Məhkəmə qərarları › İş №e-2-2(113)-5252/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5252/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5252/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin Cavabdeh2 qarşı pul tələbinə barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 16 may 2024-cü il tarixli, 464228-CNS-55646 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 1955,43 manat məbləğində əsas borc, 187,88 manat məbləğində faiz borcu, ümumilikdə isə 2143,31 manat məbləğində pulun və 41,43 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) 16 may 2024-cü il tarixli, 464228-CNS-55646 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2480 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 1955,43 manat məbləğində əsas borc, 187,88 manat məbləğində faiz borcu, ümumilikdə isə 2143,31 manat məbləğində borcu qalmışdır. Cavabdeh2 tərəfindən imzalanmış “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh2 “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.26.3-cü bəndinə əsasən Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizərazılaşmada göstərilən cərimə tətbiq edilir. 16 may 2024-cü il tarixli, 464228-CNS-55646 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0,02 AZN məbləğində cərimə hesablanır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 41,43 manat məbləğində dövlət rüsumu da Cavabdeh2 tutulmalıdır. Belə ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da, Cavabdeh2 tutulmalıdır. Hesab edirlər ki, Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması təyinatı ilə verildiyindən hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli 464228-CNS-55646 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 21 faizlə 24 ay müddətinə 2480 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit vermişdir. Həmin razılaşmaya əsasən gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,02 AZN məbləğində cərimə hesablanır. Cavabdeh2 təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və apanlan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X4/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron- Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. Cavabdeh2 İddiaçı ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində bank onun hesabına xx.xx.2024-cü il tarixli 464228-CNS-55646 saylı kredit müqaviləsi üzrə 2480 manat köçürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh2 1955,43 manat məbləğində əsas bоrcu, 187,88 manat məbləğində faiz bоrcu, 0 manat məbləğində cərimə olmaqla, cəmi 2143,31 manat borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh2 pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 2143,31 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 41,43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli 464228-CNS-55646 saylı razılaşmaya əsasən 2480 manat məbləğində xx.xx.2026-cı il tarixədədək qaytarmaq şərtilə illik 21 faizlə kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Nəticədə, tərəflərin razılaşmasına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin şətrlərini nəzərə alaraq hesab edirəm ki, iddiaçının xx.xx.2024-cü il tarixli 464228-CNS-55646 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 1955,43 manat məbləğində əsas bоrcu, 187,88 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 41,43 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh2 xx.xx.2024-cü il tarixli 464228-CNS-55646 saylı kredit müqaviləsinə əsasən 1955,43 manat məbləğində əsas bоrcu və 187,88 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə isə 2143 (iki min yüz qırx üç) manat 31 (otuz bir) qəpik borc və 41 (qırx bir) manat 43 (qırx üç) qəpik dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar