Məhkəmə qərarları › İş №e-2-2(113)-5156/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5156/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5156/2024 27.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 oğuna, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, öhdəliyin icrası, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada onun xeyrinə 002A********** saylı kredit müqaviləsi üzrə 2462.27 manat kredit bоrcu, 326.72 manat faiz bоrcu və 94.56 manat cərimə olmaqla, ümumilikdə cəmi 2883 manat 55 qəpik məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 48 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 002A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2037.73 manat ödəniş etmiş və оnun iddiaçıya 2462.27 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 192 gün üçün hesablanmış faiz borcu 326.72 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 192 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 94.56 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 002A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh2 ümumi məbləği 4500 manat olan aylıq faiz dərəcəsi 2.0833% olmaqla 24 ay müddətinə kredit ayırmışdır. Müqavilənin 4.2.3-cü maddəsinə əsasən bank kredit alan tərəfindən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə hesablamaq hüququna malikdir. Kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli 002A**********S saylı Sazişin 1-ci bəndinə əsasən Bank ilə Kredit Alan arasında bağlanmış 05 aprel 2022-ci il 002A********** saylı kredit müqaviləsi üzrə Kredit Alan götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan 30 mart 2023-cü il tarixli Ödəniş planına uyğun olaraq Ödəniş planında göstərilən müddətdə və tarixlərdə Banka ödəməlidir. xx.xx.2024-cü il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 2462,27 manat məbləğində əsas bоrcu, 326,72 manat məbləğində faiz bоrcu və 94,56 manat məbləğində cərimə borcu, cəmi 2883,55 manat borcu vardır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002G**********02 saylı zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı və Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002G**********01 saylı zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı və Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh3 arasında imzalanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2023-cü il tarixli 002G**********01S saylı Sazişin 1-ci bəndinə əsasən Bank ilə Zamin arasında 05 aprel 2022-ci il tarixdə bağlanmış 002G**********01 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək həmin preambulaya əlavə edilərək, kreditin müddəti 19 ay təşkil etmişdir. İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında imzalanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2023-cü il tarixli 002G**********02S saylı Sazişin 1-ci bəndinə əsasən Bank ilə Zamin arasında xx.xx.2022-ci il tarixli 002G**********02 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək həmin preambulaya əlavə edilərək, kreditin müddəti 19 ay təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 002A**********5 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 4500 manat olan aylıq faiz dərəcəsi 2.0833% olmaqla verilmiş kreditə görə Cavabdeh2 05 may 2022-ci il tarixdən 05 aprel 2024-cü il tarixinə qədər hər ayın 5-i 241 manat, sonuncu ay 244,78 manat ödəməlidir. xx.xx.2022-ci il tarixli 002A**********5 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 2903,31 manat olan aylıq faiz dərəcəsi 2.3333% olmaqla verilmiş kreditə görə Cavabdeh2 05 aprel 2023-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixinə qədər hər ayın 5-i 238 manat, sonuncu ay 242,02 manat ödəməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən 4500 manat məbləğində aylıq faiz dərəcəsi 2.0833% olmaqla 24 ay müddətinə kredit vermişdir Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının xx.xx.2022ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən 2462,27 manat məbləğində əsas borc və 326,72 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2022-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən hesablanmış 94,56 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən 94,56 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 94,56 manat məbləğində dəbbə pulu tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 48 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən 2462,27 manat məbləğində əsas bоrc, 326,72 manat məbləğində faiz bоrcu, 94,56 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2883 (iki min səkkiz yüz səksən üç) manat 55 (əlli beş) qəpik məbləğində bоrc və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar