Məhkəmə qərarları › İş №e-2-2(113)-5209/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5209/2021

30.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5209/2021 30.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsi cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6” MMC-dən 42401 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Birgə Müəssisəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (sifarişçi) “X7” MMC (VÖEN:**********) ilə iddiaçı (icraçı) "xxxx" BM arasında 24.07.2019-cu il tarixdə birgə müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən “X7” MMC-nin direktoru X3 ümumi dəyəri 65401 (altmış beş min dörd yüz bir) manat məbləğində müxtəlif çeşidli (laminat, Parket, DSP, MDF) mebel aksesuarları, qapılar və digər malları icraçıdan təhvil alaraq istifadəsi üçün qəbul etmişdir. Cavabdeh aldığı malların dəyərinin bir qismini 23000 (iyirmi üç min) manat "xxxx" BM-nin hesabına ödəyərək özünə inam və etibar qazanmış, lakin qalan borcu - 42401 (qırx iki min dörd yüz bir) manatı isə qısa bir zamanda ödəyəcəyinə söz vermişdir. Belə ki, “X7”MMC-nin direktoru X3 iddiaçı tərəfindən müəssisəyə dəvət edilmiş və ondan tələb edilmişdir ki, qısa bir zamanda qalan borcunun ödənilməsini yerinə yetirsin. Ona görə də cavabdehlə 02.03.2021-ci il tarixdə borcun etiraf edilməsinə dair iddiaçı tərəfindən akt tərtib edildi ki, 42401 olan borcu 31.07.2021-ci il tarixədək həqiqətən tam ödəniləcəkdir. Lakin borclu “X7” MMC-nin direktoru H.Əlizadənin ünvanına rəsmi məktub və mobil telefonla dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək məsuliyyəti digər şəxslərin üzərinə atmaqla ödənişdən yayınır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda sadalanan əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən qeyd olunan borcun ödənilməsi tələbi ilə bağlı pretenziya cavabdeh “X6” MMC-yə deyil, MMC-nin əvvəlki qanuni təmsilçisi olmuş X1 ünvanlanaraq poçt vasitəsilə onun ünvanına çatdırılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinin tələbinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, hakim ərizəni baxılmamış saxlayır. Eləcə də, iş materiallarında olan Azərbaycan Respublikasının Mediasiya Şuraası tərəfindən təsdiq edilmiş Barışı Sazişindən görünür ki, iddiaçı mediasiya prosesinə cavabdeh “X6” MMC-ni deyil, MMC-nin əvvəlki qanuni təmsilçisi olmuş X2 dəvət etmiş və iddiaçının nümayəndəsi onunla barışıq sazişi bağlamışdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehə münasibətdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası "Mediasiya haqqında” Qanununun: 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.1 -ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2-ci maddəsinə əsasən tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3-cü maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4-cü maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar