Məhkəmə qərarları › İş №e-2-2(113)-5121/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5121/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5121/2022 03.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1005 (bir min beş) manat əsas borc, 500 (beş yüz) manat cərimə, cəmi 1505 (bir min beş yüz beş) manat məbləğində borc pul və ödənilmiş 60 manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh oğlu arasında 12 fevral 2022-ci il tarixli, WP 0023 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1 ədəd 718 manat dəyərində ofis kreslosu, 2 ədəd (2 x 331,50) 663,50 manat dəyərində misafir kreslosu olmaqla, ümumilikdə 1380 manat dəyərində mebel dəstlərini təhvil-təslim aktını imza etməklə qəbul etmişdir. Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 375 manat məbləğində pul ödənilmişdir. Qalan 1005 manat məbləğ isə 6 ay müddətinə hər ay 168 manat ödənilməli idi. Lakin növbəti ödəniş tarixi 15 mart 2022-ci il tarix olmasına baxmayaraq, cavabdeh tərəfindən hal-hazıra kimi heç bir ödəniş edilməmişdir. Nəticədə Cavabdeh "xxxx" MMC-yə 1005 manat borcu əmələ gəlmişdir. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə WP 0023 nömrəli Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən malları satır, satıcıya ödəyir; 1.2-ci bəndinə əsasən satıcı bu müqaviləyə əsasən dəyəri 1380 manat olan malı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 375 manat ilkin ödəniş edərək malı qəbul ədib, bu müqavilənin tərkib hissəsi olan əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, WP 0023 nömrəli Nisyə alqısatqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 375 manat məbləğində pul ödənilmiş, qalan 1005 manat məbləği isə 6 ay müddətinə hər ay 168 manat, sonuncu xx.xx.2022-ci il tarixinə müəyyən edilmiş ödəniş məbləği 165 manat ödəməli olması razılaşdırılmışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, satıcı - "xxxx" MMC tərəfindən 1 ədədinin qiyməti 331,50 manat olmaqla 2 ədəd C 301 misafir kreslo və 1 ədədinin dəyəri 718 manat təşkil edən ofis kreslosu kod F121 alıcı - Cavabdeh təhvil vermiş, alıcı da öz növbəsində malları təhvil almışdır. - "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 1005 (min beş) manat məbləğində əsas borc və 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 1505 (min beş yüz beş) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1005 (min beş) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə, 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 1565 (min beş yüz altmış beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar