Məhkəmə qərarları › İş №e-2-2(113)-5142/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5142/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5142/2022 26.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 2 noyabr 2020-ci il tarixli 07-İ-2020-0009 nömrəli icarə müqaviləsi üzrə yaranmış 19596,36 manat məbləğində pulun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2 noyabr 2020-ci il tarixli 07-İ-2020-0009 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən “ASK Villa” adlanan binada ümumi sahəsi 52.5 kv.m olan iaşə (kafe) obyektini 11 ay müddətinə icarəyə götürməyi və 1.050 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 19.596,36 manat icarə haqqı borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Bununla əlaqədar olaraq tərəflər arasında imzalanmış 1 iyul 2022-ci il tarixli xitam razılaşması ilə Müqaviləyə 1 iyul 2022-ci il tarixindən xitam verilmiş və cavabdeh borcunu etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 18 may 2022-ci il tarixli 11-2022-0062 nömrəli pretenziya məktubu ünvanlanaraq Müqavilə üzrə yaranmış 18.900 manat məbləğinin ödənilməsi tələb olunmuş, cavabdeh bu günə kimi ödəniş etməmişdir. Daha sonra cavabdehə 16 iyun 2022-ci il tarixli 11-2022-0082 nömrəli mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində təklifə münasibət bildirilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Piriyeva iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə öhdəliklərin verilməsinə dair razılaşma imzalansa da, həmin razılaşmanın hazırkı işə hər hansı aidiyyatı yoxdur, həmin razılaşma üzrə öhdəliklər tərəflərindən tam şəkildə yerinə yetirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə1 iddia ərizəsinə etiraz edib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə obyekti müqavilənin qüvvədə olduğu müddət ərzində onların sahiblik və istifadəsində olmasına baxmayaraq icarə obyektinin rəsmi şəkildə təhvil-təslimi aparılmamışdır. Bundan əlavə, tərəflər arasında xx.xx.2022-ci il tarixdə öhdəliklərin verilməsinə dair razılaşma imzalanmış, həmin razılaşmada da iddiaçının cavabdehə borcu olduğu göstərilmişdir. Həmin borc tam şəkildə ödənildikdən sonra tələb edilən icarə haqqı tərəflərindən ödəniləcəkdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçının adından 02 iyun 2020-ci il tarixli 001-T/20 saylı tapşırıq müqaviləsi əsasında "xxxx" MMC (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli 07-İ-2020-0009 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən müqavilənin 1.3-cü bəndində göstərilən qeyri-yaşayış sahəsini icarəçiyə ofis kimi istifadə etmək məqsədi ilə icarəyə verir, icarəçi isə icarə obyektini ona zərər vurmadan ofis kimi istifadə məqsədi ilə icarəyə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən icarə obyekti ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində olan 52,5 kv.m ibarət sahədir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə obyekti icarəçiyə təhvil veriləndən sonra ƏDV daxli, hər kv.m görə 20 manat olmaqla, aylıq icarə haqqı 1050 manat təyin edilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyul 2022-ci il tarixli 02 noyabr 2020-ci il tarixli 07-İ-2020-0009 nömrəli icarə müqaviləsinin xitamı haqqında razılaşmaya əsasən tərəflər qarşılıqlı razılığa gəlirlər ki, aralarında bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə uyğun olaraq 01 iyul 2022-ci il tarixindən xitam verilir. Razılaşmanın 2-ci bəndinə əsasən icarəçi müqavilə üzrə yaranmış 19596,36 manat borc məbləğini etiraf edir. Razılaşma 01 iyul 2022-ci il tarixindən qüvvəyə minir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 18 may 2022-ci il tarixli 11-2022-0062 nömrəli pretenziya məktubuna əsasən iddiaçı cavabdehlə aralarında bağlanmış 02 noyabr 2020-ci il tarixli 07-İ-2020-0009 saylı icarə müqaviləsinə əsasən yaranmış borcun cavabdeh tərəfindən ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı (vəkalət verən) "xxxx" MMC (vəkalət alan) arasında bağlanmış 03 may 2021ci il tarixli 01T/21 nömrəli tapşırıq müqaviləsinə əsasən bu müqavilə üzrə vəkalət alan vəkalət verənin tapşırığı əsasında vəkalət verənin mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş əmlaklara dair müqavilənin 1.2ci bəndində nəzərdə tutulmuş xidmətləri göstərir, vəkalət verən isə göstərilən xidmətlərin müqabilində vəkalət alana bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqını ödəyir. Sözügedən müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli Əlavəyə əsasən vəkalət alan vəkalət verənin mülkiyyətində olan aşağıdakı əmlaklara dair xidmət göstərməyi öz öhdəsinə götürür: - ünvan 2 ünvanında yerləşçən, ümumi sahəsi 12880,06 kv.m olan əmlak kompleksi (Amay” Ticarət Mərkəzi); - Bakı şəhəri. Yasamal rayonu, Tbilisi pr., 35, məhəllə 1033 ünvanında yerləşən, ümumi sahəsi 19993,6 kv.m olan qeyri-yaşatış binası (“ASK Plaza” işgüzar əlaqələr mərkəzi) - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 8871,2 kv.m olan qeyri-yaşayış binası (“ASK Villa” işgüzar əlaqələr mərkəzi); - Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 2023-cü məhəllə, 96 A ünvanındakı Əmlak Kompleksi. Torpaq sahəsinin katerqoriyası (məqsədili təyinatı): Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar. Torpaq sahəsinin rəsmi ölçüsü: 088168 ha, Daşınmaz əmlakın reyestr nömrəsi **********63-12301. - ünvan 5 ünvanındakı Əmlak Kompleksi kimi müəssisə. Torpaq sahəsinin kateqoriyası (məqsidli təyinatı): Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar. Torpaq sahəsinin rəsmi ölçüsü: 0,75469 ha, Daşınmaz əmlakın reyestr nömrəsi: **********74-12301 - ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1099,6 kv.m olan qeyri-yaşayış binası. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001-T/20 nömrəli tapşırıq müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçinin mülkiyyətində olan və bu müqavilənin tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilmiş əmlaklara dair müqavilənin 1.2-ci bəndinə nəzərdə tutulmuş xidmətləri göstərir. Sifariş isə göstərilən xidmətlərin müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqını ödəyir. Sözügedən müqaviləyə 1 nömrəli əlavətə əsasən icraçı sifarişçinin tapşırığına əsasən sifarişçinin mülkiyyətində olan aşağıdakı əmlaka dair xidmət göstərməyi öz öhdəsinə: - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 12880,06 kv.m olan əmlak kompeksi (“AMAY” Ticarət Mərkəzi) - Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35, məhəllə 1033 ünvanında yerləşən, ümumi sahəsi 19993,6 kv. olan qeyri-yaşayış binası (“ASK Plaza” işgüzar əlaqələr mərkəzi) - Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr. 33, məhəllə 1033 ünvanında yerləşən, ümumi sahəsi 8871,2 kv.m olan qeyri-yaşayış binası (“ASK Villa” işgüzar əlaqələr mərkəzi). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 8871,2 kv.m olan əmlak kompleksi "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən cavabdehə icarə müqaviləsi üzrə EBBC 057573 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 117174 nömrəli xx.xx.2021-ci il tarixli, EBBS 279908 nömrəli xx.xx.2022-ci il tarixli, EBAY 292118 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 358988 nömrəli xx.xx.2021-ci il tarixli, EBBP 479273 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 617783 nömrəli xx.xx.2022-ci il tarixli, EBBG 741966 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 787920 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 797498 nömrəli xx.xx.2021-ci il tarixli, EBAT 804376 nömrəli xx.xx.2020-ci il tarixli, EBBİ 831805 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 878329 nömrəli xx.xx.2021-ci il tarixli, EBAV 88763 nömrəli xx.xx.2021-ci il tarixli, EBBT 888894 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 906493 nömrəli xx.xx.2022-ci il tarixli, EBAW 973468 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 964607 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli 07-İ- 2020-0009 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 19596,36 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19596,36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə öhdəliklərin verilməsinə dair razılaşma imzalanmış, həmin razılaşmada da iddiaçının cavabdehə borcu olduğu göstərilmişdir. Həmin borc tam şəkildə ödənildikdən sonra tələb edilən icarə haqqı tərəflərindən ödəniləcəkdir. Cavabdeh iddiaya qarşı etirazının əsası kimi aşağıdakıları sənədləri təqdim etmişdir: Cavabdeh (kreditor), iddiaçı (borclu) və "xxxx" MMC (öhdəliyi qəbul edən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli R-7/22 saylı öhdəliklərin verilməsinə dair müqaviləyə əsasən borclu kreditor ilə bağladığı xx.xx.2019-cu il tarixli X6/19 nömrəli, xx.xx.2021-ci il tarixli X22/21 nömrəli, xx.xx.2021-ci il tarixli A07/21 nömrəli 1C lisenziyalı proqram təminatının quraşdırılması, bank hesablarının 1C lisenziyalı proqram təminatının quraşdırılması, bank hesablarının 1C ERP sisteminə inteqrasiya edilməsi xidmətlərinin göstərilməsinə və elektron sənəd dövriyyəsi proqram təminatı üzrə lisenziyanın alqısatqısına dair müqavilələr üzrə kreditor tərəfindən göstərilmiş xidmətlərə və alınmış mala görə bu razılaşmanın 1.2-ci bəndinə qeyd olunan məbləğin ödənilməsi öhdəliyini öhdəliyi qəbul edənə verir. Öhdəliyi qəbul edən borclunun müqavilə üzrə sözügedən öhdəliyinin icrasını öz üzərinə götürür. Kreditor isə borclunun öhdəliklərinin öhdəliyi qəbul edənə verilməsinə razılıq verir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixə qarşılıqlı öhdəliklər barədə üzləşmə aktına əsasən cavabdehin iddiaçıya olan borcu 2006 manat təşkil edir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və bununla bağlı bildirir ki, tərəflərin qarşılıqlı razılığı ilə borclunun (iddiaçı) kreditor (cavabdeh) qarşısında olan Razılaşmada göstərilən öhdəliyi kreditorun (cavabdeh) razılığı ilə üçüncü şəxsə ötürülmüş, hazırda Razılaşmanın 1.2-ci bəndində göstərilən borcun ödənilməsi iddiaçının deyil, öhdəliyi qəbul edən "xxxx" MMC-nin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, cavabdehin əvəzləşdirilməsini istədiyi öhdəliklərdə tərəflər fərqli olduğu üçün öhdəliklərin əvəzləşdirilməli olması barədə cavabdehin dəlili əsassızdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19596,36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28 iyul 2022-ci il tarixli MŞB/12-00026 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 19596,36 (on doqquz min beş yüz doxsan altı manat otuz altı qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar