Məhkəmə qərarları › İş №e-2-2(113)-5122/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5122/2023

23.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5122/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 12900 manat borcun silinməsi və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 2019-cu ilin əvvəlində Səadət MTK-nın (bundan sonra-iddiaçı) göstərdiyi xidmətlərlə əlaqədar Cavabdeh ASC (bundan sonracavabdeh) tərəfindən Səadət MTK-nın balansında olan 09339 nömrəli sayğaca 12900 manat borc hesablanmışdır. Sonradan tərəfimizdən edilmiş müraciətlər əsasında Cavabdeh ASC-nin məsul şəxsləri tərəfindən Səadət y/k qeyri-yaşayış sahəsinə və digər qeyri yaşayış sahələrinə xidmət göstərən çiller/fankoyl sisteminin su ilə doldurulmasını təmin edən xəttin üzərinə 096445 nömrəli sayğac quraşdırılmışdır (“Smith” Hotel). Sayğacın qoyulmasından 4 il keçməsinə baxmayaraq həmin sayğacda su dövriyyəsi olmadığından su sərfiyyatı yaranmadığı üçün Cavabdeh ASC tərəfindən sayğac çıxarılsa da, borc silinməmişdir. Bu isə onu göstərir ki, hesablanan borc əsassızdır. Bununla bağlı cavabdehə xx.xx.2023 tarixli pretenziya məktubu göndərilmiş, əsassız hesablanmış borcun silinməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq qarşı tərəf borcun silinməsi üçün heç bir addım atmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında xx.xx.2018-ci il tarixli, 10454 nömrəli akta əsasən 12384 manat məbləğində borcun yazıldığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2013-cü il tarixli 093339 nömrəli müqavilədən görünür ki, Cavabdeh ASC İddiaçı MTK-nı tələbatına uyğun məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. xx.xx.2018-ci il tarixli, 10454 nömrəli Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, obyektin su təchizatına və su sayğacına baxış keçirildi. Məlum oldu ki, İddiaçı MTK-nın ərazisində yerləşən və qeyri-əhali abonentləri üçün xidmət göstərən qazanxananın sayğacdan kənar xətti (d=32 mm) aşkarlandı kənar xətt Ciller sisteminə daxil olurdu. Nəticədə əlavə xətt ləğv olundu. xx.xx.2023-cü il tarixli Cavabdeh ASC-nin müraciətə baxılması haqqında məktubundan görünür ki, Nərimanov rayon Sukanal İdarəsinin xidməti əraziisndə yerləşən, abonent kodu 093339 olan obyektin su təchizatına baxış keçirilən zaman idarənin nümayəndələri tərəfindən sayğacdan kənar xətt aşkarlanmış və qeyri-qanuni istifadəyə görə xx.xx.2018-ci il tarixli, 10454 nömrəli akt tərtib olunmuş, Qaydaların 4 nömrəli əlavəsinə əsasən 12384 manat məbləğində dəymiş ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixli MŞB/16-01796 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ASC 200 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, tərəflərin arasında su təchizatı ilə bağlı xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış, daha sonra Cavabdeh ASC tərəfindən aparılan yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 10454 nömrəli akta əsasən İddiaçı MTK-ya 12384 manat məbləğində borc hesablanmış, halbuki cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığına görə iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı 12900 manat məbləğində borcun silinməsini xahiş etsə də, məhkəməyə təqdim edilən sənədlərdən 12384 manat məbləğində əsassız borcun yazıldığı müəyyən edilmiş və iddia tələbi də, həmin həcmdə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh ASC tərəfindən 093339 nömrəli abonent koduna xx.xx.2018-ci il tarixli, 10454 nömrəli akta əsasən hesablanmış 12384 manat məbləğində borc silinməli, həmçinin mediasiya xərci olan 200 manat pul Cavabdeh ASC-dən tutularaq İddiaçı MTKya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən 093339 nömrəli abonent koduna xx.xx.2018-ci il tarixli, 10454 nömrəli akta əsasən hesablanmış 12384 manat məbləğində borc silinsin, həmçinin mediasiya xərci olan 200 manat pul Cavabdeh ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar