeh İddiaçının telefon zənglərinə cavab verdiyi hallarda borcunu qısa zamanda ödəyəcəyini boyun alsa da, bu günə qədər öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Son zamanlar isə telefona ümumiyyətlə cavab vermir. Telefonu aktivdir. Zəngləri qəbul edir. Hal-hazırda müqavilə üzrə yaranmış borc 3422.00 manat, faiz üzrə yaranmış borc 1906.00 manat olmaqla cəmi 5328.00 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “satıcı”, adları “qiymətlərin razılaşdırılması protokolu’nda göstərilən malları “alıcı”-ya satır. - 1.2-ci bəndinə əsasən “alıcı” həmin Malları “satıcı”-dan alır və dəyərini ödəyir. - 1.3-cü bəndinə əsasən Malların qiyməti və ümumi dəyəri, bu müqavilənin tərkib hissəsi sayılan “Qiymətlərin razılaşdırılması protokoluma əsasən müəyyən olunur. - 3.4-cü bəndinə əsasən “Alıcı” Bu Müqavilə ilə nəzərdə tutulmuş ödəniş gecikdirilərsə, “Satıcı” hər gecikdirilmiş gün üçün, gecikdirilmiş ödənişin ümumi dəyərinin 0.1%-i məbləğində cərimə ödənilməsini "Alıcı'dan tələb edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. xx.xx.2022 -ci il tarixli, C/AB/01 saylı müqaviləyə 01 saylı Əlavə olan xx.xx.2022-ci il tarixli X2 iddiaçı tərəfindən sifariş veriləcək malların adı,miqdarı,qiyməti razılaşdırılmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. C/AB/01 saylı, xx.xx.2022-ci il tarixli Müqaviləyə və bu Müqavilənin tərkib hissəsi olan "Qiymətlərin razılaşdırılması Protokolu-01" üzrə imzalanmış təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 1 ədəd 6962 manat (ƏDV daxil) məbləğində konteyner təhvil verilmişdir.

11. C/AB/01 saylı, xx.xx.2022-ci il tarixli Müqaviləyə və bu Müqavilənin tərkib hissəsi olan "Qiymətlərin razılaşdırılması Protokolu-01" üzrə imzalanmış təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 1 ədəd 6962 manat (ƏDV daxil) məbləğində konteyner təhvil verilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə EBCL 156120 saylı xx.xx.2022-ci il tarixli 6962 manat məbləğində elektron qaimə göndərilmişdir. V. Tətbiq edilən hüquq:

13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

- 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 3422 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi, elektron qaimələr və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli Müqaviləyə və bu Müqavilənin tərkib hissəsi olan "Qiymətlərin razılaşdırılması Protokolu-01" üzrə imzalanmış təhvil-təslim aktı ilə təsdiq edilir.

19. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 3422 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 3422 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 3422 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1906 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

21. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

22. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 200 manat məbləğində dəbbə pulu tutulmalıdır.

23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 73 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

24. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,22 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 3422 manat (üç min dörd yüz iyirmi iki) manat artıq əsas borc, 200 (iki yüz) manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 56,22 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar