Məhkəmə qərarları › İş №e-2-2(113)-527/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-527/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-527/2025 01.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh hüquqi şəxs Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli 703 nömrəli subicarə müqaviləsi üzrə 23 iyul 2024-cü il tarixə subicarə haqqı borcu 1.053,62 (bir min əlli üç manat altmış iki qəpik) manat, ona hesablanmış cərimə borcu 13,87 (on üç manat səksən yeddi qəpik) manat, komunnal borc 351,74 (üç yüz əlli bir manat yetmiş dörd qəpik) olmaqla - borc 1.419,23 (bir min dörd yüz on doqquz manat iyirmi üç qəpik) manat və xx.xx.2023 -cü il tarixli, 704 nömrəli subicarə müqaviləsi üzrə 23 iyul 2024-cü il tarixə subicarəçi hüquqi şəxs Cavabdeh MMC-nin subicarə haqqı borcu 1.047,45 (bir min qırx yeddi manat qırx beş qəpik) manat, ona hesablanmış cərimə borcu 27,43 (iyirmi yeddi manat qırx üç qəpik) manat olmaqla - borc 1.074,88 (bir min yetmiş dörd manat səksən səkkiz qəpik) manat, ümumilikdə iki müqavilə üzrə cəmi borc 2.493,37 (iki min dörd yüz doxsan üç manat otuz yeddi qəpik) manat məbləğində pul tələbinin və 144,94 (bir yüz qırx dörd manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulması, habelə müvafiq qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə subicarəçi Cavabdeh MMC arasında 15 noyabr 2023-cü il tarixli, 703 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.metr ölçüsündə olan “2142” nömrəli qeyri-yaşayış sahəsini (tikiş sexi) subicarəyə verməyi, subicarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə uyğun olaraq, subicarəyə verilən sahədən istifadəyə görə subicarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üçün aylıq 400 (dörd yüz) manat (ƏDV daxil), fevral 2024-cü il tarixdən başlayaraq aylıq 800 (səkkiz yüz) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 703 saylı subicarə müqaviləsinə 23 iyul 2024-cü il tarixdə birtərəfli qaydada 526 №-li əmrlə xitam verilmişdir. Bundan başqa qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə subicarəçi Cavabdeh MMC arasında 15 noyabr 2023-cü il tarixli, 704 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 140 kv.metr ölçüsündə olan “2139” nömrəli qeyri-yaşayış sahəsini (anbar) subicarəyə verməyi, subicarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə uyğun olaraq, subicarəyə verilən sahədən istifadəyə görə subicarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üçün aylıü 200 (iki yüz) manat (ƏDV daxil), fevral 2024-cü il tarixdən başlayaraq aylıq 400 (dörd yüz) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 704 saylı subicarə müqaviləsinə 23 iyul 2024-cü il tarixdə birtərəfli qaydada 527 №-li əmrlə xitam verilmişdir. Subicarəçi hüquqi şəxs qeyd edilən hər iki müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş: -21 avqust 2024-cü il tarixli 04-02/Q-2024-M/190 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023 -cü il tarixli, 703 nömrəli subicarə müqaviləsi üzrə 23 iyul 2024-cü il tarixə subicarəçi hüquqi şəxs Cavabdeh MMC-nin subicarə haqqı borcu 1.053,62 (bir min əlli üç manat altmış iki qəpik) manat, ona hesablanmış cərimə borcu 13,87 (on üç manat səksən yeddi qəpik) manat, komunnal borc 351,74 (üç yüz əlli bir manat yetmiş dörd qəpik) olmaqla, cəmi borc 1.419,23 (bir min dörd yüz on doqquz manat iyirmi üç qəpik) manat məbləğindədir; -21 avqust 2024-cü il tarixli 04-02/Q-2024-M/190/1 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023 -cü il tarixli, 704 nömrəli subicarə müqaviləsi üzrə 23 iyul 2024-cü il tarixə subicarəçi hüquqi şəxs Cavabdeh MMC-nin subicarə haqqı borcu 1.047,45 (bir min qırx yeddi manat qırx beş qəpik) manat, ona hesablanmış cərimə borcu 27,43 (iyirmi yeddi manat qırx üç qəpik) manat olmaqla, cəmi borc 1.074,88 (bir min yetmiş dörd manat səksən səkkiz qəpik) manat məbləğindədir; Göründüyü kimi, qeyd edilən icarə müqaviləsi üzrə 23 iyul 2024-cü il tarixə subicarəçi hüquqi şəxs Cavabdeh MMC-nin hər iki müqavilə üzrə ümumi subicarə haqqı borcu 2.101,07 (iki min yüz bir manat yeddi qəpik) manat, ona hesablanmış cərimə borcu 41,30 (qırx bir manat otuz qəpik) manat, komunnal borc 351,74 (üç yüz əlli bir manat yetmiş dörd qəpik) manat olmaqla, cəmi borc 2.493,37 (iki min dörd yüz doxsan üç manat otuz yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən subicarəçi hüquqi şəxsin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir (qoşma ilə əlavə edilir). Bundan sonra, mübahisənin məhkəmədən kənar həll edilməsi Cavabdeh MMC-nin qanuni təmsilçisinə şifahi təklif olunmuş, cavabdeh hüquqi şəxs təklifə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh hüquqi şəxs Cavabdeh MMC subicarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı “icarə müqavilələri üzrə ödənilməmiş icarə haqqı və hesablanmış cərimə borcunun ödənilməsi, qeyri yaşayış sahələrinin boşaldılması və icarəçiyə təhvil verilməsi tələbinə dair" iddia ərizəsinin əsası yoxdur və aşağıda göstərilən əbəblərdən qismən təmin edilə bilər. Ground Services MMC-nin göndərdiyi qaimələr üzrə xx.xx.2023 xx.xx.2024-cü il dövr ərzində icarə haqqı üzrə ümumi məbləğ 6400 azn (5423,72, əsas +976, 27 ƏDV) kommunal xidmətlər üzrə ümumi məbləğ 1701.11 + 1441.61 əsas +259.5 ƏDV) təşkil edir. Beləliklə yuxarıda qeyd etdiyi dövr ərzində əsas məbləğ üzrə ümumilikdə (5423.72 + 1441, 61) = 6865, 33 AZN, ƏDV üzrə 1235.77 (976,26+259.5) ödənilməli idi. xx.xx.2024-cü il tarixli tapşırıq sənədi əlavə edilir. Əsas məbləğ üzrə 4519.azn ödəyib. Bu məbləğdən 2346,32 azn borcu qalır. (68xx.xx-4519.01) +2346.32 anz. Bu məbləğ ona qarşı olan iddia tələbindən 147 azn artıq yazılıb. ƏDV ödənişi ilə əlaqədar bildirir ki, 2024-cü ilin yanvar ayında başlayaraq tərəfindən cəmi 3153,96 azan ödənilmişdir.(sənədlər təqdim edirəm). Bu tələb olunan məbləğdən 1918.19 azn artıqdır. 1918.19 azn artıq olan məbləğ (31xx.xx-1235.77) 1222.77 Ground Services MMC tərəfindən ƏDV hesabımıza geri qaytarılmışdır. 695.42 azn mənim ƏDV hesabıma artıq ödəmə şəklində Ground Services MMC tərəfindən qaytarılmışdır. Beləliklə 2346.32 azn borcum və onların mənə 695.42 ƏDV borcları var. Yaranmış bu borc tikdiyimiz məhsulların ödənilməsi ilə əkaqədar olub. Borcun ödəməkdən imtina etməmişik. Sadəcə müvəqqəti maliyyə çətinliyi ilə əlaqədar işi dayandırmağa məcbur olmuşam. xx.xx.2024-cü il tarixdə müvəqqəti iş dayandırmışıq. Ground Services MMC bildirmişik. Ground Services MMC bir həftə sonra sexin və anbarın giriş qapılarını plomblamışdır, amma iddia tələbində məbləğ iyun ayını icarəsi tam şəkildə daxil edilmişdir. Qapılar polomlandıqdan sonra iyun ayının axırlarında işi yenidən bərpa etmək üçün müraciət etdik və icarə qurupunun əməkdaşları məzuniyyətdə olduqlarına görə bizə cavab verilməsi uzandı və iyul ayının 22-də tikiş sexinin tavanı divarları uçdu . Bizə bizə qonşu sex xəbər verdi.Biz dərhal icarə qurupuna müraciət etdik lakin onlar heç bir tədbir görmədi, əksinə bizi günahlandırdılar. Məcbur olub 23.07. 2024-cü il tarixdə FHN-qaynar xəttinə müraciət etdim. Bundan xəbər tutan Ground Services MMC 23.07.204-cü il tarixdə qanunsuz olaraq müqavilələrə xitam verdi. Binəqədi rayon FH və MM şöbəsi , Texniki təhlükəsizlik işinin təşkili və Tikintində Təhlükəsizlik Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi əraziyə gəlib baxış keçirrdi və normalara uyğun olmayan keyfiyətsiz təmir nəticəsində tavan və divarların uçması və işçilərin həyatı üçün təhlükəli ola biləcəyi AKT da göstərilmişdir. Bu yaranan vəziyyətdə Grand Sevinc heç bir tədbir görmədi. (FHN nazirliyinə onlar tərəfindən heç bir muraciət olmayıb) və Dövlət qurumlarının nümayəndələri gələndə Ground Services MMC-nin heç bir əməkdaşı iştirak etmədi. Bizim Ground Services MMC qarşı iddia tələbimiz ondan ibarətdir ki, divarlara və tavana Ground Services tərəfin təmir edilib . Biz tikiş sexinin təşkili üçün bütün elektrik sistemini işıqlanma sistemi və sex kosmetik təmir etmişik. Buna xərclənən vəsaitin təsdiq edən bütün sənədlərimiz və şahidlərimiz var. Hal – hazırda bütün gördüyümüz iş məhv olub. Çəkdiyimiz xərc batıb, mənə və F.Həsənovaya məxsus olan bütün tikiş avadanlıqları uçqun altında qalıb. Halbu ki, bu maşınlar cox həssas elektirik beyinə malikdir 16 nəfər işçi işsiz qalıb , yarımda qalan işi məcbur olub başqa yeni yerdə tamamlayıram. Ground Services MMC bizi yeni yerlə təmin etməkdən imtina etdi. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən sexə girişimiz 15 iyul tarixdən qadağan edilib və bu ay üçün nəzərdə tutulan icarə haqqı tələb edilə bilməz. Həmçinin iddia tələbində qeyri yaşayış sahələrinin boşaldılması və icarəçiyə təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir. AR Mülki Prosessual 154.1. İşdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kommunal xərclər ilə bağlı hər-hansı sübutları məhkəməyə təqdim edə bilmir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlamış 04 may 2023-cü il tarixli 3439 №-li dövlət əmlakının icarəyə verilməsi haqqında müqaviləyə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə "İcarəyəverən" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023cü il tarixli, 100 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3 (registr №***-*******0-001) ünvanında yerləşən, ümumi sahəsi 13754.4 m2 təşkil edən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X4 balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlamış 27 noyabr 2023-cü il tarixli 4141 №-li dövlət əmlakının icarəyə verilməsi haqqında müqaviləyə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə "İcarəyəverən" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023cii il tarixli, 232 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3 (registr № ***-*******0-003) ünvanında 9 mərtəbəli binanın 1-ci. 2-ci və 5-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 4014.4 m2 təşkil edən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X6 balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir.

11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, 703 nömrəli subicarə müqaviləsi imzalanmışdır.

12. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən Bakı şəhəri, Binəqədi rayonu. Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.metr ölçüsündə olan "2142” nömrəli qeyri-yaşayış sahəsini (bundan sonra "icarə obyekti") "tikiş sexi kimi” “İcarəçi”nin istifadəsinə verir;

13. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəsi ilə təsdiqlənən bu Əmlak Kompleksinə hüququ əsasında fəaliyyət göstərən İcarəyə verənin yazılı razılığı ilə bağlanır. Bu razılıq 3439 saylı 04 may 2023-cü il tarixli İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (xx.xx.2023-cü il tarixli, 100 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3 ünvanında yerləşən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X7) ilə İcarəçi "Azerbaijan Ground Services” MMC arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi əsasında verilmişdir.

14. Müqavilənin 1.3-cü bəndinə əsasən “İcarəçi" hazırki Müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını və qanunvericiliklə müəyyən edilmiş qaydada yaranan digər ödənişləri "İcarəyə verənə” ödəməyi öz öhdəsinə götürür.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən cari ilin 15 noyabr tarixindən 30 noyabr tarixinədək olan 15 gün müddətində "İcarəyə verən" tərəfindən "İcarəçi"yə qeyd edilən qeyriyaşayış sahəsinin təmir işləri ilə bağlı müəyyən edilmiş aylıq icarə haqqı məbləğində güzəşt olunur. Bu Müqavilə qüvvədə olduğu müddət ərzində "İcarəçi" “İcarəyə verən”ə 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üçün aylıq 400,00 (dörd yüz) manat (ƏDV daxil), fevral 2024-cü il tarixindən başlayaraq aylıq 800,00 (səkkiz yüz) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. "İcarəçi" icarə haqqından əlavə, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir; Su, işiq, qaz sərfıyyətinə görə ödənişlər X3 göstərilən tariflər əsasında ödənilir. Eektrik enerjisinə görə istismar xərcləri və enerji itkilərinə görə ödəniş əlavə olaraq hər kVts miqdarında aylıq 0,02 manat təşkil edir,

16. Müqavilənin 3.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı həmin ayın 20-dən gec olmayaraq İcarəçi tərəfindən İcarəyə verənin hesablaşma hesabına, köçürülmə yolu ilə, və ya müqavilədə göstərilmiş İcarəyəverəııin korporativ kart hesabına həyata keçiriləcəkdir.

17. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçi müqavilə bağlananda ilk ayın icarə haqqını öncədən ödəməlidir.

18. Müqavilənin 3.4-cü bəndinə əsasən icarə haqqı bu müqavilənin 3.2-ci bəndində göstərilmiş müddətdə ödənilmədikdə gecikdirilmiş borc məbləğinin gündəlik 0.1% olmaqla (cəmi hesablanmış cərimələr yekun borc məbləğinin 10 %-dən artıq olmamaq şərtilə) cərimə hesablanır.

19. Müqavilənin 3.5-ci bəndinə əsasən kommunal xidmətlər üçün ödəniş "İcarəçi" tərəfindən "İcarəyə verən”in hesablaşma hesabına həmin hesabın təqdim edilməsindən 5 (beş) iş günü ərzində və ya korporativ kart hesabına ödənilməlidir.

20. Müqavilənin 3.6-cı bəndinə əsasən icarə haqqının birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.

21. Müqavilənin 8.1-ci bəndinə əsasən bu Müqavilənin müddəalarının pozulmasına görə və Müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar;

22. Müqavilənin 8.2-ci bəndinə əsasən “İcarəçi" reklamla bağlı fəaliyyətinə görə məsuliyyət daşıyır, reklamla bağlı icazələri müvafiq dövlət orqanlarından alır və müvafiq ödənişləri həyata keçirir;

23. Müqavilənin 8.3-cü bəndinə əsasən ‘'İcarəçi" icarə haqqını 5 gündən artıq gecikdirdikdə:

24. Müqavilənin 8.3.1-ci bəndinə əsasən "İcarəyə verən" icarəçinin icarə obyektində, habelə bütövlükdə ticarət mərkəzində fəaliyyətini dayandıra bilər:

25. Müqavilənin 8.3.2-ci bəndinə əsasən “İcarəyə verən" icarəçinin icarə obyektində və bütövlükdə ticarət mərkəzində kommunal və sair xidmətlərdən faydalanmasını dayandırmağa haqlıdır;

26. Müqavilənin 8.3-cü bəndinə əsasən "İcarəçi” müqaviləyə xitam verdikdə, icarə obyektini icarəyə verənə tam yararlı vəziyyətdə geri təhvil verməlidir;

27. Müqavilənin 8.4-cü bəndinə əsasən icarəçi müqavilənin və ya qanunvericiliyin tələbini pozduqda, həmçinin müqaviləyə xitam verildikdə, icarəyə verən icarəçinin iştirakı olmadan icarə sahəsinə daxil ola. orada tədbirlər görə, habelə icarəçinin icarə sahəsindəki əmlakını icarə sahəsindən tamamilə və ya qismən çıxarda bilər. Bu şərtdən irəli gələn məsələləri icarəçi özü həll etmədikdə (müqavilənin və qanunun tələblərinə əməl edilməsinin təmin edilməsi, sahəni özünün boşaltması, icarə obyektinin təhvil verilməsi və sairə), bu tədbirləri həyata keçirən icarəyə verən, ondan yarana biləcək zərərə görə məsuliyyət daşımır.

28. Müqavilənin 8.5-ci bəndinə əsasən “İcarəyə verən” “İcarəçi”nin obyektdə yerləşən əmlakının təhlükəsizliyinə görə məsuliyyət daşımır.

29. Müqavilənin 8.6-ci bəndinə əsasən cərimənin (penya) ödənilməsi tərəflərin müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən azad etmir.

30. Müqavilənin 10.2-ci bəndinə əsasən "İcarəyə verən" müqaviləyə aşağıdakı hallarda birtərəfli qaydada xitam vermək hüququ var:

31. Müqavilənin 10.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində göstərilmiş müddətdə icarə haqqını sonradan ödənilməsindən asılı olmayaraq 2 (iki) ay müddətində ödəmədikdə. Müqavilənin ləğvi "İcarəçi"ni icarə və cərimə borcunu öhdəliyindən azad etmir.

32. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, 704 nömrəli subicarə müqaviləsi imzalanmışdır.

33. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən Bakı şəhəri, Binəqədi rayonu. Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 140 kv.metr ölçüsündə olan “2139” nömrəli qeyri-yaşayış sahəsini (bundan sonra "icarə obyekti") "anbar kimi” “İcarəçinin istifadəsinə verir;

34. Müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəsi ilə təsdiqlənən bu Əmlak Kompleksinə hüququ əsasında fəaliyyət göstərən İcarəyəverənin yazılı razılığı ilə bağlanır. Bu razılıq 3439 saylı 04 may 2023-cü il tarixli İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (xx.xx.2023-cü il tarixli, 100 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu. 3 ünvanında verləşən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X7) ilə İcarəçi “Azerbaijan Ground Services" MMC arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi əsasında verilmişdir.

35. Müqavilənin 1.3-cü bəndinə əsasən "İcarəçi” hazııki Müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını və qanunvericiliklə müəyyən edilmiş qaydada yaranan digər ödənişləri “İcarəyə verənə” ödəməyi öz öhdəsinə götürür.

36. Müqavilənin 3.1-ci bəndinə əsasən cari ilin 15 noyabr tarixindən 30 noyabr tarixinədək olan 15 gün müddətində "İcarəyə verən” tərəfindən "İcarəçi”yə qeyd edilən qeyriyaşayış sahəsinin təmir işləri ilə bağlı müəyyən edilmiş aylıq icarə haqqı məbləğində güzəşt olunur. Bu Müqavilə qüvvədə olduğu müddət ərzində “İcarəçi” "İcarəyə verən"ə 2023-cii ilin dekabr və 2024-cii ilin yanvar ayları üçün aylıq 200,00 (iki yüz) manat (ƏDV daxil), fevral 2024-cii il tarixindən aylıq 400,00 (dörd yüz) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. “İcarəçi” icarə haqqından əlavə, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir; Su, işiq, qaz sərfiyyətinə görə ödənişlər X3 göstərilən tariflər əsasında ödənilir. Eektrik enerjisinə görə istismar xərcləri və enerji itkilərinə görə ödəniş əlavə olaraq hər kVts miqdarında aylıq 0,02 manat təşkil edir.

37. Müqavilənin 3.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı həmin ayın 20-dən gec olmayaraq İcarəçi tərəfindən İcarəyə verənin hesablaşma hesabına, köçürülmə yolu ilə, və ya müqavilədə göstərilmiş İcarəyəverənin korporativ kart hesabına həyata keçiriləcəkdir.

38. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçi müqavilə bağlananda ilk ayın icarə haqqını öncədən ödəməlidir.

39. Müqavilənin 3.5-ci bəndinə əsasən icarə haqqı bu müqavilənin 3.2-ci bəndində göstərilmiş müddətdə ödənilmədikdə gecikdirilmiş borc məbləğinin gündəlik 0.1% olmaqla (cəmi hesablanmış cərimələr yekun borc məbləğinin 10 %-dən artıq olmamaq şərtilə) cərimə hesablanır.

40. Müqavilənin 3.5-ci bəndinə əsasən kommunal xidmətlər üçün ödəniş "İcarəçi" tərəfindən “İcarəyə verənin” hesablaşma hesabına həmin hesabın təqdim edilməsindən 5 (beş) iş günü ərzində və ya korporativ karı hesabına ödənilməlidir.

41. Müqavilənin 3.6-cı bəndinə əsasən icarə haqqının birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.

42. 15 noyabr 2023-cü il tarixli qeyri-yaşayış sahəsinin təhvil-təslimi haqqında Akta əsasən Bakı şəhəri, Binəqədi rayonu. Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.metr ölçüsündə olan "2142” nömrəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir.

43. 15 noyabr 2023-cü il tarixli qeyri-yaşayış sahəsinin təhvil-təslimi haqqında Akta əsasən Bakı şəhəri, Binəqədi rayonu. Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 140 kv.metr ölçüsündə olan “2139” nömrəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir.

44. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb edilmiş və beş gün müddət ərzində öhdəliklər yerinə yetirilmədiyi təqdirdə icarəçi şəxslə 3 gün ərzində akt tərtib olunaraq icarə müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Qeyd edilən məktub cavabdehə poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixində çatdırılmışdır.

45. 23 iyul 2024-cü il tarixli 526 №-li Əmrə əsasən İddiaçı MMC tərəfindən 15 noyabr 2023-cü il tarixli, 703 nömrəli subicarə müqaviləsinə 23 iyul 2024-cü il tarixdən etibarən xitam verilmişdir.

46. 23 iyul 2024-cü il tarixli Subicarə müqaviləsinə xitam verilməsi barədə Akta əsasən 15 noyabr 2023-cü il tarixli, 703 nömrəli subicarə müqaviləsinə icarə haqqına ödəniş etmədiyinə görə müqaviləyə birtərəfli qayda da xitam verilir və icarəçinin icarəyə verənə borcu 1016, 95 manat olduğu müəyyən edilmişdir.

47. 23 iyul 2024-cü il tarixli 527 №-li Əmrə əsasən İddiaçı MMC tərəfindən 15 noyabr 2023-cü il tarixli, 704 nömrəli subicarə müqaviləsinə 23 iyul 2024-cü il tarixdən etibarən xitam verilmişdir.

48. 23 iyul 2024-cü il tarixli Subicarə müqaviləsinə xitam verilməsi barədə Akta əsasən 15 noyabr 2023-cü il tarixli, 704 nömrəli subicarə müqaviləsinə icarə haqqına ödəniş etmədiyinə görə müqaviləyə birtərəfli qayda da xitam verilir və icarəçinin icarəyə verənə borcu 1694,91 manat olduğu müəyyən edilmişdir.

49. 21.08.2024-cü il tarixli, 04-02/Q-2024-M/190 və 04-02/Q-2024-M/190/1 saylı maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 1053,62 manat, ona hesablanmış cərimə borcu 13,87 manat, kommunal borcu 351,74 manat, cəmi borc 1419,23 manat və 2139 saylı mağaza üzrə xx.xx.2024-cü il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 1047,45 manat, ona hesablanmış cərimə borcu 27,43 manat, cəmi borc 1074,88 manat təşkil etdiyi qeyd olunmuşdur.

50. xx.xx.2024-cü il tarixli, 04-02/V-2024-M/242/1 saylı maliyyə arayışına əsasən 2139 saylı mağaza üzrə xx.xx.2024-cü il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 1047,45 manat, ona hesablanmış cərimə borcu 27,43 manat, cəmi borc 1074,88 manat təşkil etdiyi qeyd olunmuşdur.

51. İddiaçı tərəfindən cavabdehə 2023-2024-cü il tarixlərini əhatə edən dövr üzrə müxtəlif məbləğlərdə e-qaimələr göndərilmişdir.

52. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC ilə cavabdeh – Cavabdeh MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi haqqında 703 və 704 saylı xx.xx.2023-cü il tarixli müqavilələrinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə və maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə (hər müqavilə üzrə ayrı-ayrılıqda) əsas borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3378 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına əsasən İddiaçı MMC ilə subicarəçi Cavabdeh MMC arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, 703 və 704 Ns-ii subicarə müqavilələrinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə (hər müqavilə üzrə ayr-ayrılıqda) əsas borcun məbləği aşağıdakı kimi müəyyən edilir: 15 noyabr 2023-cü il tarixli 703 №-li subicarə müqaviləsi üzrə 1053,62 manat; 15 noyabr 2023-cü il tarixli 704 №-li subicarə müqaviləsi üzrə 1047,45 manat məbləğində müəyyən edilmişdir.

54. Məhkəmə, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

55. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Göründüyü kimi tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair sub-icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilələr üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

59. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

60. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

61. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

62. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

63. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

64. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

65. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

66. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

67. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair sub-icarə müqavilələri bağlanmışdır. Həmin Müqavilələrin 1.3-cü bəndinə əsasən “İcarəçi" hazırki Müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını və qanunvericiliklə müəyyən edilmiş qaydada yaranan digər ödənişləri "İcarəyə verənə” ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdehin müqavilələr üzrə ödənilməmiş borcu qalmışdır.

68. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3378 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına əsasən İddiaçı MMC ilə subicarəçi Cavabdeh MMC arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, 703 və 704 Ns-ii subicarə müqavilələrinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə (hər müqavilə üzrə ayr-ayrılıqda) əsas borcun məbləği aşağıdakı kimi müəyyən edilir: 15 noyabr 2023-cü il tarixli 703 №-li subicarə müqaviləsi üzrə 1053,62 manat; 15 noyabr 2023-cü il tarixli 704 №-li subicarə müqaviləsi üzrə 1047,45 manat məbləğində müəyyən edilmişdir, həm iddiaçının, həm cavabdehin mənafelərini nəzərə alaraq, ekspert rəyi əsas götürülə bilər.

69. Məhkəmə hesab edir ki, icarəyə verilən qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi təqdim olunmuş sübutlarla- müqavilə, təhvil-təslim aktı, e-qaimə, ödənişlərlə və ekspert rəyi ilə təsdiqini tapdığından iddia tələbinin əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Beləliklə xx.xx.2024-cü il tarixli 703 nömrəli subicarə müqaviləsi üzrə 1053,62 manat əsas borc, xx.xx.2023 -cü il tarixli 704 nömrəli subicarə müqaviləsi üzrə 1047,45 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

70. Bundan əlavə, iddiaçı əsas borcun gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixli 703 nömrəli subicarə müqaviləsi üzrə 13,87 manat məbləğində və xx.xx.2023 -cü il tarixli 704 nömrəli subicarə müqaviləsi üzrə 27,43 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

72. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

73. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

74. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

75. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

76. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2024-cü il tarixli 703 nömrəli subicarə müqaviləsi üzrə 13,87 manat və xx.xx.2023 -cü il tarixli 704 nömrəli subicarə müqaviləsi üzrə 27,43 manat məbləğində müəyyən edilməlidir.

77. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli 703 nömrəli subicarə müqaviləsi üzrə 1047,45 manat əsas borc, 13,87 manat və xx.xx.2023 -cü il tarixli 704 nömrəli subicarə müqaviləsi üzrə 1053,62 manat əsas borc, 27,43 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

78. 351,74 manat kommenal xərcin tutulması tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, tələbin bu hissəsinə dair (kommunal xərcin nədən ibarət olması, hansı dövrü əhatə etməsi, hansı formada formalaşması, cavabdehin qaz-su-işıq sərfiyyatının nəgədər olması və s.) iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyi üçün iddia bu hissədə təmin edilə bilməz.

79. Qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi tələblərini məhkəmə əsaslı hesab edərək aşağıdakıları qeyd edir.

80. Tərəflər arasında bağlanmış müqavilələrnin 10.2-ci bəndinə əsasən "İcarəyə verən" müqaviləyə aşağıdakı hallarda birtərəfli qaydada xitam vermək hüququ var:

81. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində göstərilmiş müddətdə icarə haqqını sonradan ödənilməsindən asılı olmayaraq 2 (iki) ay müddətində ödəmədikdə. Müqavilənin ləğvi "İcarəçi"ni icarə və cərimə borcunu öhdəliyindən azad etmir.

82. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən "İcarəçi” müqaviləyə xitam verdikdə, icarə obyektini icarəyə verənə tam yararlı vəziyyətdə geri təhvil verməlidir.

83. Qeyd olunanlardan göründüyü kimi tərəfər arasında müqavilə münasibətlərinə artıq xitam verilmişdir, lakin buna baxmayaraq cavabdeh qeyri-yaşayış sahələrini boşaldılaraq iddiaçıya təhvil verməmişdir.

84. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədədə əsaslıdır və təmin edilərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən sahəsi 200 kv.m ölçüsündə olan 2142 saylı və Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən sahəsi 140 kv.m ölçüsündə olan 2139 saylı qeyri-yaşayış sahələri boşaldılaraq İddiaçı MMC-yə geri qaytarılmalıdır.

85. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 144,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

86. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

87. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

V. Nəticə:

88. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli 703 nömrəli subicarə müqaviləsi üzrə 1053,62 manat icarə haqqı borcu, 13,87 manat dəbbə pulu; xx.xx.2023 -cü il tarixli 704 nömrəli subicarə müqaviləsi üzrə 1047,45 manat icarə haqqı borcu və 27,43 manat dəbbə pulu olmaqla, cəmi 2142,37 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 42 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən sahəsi 200 kv.m ölçüsündə olan 2142 saylı və Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən sahəsi 140 kv.m ölçüsündə olan 2139 saylı qeyri-yaşayış sahələri Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar