Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5237/2022 18.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 10520 manat məbləğində maddi zərər, 5000 manat məbləğində mənəvi zərər, qiymətləndirmə aktının tərtibi üçün ödənilmiş 500 manat məbləğində, mediasiya təşkilatına ödənilmiş 100 manat məbləğində, dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində və hüquqi yardım üçün ödənilmiş 150 manat məbləğində olmaqla, ümumilikdə, 16308 manat məbləğində pul vəsaitinin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə şəhərin magistral kanalizasiya xətləri tutulduğundan Sumqayıt Sukanal İdarəsinin apardığı qazıntı işləri səbəbindən “X4” klinikasının yarımzirzəmisi subasmaya məruz qalmışdır. Nəticədə iddiaçıya məxsus daşınar və daşınmaz əmlaka külli miqdarda ziyan dəymiş,o cümlədən klinikanın arxivi və xəstələr barədə məlumatlar məhv olmuşdur. Eyni zamanda iddia ərizəsində göstərilmişdir ki, müstəqil sığorta eksperti subasma nəticəsində əmlaka dəyən zərəri 20020 manat olaraq qiymətləndirmiş, sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta məbləği kimi 9500 manat ödənilmişdir. Həmçinin iddiaçı subasma ilə bağlı aidiyyəti orqanlara məlumat vermiş, dəymiş zərərlə bağlı ruhi əsəb, stres, gərginlik keçirmiş və ona mənəvi zərər də dəymişdir. Elektron iddia ərizəsi formasında iddiaçı qrafasında iddiaçı kimi İddiaçı, iddia ərizəsinin məzmununda isə iddiaçı kimi “X4” klinikası qeyd olunduğundan məhkəmənin hazırlıq iclasında Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi məhkəmə tərəfindən təklif olunmuşdur. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə verərək, iddiaçı qismində İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 qeyd etmişdir ki, iddia ərizəsindən subasma nəticəsində əmlakına ziyan dəyən şəxsin “X4” olduğu görünsə də, iddiaçı qismində İddiaçı çıxış edir. Hazırkı halda isə tərəf, yəni İddiaçı mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən təqdim olunan ərizə ilə bağlı məhkəmə qeyd edir ki, ərizədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin də iddiaçı qismində tanınması qeyd olunsa da, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddiaçının ərizəsi əsasında yeni iddiaçının icraata cəlb olunması əsası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İddia ərizəsinin elektron formasında iddiaçı qrafasında iddiaçı kimi İddiaçı qeyd olunduğundan xx.xx.2022-ci il tarixli ərizə iddiaçı qismində İddiaçı tanınması ilə bağlı hissədə nəzərə alınır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası MPMnin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda, məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilmişdir ki, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (21.9.1); tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (21.9.2); tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (21.9.3); bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (21.9.4). Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 13-1-ci bəndinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il MŞB/6-3031 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesi “X4” və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qismində Əliyev İman oğlu çıxış etdiyindən “X4”la aparılan mediasiya sessiyası tərəflərin mediasiya prosesində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirakı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan yuxarıda qeyd edilən hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. MPM-nin 114.1 və 114.1.5-ci maddələrinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin verilməsinə görə ********* nömrəli qəbzlə 38 manat, ********* nömrəli qəbzlə 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 76 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 76 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə Bakı Kommersiya Məhkəməsinə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5237/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5237/2022
18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver