Məhkəmə qərarları › İş №e-2-2(113)-5197/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5197/2023

18.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5197/2023 18.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “təsis sənədlərinin, ümumi yığıncağın protokolunun və sair sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: səhmdar cəmiyyətə aid sənədlərin verilməsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “təsis sənədlərinin, ümumi yığıncağın protokolunun və sair sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən ASC-nin nizamnaməsinin, 2020-2021-2022-ci illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrlərini, xx.xx.2023-cü ilin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokolunun, 2021-2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin, "xxxx" ASC-nin emissiya prospektinin, yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, ASC-nin xx.xx.2023-cü il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətlərinin, ASC-nin keçmiş bir il ərzində balansında olan texnika, qaldırıcı kranların yararsız avadanlıqların silinmə AKT-larının surətini və metal qırıntılarının hansı fiziki və ya hüquqi şəxslərlə bağlanmış alqı-satqı müqavilələrinin surətlərini müəssisənin möhürü ilə təsdiqləyərək "xxxx" ASC tərəfindən ona təqdim edilməsi və 50 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-cü il tarixli depo hesabından çıxarışa əsasən "xxxx" ASC-nin səhmdarıdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən ASC-nin nizamnaməsinin, ASC-nin 2020-2021-2022-ci illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin, ASC-nin xx.xx.2023-cü ilin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokolunun, ASC-nin 2021-2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin Emissiya prospektinin surətinin, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, ASC-nin xx.xx.2023-cü il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətlərinin, keçmiş bir il ərzində ASC-nin balansında olan texnika, qaldırıcı kranların yararsız avadanlıqların silinmə AKT-larının surətini və metal qırıntılarının hansı fiziki və ya hüquqi şəxslərlə bağlanmış alqı-satqı müqavilələrinin surətlərinə əsli ilə düzdür ştampı vurulmaqla ona təqdim edilməsini xahiş etmişdir. "xxxx" ASC-yə müraciət etməyinə baxmayaraq Səhmdar cəmiyyəti müraciətinə cavab verməmiş və qanunvericiliyə əsasən Səhmdar cəmiyyətinin ona təqdim etməli olduğu müraciətində Səhmdar Cəmiyyətindən tələb etdiyi sənədlər təqdim edilməmişdir. "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən bir sıra hüquqlarını, o cümlədən Mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. "xxxx" ASC-nin rəhbərliyini mülkiyyətçi olaraq onun hüquqlarını pozması qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Rəsmi müraciətinə baxmayaraq qanunvericiliyin verdiyi hüquqlardan istifadə edərək yuxarıda göstərdiyi məlumatlar ilə tanış ola bilməmiş və tələb etdiyi sənədlər təqdim edilməmişdir. AR MM-in tələblərinin ASC-nin rəhbərliyi tərəfindən kobud surətdə pozulması göz qabağındadır. "xxxx" ASC-nin rəhbərliyi hər-hansı bir açıqlama vermir, tələb etdiyi sənədlər təqdim edilmir və beləliklə bir vətəndaş və səhmdar olaraq hüquqlarını pozur. Halbuki, Mülki Məcəllənin 107.1.-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Ümumi yığıncağın müzakirəsinə Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabat və ümumiyyətlə səhmdar cəmiyyətinin bütün fəaliyyəti barədə məsələlər salınır müzakirə olunur bu barədə səhmdara ətraflı məlumat verilir və həmin məsələlər barədə protokol tərtib edilir və səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilir. ASC-nin mülkiyyətində olan icarəyə verilmiş əmlakları kimlərə və hansı qiymətə verilməsi barədə məlumat verilmir, cəmiyyətin gəliri və xərcləri barədə məlumatlar gizli saxlanılır və bu azmış kimi göndərdiyi məktublara cavab verilmir və tələb etdiyi sənədlər təqdim edilmir. ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə təmin edilən və almağa hüququ olan sənədləri və məlumatları verməkdən dolayıda olsa verməkdən imtina edilir. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün tərəfindən Cavabdehə təklif göndərilmiş, ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına ərizə verilmiş və mübahisənin qarşılıqlı anlaşma yolu ilə mediasiya qaydasında həll edilməsinə səy göstərilmiş, lakin nəticəsi olmamışdır. Bununla bağlı mediasiyanın nəticəsinə dair müvafiq arayış alınmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. xx.xx.2022-ci il tarixli depo hesabından çıxarışa əsasən İddiaçı "xxxx" ASC-də 5383 ədəd qiymətli kağızı vardır.

8. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

9. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən olunur ki, iddianın verilməsi iddiaçının səhm sahibi olduğu cavabdeh tərəfindən ona sənədlərin təqdim edilməməsi səbəbindən irəli gəlmişdir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

11. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:

12. 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri;

13. 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;

14. 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri;

15. 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;

16. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir.

17. Həmin Məcəllənin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.

18. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:

19. -106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;

20. -106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək;

21. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.

22. Həmin Məcəllənin 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir.

23. Həmin Məcəllənin 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidi.

24. Məhkəmə ilkin olaraq qeyd olunan maddi hüquq normaları əsasında iddia tələbinin "xxxx" ASC-nin 2020-2021-2022-ci illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrləri, "xxxx" ASC-nin xx.xx.2023-cü ilin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokolları, "xxxx" ASC-nin 2021-2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin, "xxxx" ASC-nin emissiya prospektinin, "xxxx" ASC-nin keçmiş bir il ərzində balansında olan texnika, qaldırıcı kranların yararsız avadanlıqların silinmə aktlarının və metal qırıntılarının alqı-satqısına dair bağlanmış müqavilələrinin təsdiq edilmiş surətlərinin verilməsinə dair təmin olunmuş hissəsinə barədə hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

25. Belə ki, MM-in 106-1.3.2, 106-1.3.5, 106-2.3, 107-5.3, 107-6.3-cü maddələrinə görə səhmdarın yalnız səhmdar cəmiyyətindən onun reyestrinin, illik hesabatlarının, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququ vardır.

26. Buna görə də məhkəmə həmin normalar əsasında iddiaçının tələbini həmin hissələrdə haqlı hesab edərək təmin edilməsi qərarına gəlmişdir.

27. Bundan əlavə məhkəmə iddianın təmin edilməyən - ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə aid olmasına dair arayışın və səhmdarların ümumi yığıcağında iştirak edən səhmdarların ümumi siyahısının surətlərinin təqdim edilməsi tələbi ilə bağlı hesab edir ki, iddia bu hissədə əsassızdır.

28. Belə ki, iddiaçı ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə aid olmasına dair məlumatı müvafiq dövlət orqanına sorğu verməklə əldə edə bilər. Və daşınmaz əmlaka dair mülkiyyət hüququ iddiaçı tərəfindən ASC-dən tələb olunan arayışla deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz əksini tapır.

29. Məhkəmə həmçinin səhmdarların ümumi yığıcağında iştirak edən səhmdarların ümumi siyahısının surətlərinin təqdim edilməsi tələbi ilə da hesab edir ki, tələb bu hissədə əsassızdı. Çünki məhkəmə iddiaçının ümumi yığcağın protokollarının surətinin ona təqdim edilməsi hissəsində tələbini təmin etmişdir və həmin protokolda da ümumi yığıncaqda iştirak edən səhmdarların ümumi siyahısı öz əksini tapmalıdır.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-6.2-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının protokolunda aşağıdakılar göstərilir:

31. -107-6.2.1. ümumi yığıncağın keçirilmə vaxtı və yeri;

32. -107-6.2.2 ümumi yığıncağın gündəliyi;

33. -107-6.2.3. ümumi yığıncağın iştirakçılarının səsli səhmlərinin sayı;

34. -107-6.2.4. iştirak edən səsvermə hüququna malik olan səhmdarların sayı;

35. -107-6.2.5. çıxışların xülasəsi;

36. -107-6.2.6. səsə qoyulan hər bir məsələ üzrə səsvermənin nəticələri;

37. -107-6.2.7. ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarın dəqiq və səlis ifadə olunmuş mətni.

38. Mülki Məcəllənin qeyd olunan normasından da göründüyü kimi ümumi yığıcağın protokolunda iştirak edən səhmdarların sayının göstərilməsi nəzərdə tutulmuşdur.

39. Buna görə də məhkəmə mahiyyət etibarı ilə eynilik təşkil edən tələbin yenidən ikinci dəfə tələb edilməsini zəruri hesab etmir.

40. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" ASC-nin nizamnaməsi, "xxxx" ASC-nin 2020-2021-2022-ci illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrləri, "xxxx" ASC-nin xx.xx.2023-cü ilin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokolları, "xxxx" ASC-nin 2021-2022-2023cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin, "xxxx" ASC-nin emissiya prospektinin, "xxxx" ASC-nin keçmiş bir il ərzində balansında olan texnika, qaldırıcı kranların yararsız avadanlıqların silinmə aktlarının və metal qırıntılarının alqı-satqısına dair bağlanmış müqavilələrinin təsdiq edilmiş surətləri və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar