Məhkəmə qərarları › İş №e-2-2(113)-523/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-523/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-523/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, “respondeat superior”, estoppel, müqavilə azadlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 4658,91 manat məbləğində pulun və ödənilmiş 67 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 06 noyabr 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi həmin müqavilə ilə müştərilərin cavabdehdə apardıqları əməliyyatlarla bağlı sonuncu tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə iddiaçı və cavabdeh arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və müqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı əlavəsində endirimin miqdarı cəmi 2%, endirimləri təqdim edən obyekt kimi isə ünvan 1 ünvanında yerləşən “Optimal” mağazası göstərilmişdir. 2.2. Müqavilənin 3.4-cü bəndinə əsasən X2 kampaniyasından yararlanmaq üçün bank kartlarını cavabdehin müştərilərə xidmət göstərən personalına təqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən iddiaçı endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, cavabdehin müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək cavabdehin digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi iddiaçının hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini iddiaçı öz hesabından müştəriyə ödənildiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, cavabdehin sərəncamı əsasında onun hesabından iddiaçının müxbir hesabına hər ayın ilk 10 iş günü ərzində müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. 2.3. Müqavilənin 4.1.4-cü bəndinə əsasən endirim kampaniyası çərçivəsində cavabdehin digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 iş günü ərzində iddiaçının müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən cavabdehin endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyəti üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin iddiaçıya köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 iş günündən gec olmayaraq iddiaçıya ödəmək vəzifəsi vardır. 2.4. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən cavabdehin 06 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır: müqavilə şərtlərinə əsasən “Kartmane” kart müştəriləri ünvan 2 ünvanında yerləşən “Optimal” mağazasında ödəniş zamanı İddiaçı ödəniş məbləğinin 2% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin tərəfdaş bu məbləği banka geri ödəniş etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya olan borcu 4658,91 manatdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 447-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, müqavilə yalnız bir obyekt və bir posterminal üzrə bağlanmışdır. Həmin obyekt ünvan 3 ünvanında olan 11201214 nömrəli posterminal üzrə olmuşdur. İddiaçının təqdim etdiyi çıxarışda isə həmin obyekt üzrə müştəriyə bonus qaytarılması öz təsdiqini tapmır. Cavabdeh tərəfindən elektron qaimələrin təsdiq edilməsinin səbəbi isə sonuncunun müştərilərə ödənilən bonusların verilib-verilməməsini yoxlamaq imkanı olmadığı ilə bağlı olmuşdur. İddiaçı isə cavabdehlə üzləşmədən yayınmışdır. Cavabdeh tərəfindən edilmiş ödənişlər isə iddiaçının müqavilə üzrə ödənişləri tələb etməsi və cavabdehin həmin anda ödənişlərin əsassız tələb etməsini müəyyən etmək imkanının olmaması ilə bağlı olmuşdur. Hazırda məhkəməyə təqdim edilən sənədlərdən müqavilədə qeyd edilən terminal üzrə hər hansı xidmətin edildiyi təsdiq edilmir. Bu səbəbdən iddia tələbi rədd edilməklə yanaşı vəkilə ödənilən 376 manat hüquqi yardım xərci də iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, müştərilər iddiaçının bank kartı ilə cavabdehin mağazalarında müxtəlif əməliyyatlar həyata keçirən zaman onlara endirim faizləri tətbiq edilir, cavabdeh isə həmin endirim faizlərini sonradan iddiaçıya qaytarır. Bu yolla cavabdeh dövriyyəsini artırır. Hazırda tələb edilən məbləğ isə müştərilərə iddiaçı tərəfindən edilən ödənişlərin cəmidir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, cavabdehlə bağlanan müqavilədə bir posterminal razılaşdırılsa da, cavabdeh tərəfindən təqdim edilən bütün posterminallardan aparılmış ödənişlərə keşbek faizləri tətbiq edilmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, elektron qaimələrin təsdiq edilməsi cavabdehin əməkdaşlarının səhvi nəticəsində baş vermişdir.

8. İddiaçının nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli MD-CB nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehdən aldığı endirim faizini özünün müəyyən etdiyi qaydada nağd pul və ya virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində müştərinin xeyrinə hesablamağı, cavabdeh öz müəssisələrində iddiaçıya aid tanıtım materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini, müştərilər tərəfindən cavabdehin müəssisələrində xidmətin tam dəyəri iddiaçının plastik kartları ilə pos-terminallar vasitəsilə ödənildiyi hallarda endirim faizi nisbətində pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

13. İddiaçı həmin müqaviləyə əsaslanmaqla 4658,91 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

14. Cavabdeh adıçəkilən müqavilə üzrə yalnız ünvan 1 ünvanında yerləşən 11201214 nömrəli posterminal üzrə xidmətin göstərilməsinin razılaşdırıldığını, lakin təqdim edilən çıxarışlardan qeyd edilən posterminal üzrə müştərilərə endirim tətbiq edilmədiyinə istinad edərək iddianın rədd edilməsini xahiş edir.

15. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli MD-CB nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

20. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

21. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

22. xx.xx.2020-ci il tarixli MD-CB nömrəli müqavilənin 3-cü hissəsinə (iddiaçı Bank qismində, cavabdeh Təşkilatçı qismində, müştəri – adına iddiaçının hesablaşma kartı olan və hazırkı müqavilənin şərtlərinə görə cavabdehin müəssisələrində xidmət göstərilən şəxs) əsasən, Tərəflər razılaşır ki, bu endirim kampaniyasının həyata keçirilməsində hər iki tərəfin öz biznes maraqları vardır. Belə ki, Bankın marağı nağdsız qaydada hesablaşmaların həcmini artırmaq yolu ilə müştəriləri yüksək keyfiyyətli bank xidməti ilə təmin etməkdən, həmçinin plastik kart satışını stimullaşdırmaqdan, Təşkilatçının marağı isə öz biznes şəbəkələrinə əlavə müştəri cəlbi və xidməti artırmaq yolu ilə gəlirliyini yüksəltməkdən ibarətdir (3.1). Bank Təşkilatçıdan aldiğı Endirim faizini Bankın müəyyən etdiyi qaydada nağd pul və ya Virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində Müştərinin xeyrinə hesablayır. Hesablanmış Virtual ballar yalnız Bankın müəyyən etdiyi formada (nağd pul, tərəfdaş şəbəkəsi mallarının alınması və s.) və müddətdə istifadə oluna bilər. Bankın müəyyən etdiyi dövr ərzində istifadə edilməyən Virtual balları bir tərəfli qaydada ləğv etmək hüququ vardır (3.2). Tərəflər razılaşır ki, endirim kampaniyası Bankın kartları vasitəsi ilə ödəmə aparılan həm Bankın, həm də Digər bankların pos-terminallarmı əhatə edəcəkdir (3.3). X2 kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, bu Müqavilənin şərtlərinə uyğun endirimlər alır (3.4). Təşkilatçı öz müəssisələrində Banka aid Tanıtım Materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini təmin edəcək, habelə Bankın nümayəndələrinə belə Tanıtım Materiallarının vəziyyəti və yeri ilə tanış olmaq üçün Təşkilatçının iş saatları ərzində şərait yaradacaq, onlara heç bir halda mane olmayacaqdır. Təşkilatçı Tanıtım materiallarını yalnız bu Müqavilə çərçivəsində istifadə edə bilər. Təşkilatçı Bankın razılığı olmadan Bank ilə əlaqəli olduğu, onunla birgə çalışdığını bildirə və ya buna ehyam edə bilməz. Təşkilatçı yalnız Müqavilə qüvvədə olduğu müddət ərzində Tanıtım materiallarından istifadə edə bilər və Müqaviləyə xitam verildikdən sonra dərhal, habelə Bankın tələb etdiyi halda Müqaviləyə xitam verilənədək Tanıtım materiallarını tam olaraq Banka geri qaytarmalıdır (3.5). Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların pos-terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödədiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər bu Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavlənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir (3.6). Endirim faizi nisbətində pul vəsaitinin Təşkilatçının Digər bankdakı bank hesabından Banka köçürülməsini təmin etmək üçün hər ayın 10-dək Təşkilatçı, onun posterminahnın olduğu Digər bank və Bank arasında üzləşmə aktı tərtib edilir. Üzləşmə Aktı tərtib edildikdən sonra Təşkilatçı ən geci 3 (üç) gün ərzində, lakin istənilən halda ayın 10dan gec olmamaq şərtilə vəsaitləri Bankın hesabına köçürməlidir (3.7). Müştərilər tərəfindən Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Bankın pos-terminalları vasitəsi ilə ödənildiyi hallarda Təşkilatçının bu Müqavilə üzrə Banka köçürməli olduğu vəsaitləri və ödəməli olduğu ödənişləri, habelə Bank qarşısında yaranmış hər hansı bir digər öhdəliyi üzrə ödənişləri X1 hesab(lar)ından Təşkilatçının razılığı tələb olunmadan birtərəfli qaydada akseptsiz şəkildə silir. Təşkilatçının hesab(lar)ında vəsait olmadıqda, Təşkilatçı və Bank arasında bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada və müddətdə Bankla Təşkilatçı arasında Üzləşmə Aktı tərtib olunur və Təşkilatçı tərəfindən Banka ödəniş edilir (3.8). Tərəflər razılaşır ki, Təşkilatçı müştərilərə xidmətlər göstərilən zamanı istifadə üçün nəzərdə tutulmuş bütün pos-terminallarının (siyahıda POS İD qeyd olunmalıdır) siyahısını 7 (yeddi) iş günü ərzində yazılı şəkildə Banka təqdim edəcək və Bank öz növbəsində həmin pos-terminallarm endirim kampaniyasında iştirakını təmin etmək üçün Bankın proqramında müvafiq modula sazlanmasını təmin edəcəkdir (3.9). Təşkilatçı öz müəssisələrində hər dəfə Digər banka məxsus yeni pos- terminallar quraşdırdıqda, bu barədə ən gec 5 (beş) iş günü ərzində Banka yazılı məlumat verməlidir və Bank öz növbəsində həmin pos-terminallarm endirim kampaniyasında iştirakını təmin etmək üçün Bankın proqramında müvafiq modula sazlanmasını təmin edəcəkdir (3.10). Təşkilatçı qeydiyyatdan keçən pos-terminallar üzrə POS İD dəyişəndə bu barədə ən gec 5 (beş) iş günü ərzində Banka yazılı məlumat verməlidir (3.11). Bank Endirim faizini Müştərinin xeyrinə Vitual bal şəklində hesabladığı hallarda, Bankın bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş müddət bitdikdən sonra müvafiq Endirim faizinin Bankın mülkiyyətinə keçməsinə Təşkilatçı razılaşır və təsdiq edir ki, bununla bağlı heç bir tələb və ya iddiası yoxdur (3.12).

23. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

24. Bu mənada məhkəmə göstərir ki, iddiaçı hazırda müştərilərə tətbiq edilmiş endirim faizi nisbətində pulun cavabdehdən tutulmasını tələb edir.

25. İş materiallarında olan elektron-qaimə fakturalardan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2023-cü il tarixədək ümumilikdə dəyəri 18619,97 manat olan xidmətin göstərilməsi ilə bağlı 22 elektron qaimə-faktura cavabdehə göndərilmiş, sonuncu tərəfindən həmin elektron qaimlərdən 11-i birbaşa təsdiq edilmiş, digər 11 elektron qaimə isə sistem tərəfindən təsdiqlənmişdir.

26. Həmçinin məhkəməyə təqdim edilən hesab üzrə çıxarışdan görünür ki, ümumilikdə 18536,53 manat məbləğində endirim faizi tətbiq edilmiş, 13877,62 manat cavabdeh tərəfindən qaytarılmışdır və hazırda 4658,91 manat çıxış qalığı mövcuddur.

27. Cavabdehin elektron qaimələrin statusunun təsdiq edilməsi, qaimə-fakturalar barədə etirazın edilməməsi, həmin qaimələr üzrə ödənişlər edilməsinə münasibətdə isə işçilərinin diqqətsizliyi və müqavilədə yalnız bir posterminalın razılaşdırılması barədə arqumentlər səsləndirməsini məhkəmə əsassız hesab edir.

28. Belə ki, əvvəla qeyd edilməlidir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə alınmalıdır ki, hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

29. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

30. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.

31. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir.

32. Digər tərəfdən, müqavilədə yalnız bir posterminalın nəzərdə tutulmasına münasibətdə isə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli qərar)

33. Tərəflər arasında formalaşmış işgüzar praktika, yəni digər posterminallar üzrə də tətbiq edilmiş endirim faizlərinin ödənilməsi, həmin elektron qaimələrin təsdiq edilməsi özü-özlüyündə cavabdehin yalnız bir posterminalın şərtləşdirilməsi arqumenti ilə ziddiyyət təşkil edir. Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.

34. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

35. Göstərilənlərə əsasən məhkəmə cavabdehin dəlillərini əsassız sayır və 4658,91 manat məbləğində pulun tutulması hissəsində iddianın təmin edilməsi qənaətinə gəlir.

36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

37. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

40. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş xidmətin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

41. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli MD- CB nömrəli müqavilə üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 4658,91 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

42. İddiaçı həmçinin ödənilmiş 67 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 67 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən cavabdehin hüquqi yardım xərci sonuncuya aid edilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 4658,91 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar