Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5174/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc, borcun silinməsi, abonent kodu, akt) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavadeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent hesabına xx.xx.2022-ci il tarixli NDQ № 013041 saylı akt əsasında hesablanmış 5781 (beş min yeddi yüz səksən bir) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) Bakı şəhəri, Qaradağ rayonu Sənqaçal qəsəbəsində istehsal fəaliyyəti ilə məşğuldur. Həmin istehsal müəssisəsində əvvəlki illər üzrə istehlak olunan elektrik enerjisinin haqqı mütəmadi olaraq vaxtı-vaxtında ödənilmiş, bu istehlakla bağlı hər hansı yığılmış borcu olmamışdır. Cavabdeh enerji təchizatı müəssisəsinin İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq istifadəsində olan istehsal müəssisəsində elektrik enerjisinin istehlakında guya ki, iddia etdiyi pozuntuların aşkarlanmasına dair yoxlamaları və yüksək məbləğli cərimə qismində sərfiyyat-borc göstəricisi tətbiq etməsi qanunsuzdur. Belə ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və vergi ödəyicisi kimi reyestrdə qeydiyyata alınmış, ona ********** saylı VÖEN verilmişdir. Belə olan halda cavabdeh enerji təchizatı müəssisəsi tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilərkən qanunvericiliyin bir çox tələblərinin pozulduğu bəlli olur. Enerji təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh "xxxx" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotunu, “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan və onu sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmədən, birbaşa iddiaçıya məxsus təsərrüfat subyektində quraşdırılmış elektrik sayğacını yoxlayaraq, onu müdaxilə adı ilə çıxarıb yenisi ilə əvəz etmiş və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 3.2, 13.1-13.4-cü maddələri və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4,1.5 və 5.2-ci bəndləri qeyd olunmuşdur.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, sayğac abonentin balans mənbəyində quraşdırılmış, sərfiyyat qeydə alınmadığından sayğaca baxış keçirilmiş, üst qapağın gövdədən aralandığı müəyyən olunmuş, xx.xx.2022ci il tarixli, NDQ № 013041 saylı akt tərtib olunmuş, sayğac çıxarılaraq laborator yoxlamaya göndərilmiş, xx.xx.2022-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. Müayinə nəticəsində sayğacın işləmədiyi müəyyən olunmuş, hesablama aparılaraq 5781,20 manat abonentin hesabına daxil edilmişdir. Yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda nümayəndə bildirmişdir ki, abonent barəsində xx.xx.2022-ci il tarixdə akt tərtib olunsa da, NDQ № 013041 saylı akt əsasında xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə hesablamanın aparıldığı nəzərə alınaraq xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə abonentə ödəniş sənədi təqdim edilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Məhkəmənin mövqeyi:
7. İş materiallarında olan istehlakçı İddiaçı məxsus 02/3-0484 saylı abunə kodu üzrə tərtib olunmuş 15 iyul 2022-ci il tarixli, NDQ № 013041 saylı aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən karxanaya baxış zamanı “Viko” tipli ******* nömrəli sayğacın baxış tablosunun söndüyü, üst qapağın gövdədən aralandığı, sayğacın yaddaşının oxunmasının mümkün olmadığı müəyyən olunmuş və sayğacın yenisi ilə əvəz olunması, çıxarılan sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilməsi tələbi qoyulmuşdur.
8. İş materiallarında olan "xxxx" ASC-nin Laboratoriya Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 004796 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokolundan görünür ki, 02/3-0484 saylı abunə kodu üzrə ******* nömrəli sayğacın daxili sxeminin qısa qapanma nəticəsində yandığı, sayğacın işləmədiyi, istehsalata yararsız olduğu qeyd olunmuşdur.
9. Məhkəməyə təqdim edilmiş 21 iyul 2022-ci il tarixli icra vərəqindən görünür ki, 15 iyul 2022-ci il tarixli, NDQ № 013041 saylı akta əsasən günlük sərfiyyat 58.5 kvt, orta günlük iş rejimi 14 saat və hesabat müddəti 81 gün qəbul edilməklə hesabat aparılaraq 57812 kvt itirilmiş sərfiyyat qeyd olunaraq zərərin məbləği 5781,20 manat müəyyən olunmuşdur.
10. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixinə çap olunmuş abunə haqqında məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə NDQ № 013041 saylı akt əsasında 5781,20 manat borc hesablanmış və çap tarixinə ödənilməmiş 6802.65 manat borc mövcuddur.
11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
13. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, (bax yuxarıda §7-10), istehlakçı İddiaçı məxsus 02/3-0484 saylı abunə kodu üzrə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən karxanaya baxış zamanı “Viko” tipli ******* nömrəli sayğacın baxış tablosunun söndüyü, üst qapağın gövdədən aralandığı, sayğacın yaddaşının oxunmasının mümkün olmadığı müəyyən olunmuş, sayğacın yenisi ilə əvəz olunması, çıxarılan sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilməsi tələbi qoyulmuş, "xxxx" ASC-nin Laboratoriya Mərkəzində sayğaca baxış keçirilib 20 iyul 2022-ci il tarixli, 004796 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokol tərtib edilmiş, sayğacın daxili sxeminin qısa qapanma nəticəsində yandığı, sayğacın işləmədiyi qeyd olunmuş, 15 iyul 2022-ci il tarixli, NDQ № 013041 saylı akta əsasən zərərin məbləği 5781,20 manat müəyyən olunmuşdur.
14. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6 və 7-ci hissələrinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
16. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
17. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
18. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
20. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
21. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir.
22. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təbii inhisarçı olan "xxxx" ASC-nin əməkdaşları sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi yerə gəlməklə yoxlama apararaq sayğaca müdaxilə halını aşkar etsə də, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.
23. Vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilmədiyindən məhkəmə hesab edir ki, yoxlamanın hüquqi nəticəsi qanunsuz hesab edilməli və 15 iyul 2022-ci il tarixli NDQ 013041 nömrəli akt əsasında hesablanmış borc silinməlidir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi tam təmin edilməli, 5781,2 manat borc silinməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus **********70001 nömrəli abonent koduna (02/3-0484) 15 iyul 2022-ci il tarixli NDQ 013041 nömrəli akt əsasında hesablanmış 5781 (beş min yeddi yüz səksən bir) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova