Məhkəmə qərarları › İş №e-2-2(113)-5135/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5135/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5135/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Əliyev Emin Cəfər oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1dan birgə qaydada DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 16938,08 manat cərimə borcu olmaqla, cəmi 79533,65 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci il tarixdə GTC-399LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00082183-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 70,000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalanın Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank və Cavabdeh1 arasında DCL00082183- 04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********447 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 15447,30 manat cərimə borcu olmaqla, cəmi 77997,87 manat təşkil edir, gecikmə günlərinin sayı 299 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyev Emin Cəfər oğlu iddia ərizəsi və iddia həcminin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında əsas borc hissəsində iddia tələbi ilə razı olduğunu, lakin faiz və cərimə tələbi hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixdə GTC-399LE/2018 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, bir tərəfdə İddiaçı ASC və digər tərəfdə Cavabdeh2 MMC arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunu imzaladılar. xx.xx.2021-ci il tarixli DCL00082183-04 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 70,000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli DG**********447 saylı zaminlik müqaviləsindən görünür ki, bank ilə borcalan arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2 bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, “X2” MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 16938,08 manat cərimə borcu olmaqla, cəmi 79533,65 manat təşkil edir. Gecikmə günü 327 gündür xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC Bakı şəhəri 8 saylı mediasiya təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16938,08 manat məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 2449,43 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 2449,43 manat cərimə borcu olmaqla, cəmi 65000 manat və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 2449,43 manat cərimə borcu olmaqla, cəmi 65000 manat və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar