Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5157/2025 10.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2025-ci il tarixli, 11-A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Satıcı (iddiaçı) qara metal məmulatlarının adını, miqdarını və qiymətini müqaviləyə əlavədə ((X3) həmin protokol bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir)) göstərir və satışını həyata keçirir, Alıcı (cavabdeh) isə malı qəbul edib əvəzində bu müqavilənin şərtləri ilə müəyyən edilmiş malların dəyəri miqdarında ödənişi Satıcıya nağdsız qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.1. 2.2.1-ci bəndinə əsasən, Alıcıya müqavilənin 3.1-ci bəndində müəyyən edilən qaydada təhvil vermək Satıcının vəzifəsidir; 1.2. 3.1-ci bəndinə əsasən, Satıcı müqavilənin şərtlərinə uyğun olaraq təhvil verilmiş mala görə hesab-faktura, elektron qaimə faktura, qiymətlərin razılaşdırlması protokolu və Təhvil-Təslim Aktı tərtib edir və və Alıcıya təqdim edir; 1.3. 3.2-ci bəndinə əsasən, Satıcı malı Alıcıya təqdim etdikdən sonra Alıcı 10 iş günü müddətində malın dəyərini nağdsız qaydada Satıcının bank hesabına köçürməlidir.
2. Tərəflər arasında xx.xx.2025-ci il tarixli, 11-A saylı alqı-satqı müqaviləsi əsasında bağlanmış və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli X1 görünür ki, tərəflər dəmir çubuqlar ∅8 (kataпka-CT1ПC) təyinatlı malların 1 tonunun qiyməti 1050 manat olmaqla, 25 ton miqdarda cəmi 30975 manat (26250 manat əsas + 4725 manat ƏDV məbləği) dəyərində cavabdehə satılmasını razılaşdırmışlar.
3. Həmçinin, iddiaçı tərəfindən 30975 manat dəyərində (1 tonu 1050 manat olmaqla 25 tonu 26250 manat, ƏDV məbləği 4725 manat təşkil etməklə) dəmir çubuq ∅8 (kataпka- CT1ПC) təyinatlı malların cavabdehə təhvil verilməsinə dair xx.xx.2025-ci il tarixli 22-A nömrəli hesab-faktura tərtib edilmiş, eyni zamanda hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməklə xx.xx.2025-ci il tarixdə göstərilən həcmdə və qiymətdə “Malların Təhvil-Qəbul Aktı” tərtib edilmişdir.
4. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-təslim aktı ilə tərəflər X2 göstərilən həcmdə və qiymətdə malların cavabdehə təhvil verilməsini öz səlahiyyətli nümayəndələrinin imzası və möhürü ilə təsdiq etmişlər.
5. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli MT2501 seriyalı, 11016166 nömrəli cəmi (ƏDV daxil) 30975 manat məbləğində elektron qaimə göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı 26250 manat pul məbləğinin, onun gecikdirilməsinə görə 1312,5 manat faizin, 172,69 manat dövlət rüsumunun və 320,0 manat vəkil xərcinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli 11-A nömrəli alqı satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən ƏDV ilə birlikdə 30975,0 manat dəyərində müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlıİddiaçı MMC tərəfindən elektron qaimə fakturalar göndərilmiş və həmin fakturalar təsdiq edilmişdir. Bundan başqa malların təhvil verilməsi ilə bağlı tərəfələr arasında təhvil təslim aktları imzalanmışdır. Hazırda İddiaçı MMC tərəfindən satılmış mallara görə Cavabdeh MMC-nin ümumilikdə 26250 manat borcu vardır. 26250 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilmədiyi üçün həmin vəsaitin, pul məbləğinin gecikdirilməsinə görə 1312,5 manat faizin, 172,69 manat dövlət rüsumunun və 320,0 manat vəkil xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin işirakı olmadan baxılmasını qərara almışdır.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
21. Tərəflər arasında mübahisə cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi ilə bağlıdır.
22. Qanunla da öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən edilmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
23. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
24. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, 11-A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş X3 ilə tərəflər dəmir çubuqlar ∅8 (kataпka-CT1ПC) təyinatlı malların 1 tonunun qiyməti 1050 manat olmaqla, 25 ton miqdarında və 30975 manat (26250 manat əsas + 4725 manat ƏDV məbləği) dəyərində cavabdehə satılmasını razılaşdırmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-təslim aktı ilə X2 göstərilən həcmdə və qiymətdə malların cavabdehə təhvil verilməsi təsdiq edilmişdir. Bununla da iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmişdir.
25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin mallar ona təqdim edildikdən 10 iş günü müddətində malın dəyərini satıcıya ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı 26250 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.
26. Məhkəmə faiz formasında cərimənin tələb edilməsi ilə bağlı dəlilləri və hüquqi əsasları nəzərdən keçirərək hesab edir ki, cərimə tələbi hüquqi baxımdan əsaslı olsa da, həcmi iddiaçı tərəfindən əssassız olaraq şişirdilməklə irəli sürülmüşdür. Məhkəmə cərimənin hüquqi əsasları ilə bağlı qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun qanunda və ya müqavilədə müəyyən edİlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
27. Cərimənin həcminə gəldikdə isə, məhkəmə həm öhdəliyin icra edilməməsi müddətini, həm də həcmini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cərimə məbləği həddindən artıq hesablanmışdır. Odur ki, məhkəmə şərh edilənləri nəzərə alaraq cərimənin əsas borca nisbətdə 5% məbləğində hesablanmaqla 546,87 manat (xx.xx.2025-ci il tarixli akt üzrə gecikdirilmiş 5 ay üzrə hesablanmaqla) məbləğində tutulmasını daha ağlabatan hesab edir.
28. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən Bakı şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil hesabına 320 manat, işə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 173,09 manat (qəbz nömrəsi: **********2) dövlət rüsumu ödənilmişdir.
29. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 26250 əsas borc, borcun gecikdirilməsinə görə hesablanmış 546,87 manat faiz borcu, hüquqi xidmətə görə ödənilmiş 320 manat, cəmi 27116,87 manat və ödənilmiş 172,69 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı