Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5196/2024 13.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.700 manat miqdarında qalıq borcun, 42.480 manat cərimə borcunun, hüquqi xidmət üçün ödənilmiş 500 manat və 280 manat məbləğində dövlət rüsumunun, cəmi 60.960 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Şəxsi İstehsalat və Kommersiya Şirkəti ilə "xxxx" MMC-lə arasında 14 fevral 2023-ci il tarixli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Tərəflər arasında bağlanmış 14 fevral 2023-ci il tarixli “Alqı-Satqı Müqaviləsinə” əsasən, “birinci tərəf” yəni İddiaçı Şəxsi İstehsalat və Kommersiya Şirkəti “ikinci tərəf”in yəni "xxxx" MMC-nin sifarişinə uyğun olaraq ümumi məbləği 23.600 (iyirmi üçmin altı yüz) manat dəyərində olan ticarət avadanlıqlarını hissə-hissə ödəmək şərti ilə satmışdır. Həmin avadanlıqların ümumi dəyərindən 5900 manatını qabaqcadan ödəyir və malın qalan dəyərini yəni 17.700 manat hər ay 5900 manat olmaqla 3 ay müddətinə 05 may 2023-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür. Lakin elə ilkin aylardan ödənişlər ödənilmədi. 05 may 2023-ci il tarixdə tamam qurtarılmalı olan 17.700 (on yeddi min yeddi yüz) manat qalıq borc bu günkü günə qədər ödənilmir. Buda müqavilənin 3.1 bəndinə uyğun olaraq hər gecikilən günə görə ümumi dəyərin 1 faizi qədər son 3 (üç) ayın cəriməsi 42.480 manat hesablanaraq cəmi 60.180 manat məbləğində borc yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
4. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında xx.xx.2023-cü il tarixli 1004 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən ümumi məbləği 23.600 manat ƏDV daxil dəyərində olan ticarət avadanlıqlarını alıcıya satır və alıcı isə öz növbəsində alınan malların dəyərinin bir qismini ilkin olaraq 5900 manat ƏDV daxil xx.xx.2023-cü il tarixdə Satıcıya köçürmə yolu ilə ödəyir.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
14. Cavabdeh tərəf iddiaya etiraz edərək, müqavilə üzrə malların cavabdehə təhvil verilmədiyini bildirir.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDA seriyalı 236570 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 23.600 manat olan elektron qaimə göndərilmişdir.
16. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 MMC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə EBDA seriyalı 236570 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 5.000 manat məbləğində ödəniş edilmişdir.
17. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
18. Məhkəmə bu xüsusda qeyd edir ki, cavabdeh tərəfindən elektron qaimə üzrə ödənişin edilməsi tərəflər arasında müqavilə münasibətlərinin olmasını, müqavilə üzrə malların cavabdehə verilməsini halını təsdiq etmiş olur.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 23.600 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır
20. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 17.700 (23.600-(5000+900 ƏDV)) manat məbləğində pulun tələb edilməsi hissəsində Cavabdeh1 MMC-yə münasibətdə əsaslıdır və 17.700 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödəniməlidir.
21. Məhkəmə 42.480 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən vaxtında ödənilməyən hər gün üçün malın ümumi dəyərinin 1.5% məbləğində satıcı tərəfindən cərimə hesablanır və alıcı malın dəyərinin qalan hissəsini hesablanmış faizlərlə birlikdə satıcıya ödəməlidir.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Hazırkı işin hallarından görünür ki, Cavabdeh1 MMC-nin 17.700 manat əsas borcuna münasibətdə 900 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
25. Məhkəmə həmçinin qeyd edir ki, iddia Cavabdeh2 münasibətdə, iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə rədd edilməlidir.
26. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi xidmət üçün çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun tutulmasını xahiş etsə də, qeyd edilən məbləğin nədən ibarət olması, kimə ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 280 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
28. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 268 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
29. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 145,8 manat təşkil edir
30. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 17.700 (on yeddi min yeddi yüz) manat, cərimə borcu üzrə 900 (doqquz yüz) manat olmaqla, cəmi 18.600 (on səkkiz min altı yüz) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 145 (bir yüz qırx beş) manat, 80 (səksən) qəpik məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov