Məhkəmə qərarları › İş №e-2-2(113)-512/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-512/2025

10.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-512/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh ASC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: korporativ mübahisə, səhmdarlara sənədlərin təqdim edilməsi) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh ASC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Səhmdar Cəmiyətinin səhmdarlarının 2023-cü il üzrə reyestrinin və Nizamnaməsinin; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021, 2022, 2023-cü illər üzrə “Maliyyə hesabatlarını və onların Əlavələrinin”, debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə “Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin” və ya Sadələşdirilmiş vergi Bəyannamələrinin”, həmçinin “Torpaq vergisi Bəyannamələrinin; Səhmdar Cəmiyyətin 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə ümumi yığıncağının Protokollarının; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021, ci, 2022-ci, 2023-cü -ci illər üzrə Səhmdar Cəmiyyətin Müşahidə Şurasının iclaslarının Protokollarının; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə Səhmdar Cəmiyyətin “aktivlərini və öhdəliklərin inventarizasiya Aktlarının”; 2017-ci, 2018ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə Səhmdar Cəmiyyətin “əsas vəsaitlərinin ləğvi Aktlarının”; Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın dövlət reyestrində Çıxarışın; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021ci, 20222-ci, 2023-cü illər üzrə Səhmdar Cəmiyyətin digər təşkilatlarla bağlanmış əqdlər, kontrakylar, müqavilələr, həmçinin aidiyyatı şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların; Səhmdar Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış “əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi Aktlarının” iddiaçılara təqdim edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh ASC-nin səhmdarıdılarr və Səhmdar Cəmiyyətdə hər birinin nominal dəyəri 20 manat olmaqla müxtəlif sayda səhmləri var. Lakin nə keçirilən növbəti ümumi yığıncaqlarda, nədə ki, başqa vaxt müəssisənin fəaliyyətinə dair heç bir məlumat ala bilmirlər. Dəfələrlə Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı lazım olan sənədlərin surətinin iddiaçılara təqdim olunmasını xahiş etmələrinə baxmayaraq, Azərbaycan qanunlarını saymayan Səhmdar Cəmiyyətin rəhbərliyi iddiaçıların haqlı tələbini tamamilə əsassız olaraq yerinə yetirməkdən imtina edir. Bununla da Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən bir vətəndaş, bir səhmdar kimi iddiaçıların məlumat almaq hüququ qəsdən, kobud surətdə pozulur. Axırıncı dəfə Səhmdar Cəmiyyətin fəaliyyəti ilə əlaqədar sənədlərin iddiaçılara (və digər səhmdarlara) verilməsi barədə rəsmi ərizə ilə Cavabdeh ASC-yə müraciət ediblər. Lakin Səhmdar Cəmiyyətin rəhbərliyi nəinki, iddiaçının xahişini yerinə yetirmir, əksinə müəssisəyə aidiyyatı olmayan şəxslər vasitəsi ilə iddiaçılara təzyiq göstərməyə çalışmışlar. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98.1, 99.2, 102.4, 106-1.3, 106-1.3.2, 106-1.3.3, 106-1.3.7, 106-1.3.8-1, 106- 1.3.8-3, 106-1.3.8-4, 106-2.3, 107-5.3, 107-6.3-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində və dəqiqləşdirmə ərizəsində göstərilənləri təsdiq edib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin o, suala cavab olaraq bildirmişdir ki, iddiaçılar dəfələrlə Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı lazım olan sənədlərin surətinin təqdim olunmasını xahiş etsələr də, Səhmdar Cəmiyyətin rəhbərliyi iddiaçıların haqlı tələbini tamamilə əsassız olaraq yerinə yetirməkdən imtina etmişdir. Qanunvericiliklə dərc edilməli məlumatları dərc etməmişdir. Sonda o, iddianın təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı N.Ağamalıyev iddianı müdafiə edib suallara cavab olaraq bildirmişdir ki, o, 1999-cu ildən Cavabdeh ASC-nin səhmdarıdır. Cəmiyyətdə işlədiyi dövrdə nizamnamə kapitalında olan ona məxsus səhmə mütənasib olaraq ödəniş edilmiş, 1 il ərzində 17-20 manat ödənilmiş, sonra heç bir ödəniş edilməmişdir. 1988-ci ildən iddiaçılar Cəmiyyətdə çalışırlar. 1999-cu ildə səhmlər satışa çıxıb və əmək kollektivinin üzvlərinin səhmləri əldə etməkdə üstünlük hüququ olmuşdur. İddiaçılar üstünlük hüququndan istifadə edərək səhmləri almışlar. Sonda o, iddianın təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı4 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: X1 Reyestri məlumatlarından görünür ki, Cavabdeh ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində uçotdadır, xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş Cavabdeh ASC-nin yeni redaksiyada olan Nizamnaməsinin: 1.4-cü bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 15 iyul 1999-cu il il tarixdə, D 3049 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Bakı Tütün" Acıq Səhmdar Cəmiyyətinin (xx.xx.2000-ci il tarixdə cəmiyyətin adı dəyişdirilmiş və European Tobacco- Baku adlandırılmışdır) hüquqi varisidir; 3.2-ci bəndinə əsasən Cəmiyyətin Nizamnamə kapitalı 44635220 (qırx dörd milyon altı yüz otuz beş min iki yüz iyirmi) manat olmaqla ******* (iki milyon iki yüz otuz bir min yeddi yüz altmış bir) ədəd adi adsız səhm təşkil edir; 3.3-cü bəndinə əsasən bir səhmin nominal qiyməti 20 (iyirmi) manatdır; 5.1-ci bəndinə əsasən səhmdarlar Cəmiyyətin illik mənfəətinin məbləğindən malik olduğu səhmin dəyərinə uyğun olaraq dividend alırlar. Hər bir səhmə düşən dividendin məbləği səhmdarların Ümumi Yığıncağının qərarı ilə müəyyənləşdirilir. Dividendlər rüblər üzrə və ya ildə bir dəfə ödənilə bilər; 5.7-ci bəndinə əsasən hər bir səhmdarın Azərbaycan Respublikasının Qanunvericiliyə müvafiq olaraq Ümumi Yığıncağda iştirak etmək və protokolun surətini tələb etmək hüququ vardır; 5.8-ci bəndinə əsasən Səhmdar Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarışı ilə təsdiq edilir ki, emitent Cavabdeh ASC AZ********** dövlət qeydiyyat nömrəli, nominal dəyəri 20 manat olan adi adlı səhmlər buraxmış və qiymətli kağızlar AR Mərkəzi Bankında qeydiyyata alınmışdır (yerləşdirilmiş qiymətli kağızların miqdarı ******* təşkil edir). Qiymətli kağız sahibləri haqqında məlumatlar bölməsində fiziki şəxslər İddiaçı1 (şəxsi hesabın nömrəsi 0********), İddiaçı2 (şəxsi hesabın nömrəsi 0********), İddiaçı3 (şəxsi hesabın nömrəsi 0********), İddiaçı4 (şəxsi hesabın nömrəsi xxxxxxx) hər biri ayrı-ayrılıqda 28 ədəd səhmin mülkiyyətçisi olmaqla göstərilmişdirlər. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı3 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; 99.2.5. idarəetmə strukturu; 99.2.6. inkişaf siyasəti; 99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; 99.2.8. idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; 99.2.9. investisiyaların həcmi və mənbəyi; 99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; 99.2.11. ictimai layihələr. 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.2-ci maddəsinə əsasən bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 106-1.6-cı maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır: 106-1.6.1. qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq; 106-1.6.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə mərkəzi depozitara on təqvim günü ərzində yazılı bildiriş vermək; 106-1.6.3. qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək. 106-2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır. Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. 107-6.3-cü bəndinə əsasən səhmdarın tələbi ilə protokolun (ümumi yığıncağın) surəti ona təqdim edilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, tədqiq olunmuş sübutlar əsasında işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatna alınmışdır. Cəmiyyətin nizamnaməsinin 3.2-ci bəndinə əsasən Cəmiyyətin Nizamnamə kapitalı 44635220 manat olmaqla ******* ədəd adi adsız səhm təşkil edir. Nizamnamənin 3.3-cü bəndinə əsasən bir səhmin nominal dəyəri 20 manatdır. Həmçinin İşin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətində hər birinin nominal dəyəri 20 manat olan hər biri 28 ədəd adi səhmə malikdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçılar və onların nümayəndəsi cavabdeh tərəfindən onlara heç bir məlumat və onların müraciətlərinə cavab verilmədiyini, lazımi məlumatların dərc edilmədiyini, onların cəmiyyətin ərazisinə buraxılmadıqlarını bildirmişlər. Cavabdeh tərəf iddiaya heç bir etiraz etməmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanmış normaların məzmunundan görünür ki, cavabdeh açıq səhmar cəmiyyətinin səhmdarı olan iddiaçılar üzvü olduqları cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ümumi yığıncağın protokolları, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, səhmdarların reyestrini tələb etmək, cəmiyyətin nizaməsinin surəti almaq və s. kimi hüquqları vardır. Həmçinin cavabdeh açıq səhmar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını, hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini və s. hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Hazırda cavabdeh məhkəmə iclaslarından məlumatı olmasına baxmayaraq iddia tələbinə qarşı etiraz və ya iddiaçların bildirdiklərinin əksini təsdiq etdən sübutları məhkəməyə təqdim etmədiyi üçün məhkəmə iddiaçıların bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni müvafiq məlumatların dərc olunmamasını və iddiaçıların müraciəti ilə müvafiq sənədlərin təqdim edilməməsini müəyyən olunmuş hesab edir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh ASC-nin səhmdarları olmaqla səmdarların reyestrini, nizamnamənin surətini, ümumi yığıncağın protokolunun surətini tələb etmək, maliyyə hesabatları ilə tanış olmaq, bağlanmış müqavilələr, əqdlər aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barədə məlumat almaq hüquqları vardır və onlar bu barədə tələbləri haqlıdır. Lakin bununla belə məhkəmə qeyd edir ki, iddiaçılar öz tələblərində qanunvericilikdə nəzərdə tutulduğundan daha artıq məlumaların və sənədlərin təsdiq olunmuş surətlərinin onlara təqdim olunmasını tələb etmişlər. Belə ki, yuxarıda sadalanmış normalarda cəmiyyətin Müşahidə Şurasının iclas protokollarının, maliyyə-təftiş komissiyasının aktlarının, debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatların, Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin” və ya Sadələşdirilmiş vergi Bəyannamələrinin”, həmçinin “Torpaq vergisi Bəyannamələrinin, aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının, əsas vəsaitlərin ləğvi aktlarının, Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın Dövlət Reyestrində Çıxarışın, Səhmdar Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi aktlarının səhmdarlara təqdim edilməsi nəzərdə tutulmamışdır. Həmçinin maliyyə hesabatlarında həmin hissələrdə qeyd edilmiş bir çox məlumatlar özü əksini tapacaqdır. Buna görə də həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq cavabdehin səhmdarlarının 2023-cü il üzrə reyestrinin və nizamnaməsinin; 2017-2023-cü illər üzrə auditor aktlarının; 2017-2023-cü illər üzrə maliyyə hesabatlarının və onların əlavələrinin; cavabdehin 2017-2023-cü illər üzrə ümumi yığıncağının protokollarının; 2017-2023-cü illər üzrə cavabdehin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyatı şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia qismən edildiyindən İddiaçı3 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 40 manatı cavabdehdən tutularaq ona ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC-nin səhmdarlarının 2023-cü il üzrə reyestrinin və nizamnaməsinin, 2017-2023-cü illər üzrə auditor aktlarının, 2017-2023-cü illər üzrə maliyyə hesabatlarının və onların əlavələrinin, cavabdehin 2017-2023-cü illər üzrə ümumi yığıncağının protokollarının, 2017-2023-cü illər üzrə cavabdehin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyatı şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların təsdiq olunmuş surətlərinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 təqdim edilməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin əvəzi Cavabdeh ASC-dən tutularaq İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar