Məhkəmə qərarları › İş №e-2-2(113)-527/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-527/2022

25.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-527/2022 25.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 31.05.2019-cu il tarixli 03/0055/DLİZ nömrəli X4 müqaviləsinin ləğv edilməsini, iddiaçıya məxsus “Howo yuk” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılmasını, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 31.05.2019-cu il tarixdə 03/0055/DLİZ nömrəli X4 müqaviləsinə əsasən yaranmış 28239,28 manat əsas borc, 12665,32 manat mükafat borcu, 257,65 manat gecikdirilmiş cərimə məbləği, cəmi 41162,25 manat lizinq borcu məbləğinin və ödənilmiş 391,59 manat dövlət rüsumunun, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 31.05.2019-cu il tarixdə 03/0055/DLİZ nömrəli X4 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən bir ədəd, 2011-ci il buraxlışı olan, Howo yuk markalı, ban LZZ5EXSD8BN649017 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh1 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq iddiaçı ilə cavabdehlər arasında bağlanmış 31.05.2019-cu il tarixli 03/0055/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər sözügedən müqavilənin 9.4 bəndinə əsasən lizinq alanın “lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 29400 manat təşkil edir. Bu ümumi məbləğdən 11570 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 30.06.2019cu il tarixdən hər ay müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun hər ay 1137,07 manat ödəniş etməlidir. Hazıradək cavabdeh 04.07.2019-cu il tarixdən 02.08.2019-cu il tarixədək cəmi 2322 manat ödəniş etmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və iddiaçıya məxsus “Howo yuk” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdeh və onun zaminlərinə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Yolçuyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 391,59 manat dövlət rüsumu iddiaçı tərəfindən səhvən artıq ödənilmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 31.05.2019-cu il tarixli 03/0055/DLİZ saylı daxili lizinq müqaviləsinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd “Hovo Yük” markalı, qırmızı etallik rəngli, mühərrik YAMZ-238-NZ ban LZZ5EXSD8BN649017 nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və 31.05.2022-ci il tarixədək qüvvədədir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 29400 manat təşkil edir. Bu məbləğdən 11570 manat lizinq verənin mükafatını təşkil edir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 31 may 2019-cu il tarixli 03/0055/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən lizinq verən və lizinq alan arasında bağlanmış 31 may 2019-cu il tarixli 03/0055/DLİZ saylı lizinq müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş “HOVO Yük” markalı avtomobilindən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizinq verənə 29400 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədilə zamin, lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan lizinq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən, lazımınca icra etmədikdə zamin lizinq alan ilə birlikdə lizinq verən qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. İddiaçı ilə cavabdeh X2 arasında bağlanılmış 31 may 2019-cu il tarixli 03/0055/DLİZ saylı zaminlik müqaviləsinə əsasən lizinq verən və lizinq alan arasında bağlanmış 31 may 2019-cu il tarixli 03/0055/DLİZ saylı lizinq müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş “HOVO Yük” markalı avtomobilindən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizinq verənə 29400 manat ödəməsi üzrə, lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin, lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, o, “HOVO Yük” markalı avtomobilin lizinq girovunda olduğu dövrdə avtomobildə yaranan hər hansı texniki nasazlıqlara görə iddiaçıya qarşı heç bir iddia və tələbinin olmayacağını öz öhdəsinə götürmüşdür. 31.05.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçıya məxsus “HOVO Yük” markalı LZZ5EXSD8BN649017 nömrəli şassi, YAMZ-238-N/Z nömrəli mühərrik, **- AE-*** dövlət qeydiyyat nişanları olan avtomobil müştəriyə təhvil verilmişdir. 09.12.2021-ci il tarixli 03/0055/DLİZ nömrəli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış 31.05.2019-cu il tarixli 03/0055/DLİZ X4 müqaviləsinə əsasən 09.12.2021-ci il tarixə cavabdehlərin 28239,28 manat əsas borc, 15281,37 manat mükafat borcu, 257,65 manat gecikdirilmiş cərimə məbləği, cəmi 43778,3 manat lizinq borcu mövcuddur. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışa əsasən hazırkı müqavilə üzrə iddiaçıya 04.07.2019-cu il tarixdə 1019 manat, 05.07.2019-cu il tarixdə 220 manat, 31.07.2019-cu il tarixdə 600 manat, 02.08.2019-cu il tarixdə 483 manat məbləğində pul ödənilmişdir. Nəqliyyat vasitəsinin AD seriyalı, 486159 saylı qeydiyyat şəhadətnaməsinə əsasən lizinq obyekti - “HOVO Yük” markalı LZZ5EXSD8BN649017 nömrəli şassi, YAMZ-238-N/Z nömrəli mühərrik, **-AE-*** dövlət qeydiyyat nişanları olan avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfdən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, 31.05.2019-cu il tarixli 03/0055/DLİZ X4 müqaviləsinə əsasən yaranmış 25779,92 manat borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 27 sentyabr 2021-ci il tarixli M02-00662-2021 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 203 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. 13.10.2021-ci il tarixli İB**********_374901_211013 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 203 manat məbləğində mediyasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 31.05.2019-cu il tarixdə 03/0055/DLİZ nömrəli X4 müqaviləsi, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 31 may 2019-cu il tarixli 03/0055/DLİZ nömrəli zaminlik müqaviləsi, iddiaçı ilə cavabdeh X2 arasında bağlanılmış 31 may 2019-cu il tarixli 03/0055/DLİZ saylı zaminlik müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdehlər həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə lizinq müqaviləsi üzrə iddiaçıya 28239,28 manat gecikdirilmiş əsas borcu və 12665,32 manat mükafat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış lizinq və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öz öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya lizinq və zaminlik müqavilələri, habelə Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 257,65 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iddia ərizəsində tərəflər arasında bağlanmış 31.05.2019-cu il tarixli 03/0055/DLİZ saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi tələbi də irəli sürülmüşdür. Belə ki, borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin lizinq və zaminlik müqavilələrinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiyini, nəticədə onların lizinq müqaviləsi üzrə iddiaçıya 28239,28 manat gecikdirilmiş əsas borcu və 12665,32 manat mükafat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 31.05.2019-cu il tarixli 03/0055/DLİZ nömrəli X4 müqaviləsi ləğv edilməli, iddiaçıya məxsus “Howo yuk” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə qaytarılmalı, cavabdehdən 28239,28 manat əsas borc, 12665,32 manat mükafat borcu və 257,65 manat cərimə, cəmi 41162,25 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 203 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci olaraq 200 manat cavabdehlərə aid edilməlidir. İddia ərizəsində 391,59 manat dövlət rüsumunun cavabdehlərdən tutulması tələbi irəli sürülsə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, həmin dövlət rüsumunun artıq ödənildiyi müəyyən edilmiş, iddiaçının nümayəndəsi tərəfindən də məhkəmə iclasında həmin rüsumun səhvən ödənildiyi və bunun nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 31.05.2019-cu il tarixli, 03/0055/DLİZ nömrəli X4 Müqaviləsi ləğv edilsin. İddiaçı MMC-yə məxsus “Howo yuk” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılsın. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 31.05.2019-cu il tarixli, 03/0055/DLİZ nömrəli X4 Müqaviləsinə əsasən yaranmış 28239.28 (iyirmi səkkiz min iki yüz otuz doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borc, 12665.32 (on iki min altı yüz altmış beş manat otuz iki qəpik) manat mükafat borcu, 257.65 (iki yüz əlli yeddi manat altmış beş qəpik) manat gecikdirilmiş cərimə məbləği, cəmi 41162.25 (qırx bir min yüz altmış iki manat iyirmi beş qəpik) manat lizinqi borcu məbləği, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 (iki yüz üç) manat mediator xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar