Məhkəmə qərarları › İş №e-2-2(113)-5163/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5163/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5163/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8.260 manat əsas pul məbləği, 421,26 manat cərimə, 220 manat vəkilə ödənilmiş xidmət haqqı və məhkəməyə ödənilmiş 110 manat dövlət rüsumunun, ümumilikdə 9.011,28 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “İcraçı” qismində İddiaçı MMC (İddiaçı) ilə “Sifarişçi” qismində Cavabdeh MMC (Cavabdeh) arasında xx.xx.2023-cü il tarixli TCS- C122/23 nömrəli Təlim xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdehin əməkdaşlarına TCS/L/23/664 və TCS/L/707 (Betonçu) təlimi keçirilmişdir. xx.xx.2023-cü il tarixdə 8 nəfərə keçirilmiş təlimin xx.xx.2023-cü il tarixli Qiymətlərin razılaşdırılma protokoluna əsasən ƏDV daxil 2.360 manat təşkil etmişdir və PO 244/23 əsasında İşlərin tamamlanmasına dair xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə 20 nəfərə keçirilmiş təlimin xx.xx.2023-cü il tarixli Qiymətlərin razılaşdırılma protokoluna əsasən ƏDV daxil 5.900 manat təşkil etmişdir və PO 259/23 əsasında İşlərin tamamlanmasına dair xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Təlimdə iştirak edən şəxslər, ad-soyadları, şəxsiyyət vəsiqəsinin seriya-nömrəsi, doğum tarixlərini və mobil nömrələrini qeyd edərək “kursda iştirak vərəqini” (X1) imzaları ilə təsdiq etmişlər. Qeyd olunan məbləğlərin ödənilməsi məqsədilə tərəfindən hesab fakturalar və elektron qaimələr təqdim edilmiş və Cavabdeh tərəfindən həmin qaimələr qəbul edilmişdir. Ödəniş sənədlərinin təqdim edilməsinə baxmayaraq, Sifarişçi müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Təqdim edilən sənədlər əsasında 8.260 (ƏDV daxil) manat məbləğində borc yaranmışdır və borc bu günədək ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli TCS-C122/23 nömrəli Təlim xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.

8. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi sifariş verir, icraçı isə hazırkı müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə sifarişçinin işçilərinə müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşdırma protokolunda öz əksini tapmış siyahı üzrə xidmətlərin keçirilməsi öhdəliyini öz üzərinə götürür.

9. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.

10. Məhkəmə qeyd edir ki, müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

11. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

12. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

13. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDP seriyalı, 802789 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2.360 manat və EBDR seriyalı, 202265 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 5.900 manat olan elektron qaimələr göndərilmişdir.

14. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 8.260 manat təşkil edir.

15. Bundan başqa, işdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 8.260 manat olan xx.xx.2023-cü il tarixli (5.900 manat) və xx.xx.2023-cü il tarixli (2.360 manat) invoyslar göndərilmişdir.

16. Hazırda isə iddiaçı tərəf də 8.260 manat məbləğində pulun tutulmasını xahiş edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

18. Cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, xidmətin dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə hesab edir ki, elektron qaimələrdə qeyd olunmuş dəyərdə xidmət cavabdehə göstərilmişdir.

20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 8.260 manat məbləğində borcun tələb edilməsi hissəsində əsaslıdır.

21. Məhkəmə 733 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icraçının hüququ vardır ki, hər gecikən gün üçün hesab-fakturada qeyd olunmuş məbləğin 0,1%-i qismində cərimə tələb etsin.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 421,26 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

25. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 220 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən vəkil xərcinin əvəzi olaraq 12 saylı Vəkil Bürosunun hesabına 660 manat məbləğində pul ödənmişdir.

27. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********98 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 110 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

28. Lakin məhkəmə hesab edir ki, iddia tələbinə uyğun olaraq dövlət rüsumunun əvəzi olaraq 106,81 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli TCS-C122/23 nömrəli Təlim xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən əsas borc üzrə 8.260 (səkkiz min iki yüz altmış) manat, cərimə borcu üzrə 421 (dörd yüz iyirmi bir) manat, 26 (iyirmi altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 220 (iki yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106 (bir yüz altı) manat, 81 (səksən bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar