Məhkəmə qərarları › İş №e-2-2(113)-5190/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5190/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5190/2025 23.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, prosessual maraq, müqavilənin birtərəfli ləğvi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh oğluna qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 378070-CNS-48963 saylı kredit müqaviləsi üzrə 7605,2 manat əsas borc, 631,07 manat faiz borcu, 186,8 manat cərimə olmaqla ümumilikdə 8423,07 manat məbləğində pulun və ödənilmiş 104,23 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdeh xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (“https://vtb.az/aboutbank/documents/” saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli 378070-CNS- 48963 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” ilə iddiaçıya müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, iddiaçı isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. 2.2. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 8423,07 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 378070-CNS-48963 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi”ndən müəyyən edilir ki, cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni “kredit alan”ın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən «ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) Bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. 2.3. Həmçinin bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 104,23 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Buna görə də dövlət rüsumu da cavabdehdən tutulmalıdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 739.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5190/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 378070-CNS-48963 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək 36 ay ərzində hissə-hissə, illik 22 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan kredit məbləğini təşkil edən 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

12. İddiaçı xx.xx.2023-cü il tarixli 378070-CNS-48963 nömrəli kredit müqaviləsi üzrə 7605,2 manat əsas borc, 631,07 manat faiz borcunun tutulmasını tələb edir.

13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

19. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

23. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

24. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

25. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli 98P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2025-ci il tarixə 631,07 manat faiz borcunu tələb etmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə X1 Sistemi vasitəsilə borcalana çatdırılmışdır.

26. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

27. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

28. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

29. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə borcalan Cavabdeh oğluna pretenziya məktubunu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun borcalan tərəfindən qəbul edildiyi xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

30. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2025-ci il tarixə olan faiz borcunu tələb edir.

31. Məhkəməyə təqdim edilən xx.xx.2023 – xx.xx.2025-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilmiş, həmin ödəniş (1 manat) faiz borcuna silinmişdir.

32. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə əsas borc 7605,2 manat, faiz borcu 631,07 manat qalmışdır.

33. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, xx.xx.2023-cü il tarixli 378070-CNS-48963 nömrəli kredit müqaviləsi üzrə əsas borc 7605,2 manat, iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə 631,07 manat təşkil edir.

34. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 378070-CNS- 48963 nömrəli kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla və edilən ödənişlər çıxılmaqla 7605,2 manat əsas borc, 631,07 manat faiz borcu kimi müəyyən edilməlidir.

35. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 378070-CNS- 48963 nömrəli kredit müqaviləsi üzrə 7605,2 manat əsas borc, 631,07 manat faiz borcu Cavabdeh oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı 186,8 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

37. xx.xx.2023-cü il tarixli 378070-CNS-48963 nömrəli kredit müqaviləsinə əsasən gecikdirilmiş hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə ödənilməlidir.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

40. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır.

41. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 186,8 manat məbləğində pulun müəyyən edilməsi ağlabatan və ədalətlidir və həmin məbləğ Cavabdeh oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

42. İddiaçı eləcə də 104,23 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 104,23 manat dövlət rüsumu ödənilmişdir.

44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Yuxarıda göstərilənlərə əsasən və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104,23 manat pul Cavabdeh oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 378070-CNS-48963 saylı kredit müqaviləsinə əsasən 7605,2 manat əsas borc, 631,07 manat faiz borcu, 186,8 manat cərimə məbləği olmaqla ümumilikdə 8423,07 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104,23 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar