Məhkəmə qərarları › İş №e-2-2(113)-5137/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5137/2025

03.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5137/2025 03.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: daşıma müqaviləsi, daşıma haqqı Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ona aid yükün Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə daşınması barədə yazılı sifariş verilmişdir. Sifarişin predmetini gönderici firmaya (cavabdehə) aid yüklərin daşıyıcı firma – "xxxx" MMC tərəfindən X1 xidmət göstərdiyi rayon və şəhərlərə daşınması təşkil etmişdir.

2. Sifarişin şərtlərinə görə daşıma xərcinin hər kq yük üçün 2,5 ABŞ dolları və əlavə 120 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh tərəfindən sifariş edilən yükün Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” ünvanında ona təhvil verilməsi nəzərdə tutulmuşdur.

3. İddiaçı tərəfindən daşınan yük 580 kq net çəkidə metal helezon yeşiklərdən ibarət olmaqla, daşınaraq cavabdehə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş invoysa əsasən daşımanın ümumi haqqı 3070 ABŞ dolları təşkil etmişdir.

4. Bundan başqa, işdə olan xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, cavabdehin adına daşıma haqqı hesablanmış 1000 çəkidən ibarət metal helizon yeşiklərdən ibarət yük göndərilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı 4964 manat əsas borc, 32,762.40 manat cərimə məbləğinin (330 gün üçün), 204 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış daşınma müqaviləsi əsasında, iddiaçı şirkət Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə hava yolu ilə yükdaşıma xidmətləri göstərmişdir. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı 10451127 nömrəli faktura və X3 tərəfindən verilmiş **********0 nömrəli konosament əsasında 1000 kq-lıq metal helizon yeşiklər cavabdehə təhvil verilmişdir. Bu daşınma üzrə xidmətin dəyəri 4964 manat təşkil edir. Bundan əlavə, "xxxx" MMC tərəfindən cavabdehə göstərilmiş ümumi dəyəri 27404 manat olan digər daşımalar üzrə aşağıdakı tarixlərdə elektron qaimələr təqdim edilmişdir: xx.xx.2024 – EBİ:A seriyalı 633688 nömrəli qaimə, xx.xx.2024 – Mİ2405 seriyalı 11352511 nömrəli qaimə, xx.xx.2024 – MT2406 seriyalı 10102946 nömrəli qaimə, xx.xx.2024 – MT2408 seriyalı 10451127 nömrəli qaimə, xx.xx.2024 – MT2409 seriyalı 10450686 nömrəli qaimə. Cavabdeh bu qaimələr üzrə hissə-hissə ödənişlər etmiş, lakin 4964 manat məbləğində əsas borc bu günədək ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir reaksiya göstərilməmiş və borc ödənilməmişdir. Bu halda, əsas borcun gecikdirilməsi müddəti 330 gün təşkil edir. Müqaviləyə əsasən, borcun gecikdirilməsinə görə 2% cərimə tətbiq oluna bilər. Bu halda, gündəlik cərimə 99.28 manat (2% × 4964 / 100) x 330 gün üçün ümumi cərimə 32,762.40 manat.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

9. Cavabdehin nümyəndəsi məhkəmə iclasında iddianı qismən qəbul edərək, əsas borcun tələb edilməsi hissəsində iddianı qəbul etdiklərini, cərimənin tələb edilməsi hissəsində isə qəbul etmədiklərini bildirdi.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

14. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

15. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

İşə baxan məhkəmənin mövqeyi:

16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

18. İşin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında yüklərin daşınması ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmçinin, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh Türkiyə Respublikasından (İstanbul şəhəri) Bakı şəhərinə ona məxsus metal helizon yeşiklərdən ibarət yükün daşınaraq Bakı şəhəri, Z.Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” ünvanında təhvil verilməsini sifariş vermişdir. Həmin daşınma ilə əlaqədar iddiaçı tərəfindən ümumilikdə 4964 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə 1 ədəd elektron qaimə-faktura göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də yükün daşınaraq göstərilən ünvanda təhvil verilməsini, lakin daşıma xərcini ödəmədiklərini etiraf etmişdir.

19. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

20. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olduğundan iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn daşıma haqqının ödənilməsini tələb etmək hüququnu realizə edir.

21. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə haqqın ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

22. Lakin məhkəmə hesab edir ki, iddia cərimənin tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

23. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

24. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 250 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 4964 manat əsas, 250 manat cərimə olmaqla, ümumilikdə 5214 manat pul vəsaiti və ödənilmiş 29 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 175 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar