Məhkəmə qərarları › İş №e-2-2(113)-5242/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5242/2025

30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5242/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 16477 manat, hüquqi yardıma görə 790 manat, ödənilmiş 142 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Çünki iddia ərizəsi iddiaçı tərəfindən natamam tərtib olunmuş, iddia ərizəsinin mətnində Cavabdeh4 200 saylı X1 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşma üzrə İddiaçı MMC-yə ümumilikdə 8127 manat məbləğində öhdəliyi olduğu, Cavabdeh3 və Cavabdeh1 tərəfindən idarə edilən nəqliyyat vasitəsi üzərində 550 manat məbləğində törədilmiş inzibati xətalarla bağlı cərimə olduğu və nəqliyyat vasitəsinə 7800 manat ziyan dəydiyi qeyd edilmişdir. Lakin iddia tələbində cavabdehlərdən ümumilikdə 16477 manat pul vəsaiti tutulması tələb edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 tələbinin əsası kimi istinad etdiyi fakt və halları, hər bir cavabdehə qarşı yönələn tələbi ayrıca göstərməmiş, hər bir cavabdehə münasibətdə hansı məbləğdə tələbinin olmasını konkret qeyd etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar