Məhkəmə qərarları › İş №e-2-2(113)-5162/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5162/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5162/2023 12.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, zaminlik müqaviləsi, prosessual maraq, mediasiya xərci, hüquqi yardım xərci, vergini ödəmək vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 08 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə 14245,6 manat icarə haqqının, 2564,22 manat əlavə dəyər vergisinin və 200 mediasiya xərcinin, 150 manat hüquqi yardım xərcinin müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2.1. iddiaçı ilə cavabdeh arasında 08 oktyabr 2022-ci il tarixli 1030 nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı özünə məxsus olan əmlakı cavabdehin istifadəsinə verməyi, cavabdeh isə icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh bu günədək borcu ödəməkdən yayınmışdır. 2.2. Bununla yanaşı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 iddiaçı ilə cavabdeh arasında bağlanmış adıçəkilən icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. 2.3. Hər iki cavabdehə müqavilələr üzrə üzərlərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, cavabdehlərə pretenziya qaydasında müraciət edilərək müqavilə üzrə yaranmış borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Həmçinin cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, Mediasiya Şurasının Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 1096.1, 470-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin suallarına cavab qeyd etdi ki, 08 oktyabr 2022-ci il tarixli 1030 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş olunmamış, icarə obyektləri isə iddiaçı tərəfindən geri alınmışdır. Tələb olunan pul icarə haqqına görə hesablanmış məbləğlərdir.

6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehlərin “Elektron məhkəmə” informasiya sistemində və X2 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmiş, müvafiq olaraq hüquqi ünvana göndərilmişdir. Həmçinin Cavabdeh1 MMC-nin qanuni təmsilçisi və Cavabdeh2 mobil telefon nömrələrinə məhkəmə iclaslarının yeri və vaxtı barədə “SMS” bildirişlər çatdırılmış, telefonoqramlar ötürülmüşdür. Lakin məhkəmə iclaslarında cavabdehlər iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcarəyə verən qismində) ilə Cavabdeh1 MMC (İcarəçi qismində) arasında bağlanmış 08 oktyabr 2022-ci il tarixli 1030 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, icarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür (1.1). Aylıq icarə haqqı Tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir (2.1). İcarə müddətinin ilk ayı tam olaraq hesablanılır (2.2). Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra İcarə haqqının hesablanması başlayır (2.3). İcarəçi İcarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq İcarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür (2.4). Bütün vergilər İcarəçi tərəfindən ödənilir (2.5). Əmlakın montaj və sökmə işləri və daşınma haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin əlavələrindəki kimi müəyyən edilir (2.6). Əmlakın təhvil verilməsi hər iki Tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir (4.1). Təhvil-təslim aktında əmlakın cari təmir vəziyyəti, əmlakların siyahısı və dəyəri (ölçü, qiymət, həcm və s.) öz əksini tapır. Əmlak İcarəyə verənə təhvil verildiyi vəziyyətdə geri qaytarılmalıdır (4.2).

11. Adıçəkilən icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavədən (razılaşma protokolu) görünür ki, ƏDV xaric 1 ədəd 4,5 metr dirəyin icarə haqqı 1,5 manat, 1 ədəd 6,3 metr dirəyin icarə haqqı 2,5 manat, 1 ədəd işlənmiş “çiloz”un icarə haqqı 0,2 manat olaraq razılaşdırılmışdır.

12. Sözügedən müqaviləyə xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavədən (razılaşma protokolu) görünür ki, ƏDV xaric 1 ədəd 1,80x1,50 ölçülü “iskələ”nin icarə haqqı 3 manat, 1 ədəd “əkləmə”nin icarə haqqı 0,4 manat, 1 ədəd alt “ayar” milinin icarə haqqı 1,5 manat, 1 ədəd üst “ayar” milinin icarə haqqı 1,5 manat, 1 cüt çarpaz qolun icarə haqqı 1 manat olaraq şərtləşdirilmişdir.

13. Məhkəməyə təqdim edilən iddiaçı ilə Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Cavabdeh1 MMC şirkətinə zamin duran Cavabdeh2, X5 və Cavabdeh1 MMC arasında xx.xx.2022 tarixli 1030 saylı İcarə Müqavilələri ilə müəyyən edilmiş əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür (1-ci bənd). Müqaviləyə görə İcarəçi qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin İcarəyə verənin qarşısında İcarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır (2.1). Zamin İcarəçinin qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında İcarəyə verənin bildirişini aldığı gündən 5 (beş) gün ərzində X1 qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur (2.2). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar (2.3).

14. İş materiallarına əlavə edilən təhvil-təslim aktlarından görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli aktlar icarə müqaviləsi ilə razılaşdırılmış icarə obyektlərinin Cavabdeh1 MMC tərəfindən müxtəlif saylarda təhvil alınması üçün tərtib edilmişdir.

15. İş materiallarında olan xidmətlər (icarə dəyəri) haqqında aktlardan görünür ki, icarə haqqının dəyəri PR2721-2211HZ nömrəli aktla 3000 manat, xx.xx.2022-ci il tarixli PR2721-2211 nömrəli aktla ƏDV daxil 2423,7 manat, xx.xx.2022-ci il tarixli PR2721-2212 nömrəli aktla ƏDV daxil 4016,83 manat, xx.xx.2023-cü il tarixli PR2721-2301 nömrəli aktla ƏDV daxil 3605,47 manat, xx.xx.2023-cü il tarixli PR2721-2302 nömrəli aktla ƏDV daxil 2226,2 manat, xx.xx.2023-cü il tarixli PR2721-2303 nömrəli aktla ƏDV daxil 785,74 manat, xx.xx.2023-cü il tarixli PR2721-2304 nömrəli aktla ƏDV daxil 211,88 manat olaraq hər iki hüquqi şəxsin möhürü vurulmaqla təsdiqlənmişdir.

16. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” altsistemindən çıxarışlardan (o cümlədən elektron qaimələrdən) görünür ki, xx.xx.2022-ci il tarixli EBCH 335621 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 3540 manat, xx.xx.2023-cü il tarixli EBCM 690245 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 4016,83 manat, xx.xx.2023-cü il tarixli EBCK 313630 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 2423,7 manat, xx.xx.2023-cü il tarixli EBCO 280523 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 3605,47 manat, xx.xx.2023-cü il tarixli EBDB 282399 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 2226,2 manat, xx.xx.2023-cü il tarixli EBDC 970498 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 785,74 manat, xx.xx.2023-cü il tarixli EBDF 210399 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 211,88 manat olmaqla ümumilikdə 16809,82 manat icarə haqqının rəsmiləşdirilməsi üçün tərtib edilmişdir

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 08 oktyabr 2022-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus olan, müqaviləyə əlavələrlə razılaşdırılan əmlakı cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada, bütün vergilərlə birlikdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyektləri xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il tarixli aktlarla cavabdehə təhvil verilmiş, tərəflər xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay üçün akt tərtib etməklə ümumilikdə 16809,82 manat icarə haqqını təsdiq etmiş, iddiaçı tərəfindən cavabdehə qeyd olunan aktlara uyğun olaraq elektron qaimələr təqdim edilmiş, qeyd olunan müvafiq qaydada təsdiqlənmişdir.

18. İddiaçı adıçəkilən icarə müqaviləsi üzrə 16809,82 manat icarə haqqını (ƏDV daxil olmaqla) tələb edir.

19. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

20. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

23. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

24. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

25. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

26. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

27. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

28. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş və belə olan halda da iddiaçının icarəçidən – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

29. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

30. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

31. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

32. Göstərilənlərə əsasən və xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin şərtlərini nəzərə almaqla məhkəmə qeyd edir ki, Cavabdeh2 digər Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımalıdır.

33. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Bu isə onun öhdəlikləri üçün birgə məsuliyyət daşıyan zaminin də vəzifəsini ehtiva edir.

38. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 14245,60 manat icarə haqqı və 2564,22 manat ƏDV cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

39. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 150 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

40. İddia ərizəsinə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli, MŞB/18/2023-01303 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

41. İş materiallarına əlavə edilmiş 261850 nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 150 manat məbləğində pul iddiaçı tərəfindən Vəkil ödənilmişdir.

42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 115.0, 115.0.9 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

44. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

45. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

48. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), təyin olunmuş məhkəmə iclaslarının sayını və vəkilin əksər iclaslarda iştirak etdiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

49. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan pulun ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 150 manat pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir..

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1030 saylı icarə müqaviləsi üzrə 14245 (on dörd min iki yüz qırx beş) manat 60 (altmış) qəpik borc, 2564 (iki min beş yüz altmış dörd) manat 22 (iyirmi iki) qəpik ƏDV daxil olmaqla ümumilikdə 16809 (on altı min səkkiz yüz doqquz) manat 82 (səksən iki) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar