Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5244/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə 27385,65 manat əsas borc, 1037,26 manat faiz borcu, 6498,98 manat cərimə borcu olmaqla ümumilikdə 34921,88 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 194,77 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.7-ci maddələrinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ölmüş, iddiaçı isə xx.xx.2023cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, məhkəmə qaydasında fiziki şəxslər doğulduqların andan ölümlərinə qədər mülki prosessual hüquq qabiliyyətinə malik olurlar. Bu mənada yalnız mülki prosessual hüquq qabiliyyətinə malik şəxslər tərəf qismində çıxış edə bilər. Hazırkı halda isə fiziki şəxs olan cavabdeh həyatda olmadığından mülki prosessaul hüquq qabiliyyətinə də malik deyildir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh1 cavabdeh qismində cəlb edilməklə ona qarşı verilmiş tələbə məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsində bir-biri ilə əlaqədar olmayan tələblər dedikdə, yalnız predmet baxımından deyil, həm də prosessual baxımdan birlikdə baxılması mümkün olmayan tələblər nəzərdə tutulur. Bu baxımdan Cavabdeh1 qarşı tələbə məhkəmə qaydasında baxılması qeyri-mümkün olduğundan, həmin tələblə Cavabdeh2nə qarşı olan tələb prosessual baxımdan birlikdə baxılması mümkün olmayan tələblərdir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddiaçı prosessual baxımdan birlikdə baxılması mümkün olmayan tələbləri birləşdirdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48, 50, 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5244/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5244/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver