Məhkəmə qərarları › İş №e-2-2(113)-5188/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5188/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5188/2025 10.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli İC- 002/2023 saylı icarə müqaviləsinə əsasən, 1,636.97 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 200 manat olmaqla, cəmi 1,836.97 manat məbləğində icarə haqqı borcu, habelə 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanan İC-002/2023 saylı icarə müqaviləsinin xx.xx.2023-cü il tarixli 1 saylı əlavəsinin 1.1-ci maddəsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə ünvan 1 ünvanında yerləşən soyuducu anbarın müəyyən hissəsini icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, aylıq icarə haqqı 300 manat (10 m– in hər kv-a görə 28 manat) (ƏDV daxil) təşkil edir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, sahə 10 kv.m-dan artıq olduğu halda İcarəçi artan hər kv.m üçün əlavə 28 manat ödəyəcək. Müqavilənin 4.3-ci maddəsinə əsasən, icarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0.5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 4-cü maddəsində göstərilən bütün xərcləri vaxtı-vaxdında ödəmək İcarəçinin vəzifəsidir. İddiaçı MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib anbar sahəsini icarəyə verməsinə baxmayaraq Cavabdeh MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli İC-002/2023 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə məlumat verilməyinə baxmayaraq “İcarəçi”nin hələ də müqavilə üzrə 1,636.97 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 200 manat olmaqla, cəmi 1,836.97 manat borcu qalmışdır. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur. Cvabdeh tərəfindən 000AZİ********** saylı, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə 381.36 manat, 000AZİ********** saylı, xx.xx.2024 -cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə 381.35 manat, 000AZİ********** saylı, xx.xx.2023 -cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023 -cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023 -cü il tarixli ödəniş tapşırığı üzrə 391.53 manat, 000AZİ********** saylı, xx.xx.2023 -cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023 -cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023 -cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat icarə haqqı ödənilmişdir. İddiaçı mübahisənin danışıqlar vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh MMC-yəxx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5188/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

4. İş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.

5. İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.

6. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüquqları İddiaçı MMC-nin adına hüquqi qeydiyyata alınmışdır.

9. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli İC-002/2023 saylı icarə müqaviləsinin: 1-ci bəndinə əsasən, «İcarəyə verən» aşağıda göstərilən Soyuducu Anbarın (Abşeron r-nu, Xırdalan şəhəri, Həsən Əliyev pr.(Xırdalan) ev 38) 7 m2 Hissəsini (maksimum 4 ton məhsul saxlaya bilər) «İcarəçiyə» icarəyə verməyi, «İcarəçi» isə həmin Sahəni icarəyə qəbul edərək bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqının «İcarəyə verənə» ödəməyi öhdəsinə götürür. 2-ci bəndinə əsasən, əgər İcarəçi tərəfindən bir ay ərzində saxlanılan məhsulun miqdarı 4 ton-dan artıq olarsa, o zaman artıq olan hər bir ton üçün aylıq olaraq 24 manat (ƏDV daxil) olmaqla əlavə hesablanacaq. 3-cü bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 03 iyul 2023-cü il tarixinədək qüvvədədir. Müqavilə müddətinin bitməsinə 1 ay qalanadək Tərəflər müqavilənin xitamı barədə yazılı bildiriş vermədikdə Müqavilə daha bir 6 ay müddətinə uzadılır və Tərəflər ona xitam verənədək qüvvədə qalır. 4-cü bəndinə əsasən, icarə müddəti tərəflər arasında imzalayan Sahənin verilməsinə dair akta göstərilən tarixdən başlanır. İcarə müddəti bitməsinin tarixi tərəflər arasında imzalayan Sahənin qaytarılmasına dair aktla müəyyən edilir. 5-ci bəndinə əsasən, icarəyə verilən Sahənin normal vəziyyətdə olması «İcarəçinin» iştirakı ilə yoxlanılır və bu, Sahənin verilməsi aktda öz əksini tapmalıdır. 6-cı bəndinə əsasən, icarə haqqı 1 təqvim ayı üçün 70 manat məbləğində müəyyən edilir. 7-ci bəndinə əsasən, «İcarəçi» icarə haqqını «İcarə verənin» hesablaşma hesabına və ya qanunla müəyyən olunan şərtləri riayyət etməklə nəğd ödəyir. Ödəmə müddəti - hər ay üçün həmin ay m 5-i olaraq müəyyən edilir.

10. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli İC-002/2023 saylı icarə müqaviləsinə dair 01 iyun 2023-cü il tarixli 01 saylı Əlavə sazişin: 1.1-ci bəndinə əsasən, “icarəyə verən” İddiaçı MMC-nin əmlakına aid Soyuducu Anbarın (Abşeron r-nu, Xırdalan şəhəri, Həsən Əliyev pr. (Xırdalan) ev 38) Malın yerləşdirilməsi üçün kifayət edən Hissəsini (bundan sonra Sahə) icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin Sahəni icarəyə qəbul edərək bu Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada icarə haqqının icarəyə verənə ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu Müqavilə 6 ay müddətinə bağlanılır. 4.1-ci bəndinə əsasən İcarə Haqqımn hesablanması qaydası aşağıda qeyd edilən formada həyata keçiriləcək: - “İcarəçi” 10 kvadrat metr Sahədə 10 tona qədər Mal saxlaya bilər və Müqavilə qiyməti 300 (üç yüz) manat təşkil edəcək. - Sahə 10 kv.m-dən artıq olduğu halda “İcarəçi” artan hər kv.m görə hər ay əlavə 28 manat ödəyəcək. - Sahədə saxlanılan Malın çəkisi 10 tondan artıq olduğu halda artan hər tona görə 1 gün üçün 1 manat hesablanacaq. 4.2-ci bəndinə əsasən, icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə «icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. 4.3-cü bəndinə əsasən icarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0,5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır. 4.4-cü bəndinə əsasən, icarə haqqının məbləği Tərəflər arasında qarşılıqlı razılaşma yolu ilə dəyişdirilə bilər. 4.5-ci bəndinə əsasən, icarə haqqı hər ayın sonunda təhvil-təslim akta əsasən hesablanacaq və e-qaimə faktına icarəçiyə göndərildikdən sonra 3 iş günü ərzində icarəçi tərəfindən ödənilməlidir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən xx.xx.2022-ci il tarixli EBCK seriyalı, 234369 nömrəli elektron qaimə əsasən yekun məbləğ 54 manat, xx.xx.2023-cü il tarixli EBDN seriyalı, 645630 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2023-cü il tarixli EBDP seriyalı, 701063 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2022-ci il tarixli EBCM seriyalı, 336899 nömrəli elektron qaimə əsasən yekun məbləğ 54 manat, xx.xx.2023-cü il tarixli EBCN seriyalı, 993050 nömrəli elektron qaimə əsasən yekun məbləğ 54 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 029748 nömrəli elektron qaimə əsasən yekun məbləğ 70 manat, xx.xx.2023-cü il tarixli EBDC seriyalı, 693808 nömrəli elektron qaimə əsasən yekun məbləğ 70 manat, xx.xx.2023-cü il tarixli EBDE seriyalı, 689063 nömrəli elektron qaimə əsasən yekun məbləğ 214,50 manat, xx.xx.2023-cü il tarixli, EBDH seriyalı 207189 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 171,71 manat, xx.xx.2023-cü il tarixli EBDİ seriyalı, 982476 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2023-cü il tarixli EBDL seriyalı, 172614 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2023-cü il tarixli EBDS seriyalı, 045367 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 300 manat, xx.xx.2024-cü il tarixli EBDW seriyalı, 759112 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2024-cü il tarixli EBDY seriyalı, 195658 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2024-cü il tarixli EBDZ seriyalı, 987579 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2024-cü il tarixli EBEB seriyalı, 359787 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2024-cü il tarixli EBEC seriyalı 788905 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 300 manat, xx.xx.2024-cü il tarixli EBED seriyalı, 744225 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300 manat, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı, 10158377 nömrəli elektron qaimə əsasən yekun məbləğ 300,0032 manat təşkil etmişdir.

12. Cavabdeh MMC tərəfindən 000AZİ********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə 381.35 manat, 000AZİ********** saylı, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023 -cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı üzrə 254.24 manat, 000AZİ********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə 381.36 manat, 000AZİ********** saylı, xx.xx.2023 -cü il tarixli ödəniş tapşırığı üzrə 391.53 manat icarə haqqı ödənilmişdir.

13. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ASC xx.xx.2024-cü il tarixə müqavilə üzrə əsas borc 1639,97 manat, dəbbə pulu məbləği 200 manat olmaqla cəmi ödənilməli məbləğ 1836,97 manat təşkil etmişdir.

14. xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzinə əsasən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

17. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli İC-002/2023 saylı icarə müqaviləsi və ona xx.xx.2023-cü il tarixli 1 saylı əlavə əsasında iddiaçı (İcarəyə verən) cavabdehə (İcarəçi) Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev prospekti 38 ünvanında yerləşən soyuducu anbarın müəyyən hissəsini icarəyə verməyi, icarəçi isə, müqavilədə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüş, müqavilənin 4.1-ci maddəsinə əsasən, aylıq icarə haqqı 300 manat (ƏDV daxil) müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra edərək anbarın bir hissəsini cavabdehə təhvil versə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək icarə haqqının bir qismini ödəməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə icarə haqqının ödənilməsi üçün elektron qaimələr göndərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, cavabdeh elektron qaimələr üzrə icarə haqqının bir qismini ödəsə də, digərləri üzrə ödənişləri həyata keçirməmiş, nəticədə ƏDV daxil 1636,97 manat icarə haqqı ödənilməmiş qalmışdır. İddiaçı hazırda müqavilə üzrə ödənilməmiş 1636.97 manat əsas borc və həmin məbləğə hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir.

19. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını və cavabdeh tərəfindən edilən ödənişləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 1636,97 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.

20. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

21. İddiaçı eyni zamanda 200 manat cərimə borcunun cavabdehdən tutulmasını tələb edir. Tərəflər arasında bağlanan sazişin 4.3-cu bəndinə əsasən icarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0,5 faiz məbləğində dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur.

22. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

23. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MMin 462.3-cü maddəsi).

24. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq 200 manat dəbbə pulunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.

25. İddiaçı tələbində eyni zamanda ödənilmiş 39 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. İş materiallarına əlavə edilmiş qəbz iddiaçı tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiqləyir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 39 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC–dən 1636.97 manat əsas borc, 200 manat gecikdirilmiş icarə haqqı üçün dəbbə pulu olmaqla, cəmi 1836.97 (min səkkiz yüz otuz altı manat doxsan yeddi qəpik) manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar