Məhkəmə qərarları › İş №e-2-2(113)-523/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-523/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-523/2023 22.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmanın ləğv olunması, cavabdehlərdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 27851.91 manat əsas borc, 3495.36 manat faiz borcu, 809.12 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmanın ləğv olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 27851,91 manat əsas borc, 3495,36 manat faiz borcu, 809,12 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh1 (VÖEN **********) bankdan avadanlıq alınması və digər investisiya xərcləri üçün xx.xx.2023-cü ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə aldığı 30000 AZN krediti və ondan istifadəyə görə faizləri razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 27851.91 AZN; b) faizlər üzrə 3495.36 AZN; c) cərimə üzrə 809.12 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alan Cavabdeh1 və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3 və Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edib, lakin cavabdehlər iştirak etmədiyi üçün mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verib. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yaxın aylarda borcu tam şəkildə ödəmək niyyətində olduğu üçün kredit razılaşmasının ləğv edilməsinin əleyhinədir. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə sonuncu məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən kreditverən 30000 manat məbləğdə və illik faiz dərəcəsi 20 olmaqla, xx.xx.2023-cü il tarixədək 0 ay güzəşt müddəti olmaqla avadanlıq alınması və digər investisiya xərcləri məqsədli kredit verir, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 11-ci bəndinə əsasən borcalanın bu razılaşmadan irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Məmməd qızı ilə 22-DEC-21 tarixli 40FİZAM132425701 saylı zaminlik müqaviləsi, Cavabdeh3 İslam oğlu ilə 22-DEC-21 tarixli 40FİZAM132426101 saylı zaminlik müqaviləsi bağlanır. Müqaviləyə əlavə olan ödəniş cədvəlində cavabdehin aylar üzrə ödəməli olduğu məbləğlər göstərilmişdir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 40FİZAM132426101 saylı zaminlik müqaviləsinə əsasən borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 1.4-cü bəndinə əsasən zamin xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda zamin kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizləin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 məxsus iddiaçıya olan kredit borcunun faizlərini və penyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin əsas borcu 27851,91 manat, faiz borcu 3495,36 manat, əsas borc üzrə cərimə məbləği 161,89 manat, faiz borcu üzrə cərimə məbləği 647,23 manat, ümumilikdə 32156,39 manat təşkil edir. İddiaçı cavabdehlərə pretenziya ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə müqaviləyə xitam veriləcəyi və borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 27851,91 manat əsas borc, 3495,36 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 27851,91 manat əsas borc, 3495,36 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmanın 8.6-ci bəndinə əsasən hesablanmış 809.12 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmanın ləğv edilməsi tələbini də irəli sürmüş, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında buna etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini tam və vaxtında icra etməməsi müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 27851,91 manat əsas borc, 3495,36 manat faiz borcu, 809,12 manat cərimə borcu, cəmi 32156,39 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşma ləğv edilməli, cavabdehlərdən müştərək qaydada 27851,91 manat əsas borc, 3495,36 manat faiz borcu, 809,12 manat cərimə borcu, cəmi 32156,39 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə 27851,91 manat əsas borc, 3495,36 manat faiz borcu, 809,12 manat cərimə, ümumilikdə 32156,39 (otuz iki min bir yüz əlli altı manat otuz doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar