Məhkəmə qərarları › İş №e-2-2(113)-5264/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5264/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5264/2025 15.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icrası və dəymiş ziyan” tələbi üzrə Açar sözlər: icarə müqaviləsi, icarə haqqı, dəbbə pulu Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 2022-PÇ-08 saylı subicarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Subicarəyə verən (iddiaçı) mülkiyyətində və qanuni istifadəsində olan bu Müqaviləyə Əlavədə siyahısı qeyd edilmiş maşın və texnikanı (bundan sonra “Əmlak’’ adlandırılacaq) İcarəçinin (cavabdehin) istifadəsinə verməyi, İcarəçi isə bu Müqavilə ilə nəzərdə tutulmuş İcarə haqqını müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin: 2.1. 1.2-ci bəndinə görə hər bir maşın və texnika üçün icarə haqqı məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də öz əksini tapmışdır; 2.2. 2.1-ci bəndinə əsasən İcarəçi bu Müqavilənin Əlavə 1-də qeyd edilmiş hər təqvim ayı üçün icarə haqqını növbəti ayın ilk iş günü hər nəqliyyat vasitəsi üçün hər ay 2000 manat İcarəyə verənə avans şəklində ödəyir və qalan vəsaiti hər 3 aydan bir ayın sonuna qədər tam ödəyir; 2.3. 3.2.1-ci maddəsinə əsasən Subicarəyə verilən texnikanı bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada müvafiq təhvil-təslim aktı əsasında İcarəçiyə təhvil vermək Subicarəyə verənin vəzifəsidir; 2.4. 3.4.1-ci və 3.4.3-cü bəndlərinə əsasən subicarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək və texnikanın icarə müddətindən asılı olmayaraq istehsalat ərazisinə aparılmasını (mobilizasiyasını), icarə müddəti 3 aydan az olarsa,həm də geri qaytarılmasını (demobilizasiyasını) təmin etmək İcarəçinin vəsifəsidir;

3. Tərəflər arasında xx.xx.2022-ci tarixli icarə müqaviləsinə Əlavə №1 imzalanmışdır. Əlavə №1-də 1 ədəd “CAT” markalı AZ-05-T-600 dövlət qeydiyyat nişanlı katokun aylıq 8000 manata, 1 ədəd “Volvo EC 290 BLC” markalı AZ-05-T-524 dövlət qeydiyyat nişanlı ekskvatorun aylıq 11000 manata, 1 ədəd “Volvo EC 290 BLC” markalı, AZ-05-T-579 dövlət qeydiyyat nişanlı ekskvatorun aylıq 11000 manata, 1 ədəd “CAT-325” markalı AZ-05-T-527 dövlət qeydiyyat nişanlı ekskvatorun aylıq 11000 manata, 1 ədəd “MAN” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6000 manata, 1 ədəd “MAN” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6000 manata, 1 ədəd “MAN” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6000 manata, 1 ədəd “CAT D6” markalı, AZ-05-T-640 dövlət qeydiyyat niişanlı buldozerin 12000 manata icarəyə verilməsi qeyd edilmişdir.

4. Tərəflər arasında xx.xx.2022-ci tarixli icarə müqaviləsinə 1№-li Əlavənin 2.1-ci bəndinə əsasən texnikanın çatdırılması tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin 3.4.3-cü bəndində göstərilən şərtlərə uyğun olaraq həyata keçirilir.

5. Bundan başqa, tərəflər arasında xx.xx.2023-cü il tarixdə Üzləşmə aktına İcarəçinin İcarəyə verənə xx.xx.2023-cü il tarixinə 25288,78 manat əsas, 4551,98 manat ƏDV olmaqla, toplam 29840,76 manat borcunun olması qeyd edilmiş, Üzləşmə aktı tərəflərin nümayəndələri tərəfindən imzalanmış, hüquqi şəxlərin möhürləri ilə təsdiq edilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı 22287,73 manat borc, 4011,80 manat ƏDV, 8378 manat cərimə və 194 manat ödənilmiş dövlət rüsumunun, cəmi 34871,53 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə, sonradan dəqiqləşdirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2022-PÇ-08 saylı subicarə müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İcarəyə verən iddiaçı müqaviləyə Əlavədə siyahısı qeyd edilmiş maşın və texnikaları istifadəyə verməli, icarəçi isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməlidir. Müqaviləyə əsasən İcarəyə verən öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, İcarəçi ödənişin bir qismini ödədikdən sonra qalan 22287,73 manat əsas borc, 4011,80 manat ƏDV olmaqla cəmi 26299,53 manat borcu yaranmışdır. Eyni zamanda, cavabdeh borcu uzun müddət ödəmədiyinə görə, əlavə cərimə də ödəmək öhdəliyi yaranıb.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

9. İddiaçının nümayəndəsi elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadana baxılmasını və iddianın təmin edilməsini xahiş etmişir.

10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

18. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsalıdır.

25. Mülki Məcəllənin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

26. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xüsusi nəqliyyat vasitələrinin icarəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli, 2022-PÇ-08 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında iddiaçının əsas öhdəliyi müqaviləyə uyğun şərtlərlə xüsusi nəqliyyat vasitələrini cavabdehin istifadəsinə və sahibliyinə vermək, cavabdehin başlıca öhdəliyi isə icarə oyektini qəbul edərək müqavilə ilə müəyyən edilmiş icarə haqqını, o cümlədən digər haqları vaxtında ödəməkdən ibarət olmuşdur.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022-PÇ-08 saylı icarə müqaviləsinə əsasən ona məxsus xüsusi nəqliyyat vasitələrini cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmişdir. İddiaçının öz öhdəliyini yerinə yetirərək nəqliyyat vasitələrini cavabdehə təhvil verməsi tərəflər arasında imzalanmış Üzləşmə aktı ilə bir daha öz təsdiqini tapmış olur. Belə ki, Üzləşmə aktndan görünür ki, nəqliyyat vasitələrindən xx.xx.2022 - xx.xx.2023-cü il üzrə istifadə nəticəsində icarə haqqı ƏDV ilə birlikdə 69370,76 manat olduğu halda, cavabdeh tərəfindən həmin icarə haqqından 39530 manat (ƏDV daxil) ödənilmiş, ƏDV ilə birlikdə 29840,76 manat isə ödənilməmişdir.

28. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə icarə haqqını tam ödəməyərək öhdəliyini pozmuşdur. Üzləşmə aktında da cavabdeh xx.xx.2023-cü il tarixinə ƏDV ilə birlikdə 29840,76 manat icarə haqqı borcunun olduğunu qəbul etmiş, üzləşmə aktını nümayəndə imzalayaraq, Cəmiyyətin möhürü ilə təsdiq etmişdir.

29. Məhkəmə şərh edilənləri, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı əsas və əlavə icarə haqqını tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir.

30. Məhkəmə iddia tələbinin cərimənin tələb edilməsi hissəsində qismən əsaslı hesab edir.

31. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış icarə müqaviləndə və ona edilmiş əlavələrdə də cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.

32. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 100 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

33. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilməsi nisbətində (iddia təqribən 78% nisbətdə təmin edilmişdir) tərəflərə aid edilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 22287,73 manat əsas, 4011,8 manat ƏDV borcu, 1000 manat cərimə və ödənilmiş 151 manat dövlət rüsumu olmaqla, ümumilikdə 27450,53 (iyirmi yeddi min dörd yüz əlli manat əlli üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 43 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar