Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5272/2023 30.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sahibkarlıq sahəsində yoxlamalara dair qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq İddiaçı MMC-yə məxsus 75083229 saylı qaz sayğacına hesabladığı qanunsuz və əsassız 26852,35 manat məbləğində borcun silinməsi, xx.xx.2023-cü il tarixli müvəqqəti təmin tədbirinin tətbiq edilməsi barədə ərizə üçün ödənilmiş 17,10 manat məbləğində dövlət rüsumunun, xx.xx.2023-cü il tarixli iddia ərizəsinə görə ödənilmiş 170,56 manat məbləğində dövlət rüsumunun, həmçinin iddia ərizəsi ilə birlikdə təqdim edilən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə görə ödənilmiş 17,10 manat məbləğində dövlət rüsumunun və İddiaçı MMC-nin vəkili Vəkil xx.xx.2023-cü il tarixli, 1957 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə əsasında xidmət haqqı müqabilində ödənilmiş 200 manat məbləğində vəsaitin (ümumilikdə 404,76 manat) Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə iddiaçı arasında olan xx.xx.2021-ci il tarixli, AMX-2164/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.1-ci bəndinə görə istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. İndiki halda cavabdeh öz öhdəliklərini müqavilədən və mülki hüquqi münasibətlərdən irəli gələn qaydada icra etməmiş, bununla belə sahibkarlıq sahəsində fəaliyyət göstərən qurumda qanunsuz və əsassız yoxlama apararaq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh iddiaçıya rəsmi müraciət etmədən iddiaçının qaz xətti üzərində quraşdırılmış G250 markalı, 75083229 nömrəli, rotor tipli “Elster” qaz sayğacı xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndələri tərəfindən xətdən çıxarılmış, xx.xx.2023-cü il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlaması haqqında SS-14-2-2/3-5-6646 nömrəli əsassız akt tərtib edilmişdir. Cavabdeh İB-nin növbəti ******* saylı əsassız təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın nəticə hissəsinə görə SS-14-2-2/3-5-6646 nömrəli akta əsasən xx.xx.2023-cü ildə korrektor sönmüşdür. Korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 507222 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Nəticədə “dəymiş ziyan” 92303 olaraq hesablanaraq iddiaçıya 26852,35 (iyirmi altı min səkkiz yüz əlli iki manat otuz beş qəpik) əsassız borc iddiası irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilən materiallardan da aydın göründüyü kimi, cavabdeh yoxlamanı və yoxlamanın nəticələrinə dair aktları xx.xx.2023-cü il tarixində yekunlaşdırmış, lakin sahibkarlıq sahəsinda араrılаn yoxlamaların vahid malumat reyestrindan çıxarışı 10 iyul 2023-cü il tarixində çap etmiş, həmin tarixdən geriyə yoxlama tarixi qeyd edə bilmədiyi üçün də yoxlamanın müddətini başlama, sona çatma tarixini xx.xx.2023-xx.xx.2023 tarixləri arasına həqiqətə uyğun olmayan şəkildə daxil etmişdir. Cavabdeh yuxarıda sadalanan qanunsuz əməllərini bununla da yekunlaşdırmamış, iddiaçı tərəfə xx.xx.2023-cü il tarixində “Debitor borcun ödənilməsi haqqında” 346 saylı bildiriş göndərmişdir. Həmin bildiriş ilə iddiaçı tərəfə yazılmış qanunsuz 26852,35 (iyirmi altı min səkkiz yüz əlli iki manat otuz beş qəpik) məbləğində borcun xx.xx.2023-cü il tarixinədək iddiaçı tərəfə ödənilməyəcəyi təqdirdə müəssisənin qaz təminatını xəbərdarlıq etmədən dayandıracağı barədə hədələmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanuna və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, AMX-2164/21 nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
8. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, SS-14-2-2/3-5-6646 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 14-2-2/3-5-6646 saylı, xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Naftalan rayon Xidmət sahəsinin X1 xətti üzərində quraşdırılmış G250 markalı, 75083229 nömrəli, rotor tipli “Elster” qaz sayğacı xx.xx.2023cu il tarixində xətdən çıxarılmış (Forma-2 ********), xx.xx.2023-cü il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir: 1) İlkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu müəyyən edildi. Korrektor sönüb, normaldır. Termonaqilin izolyasiya qatı zədəlidir. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. 2) Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 3) Ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2022-ci il tarixində sönüb. Pbaza=1.01325 bar, Tbaza=20°C. Göstəricilər Vot=3976797 m3, Vot=3248656 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 507222 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviridən normaldır.
9. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, SS-14-2-2/3-5- 6646 nömrəli akta əsasən xx.xx.2022-ci ildə korrektor sönüb. Korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 507222 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. 507222 x 1.15 = 583305; 583305 + 60500 + 2197 = 646002; 646002 – 553699 = 92303 m3
10. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 92303 m3 müəyyən edilmişdir.
11. X4 istismarı idarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 346 saylı “Debitor borcun ödənilməsi haqqında” bildiriş (xəbərdarlıq) məktubunda qeyd edilmişdir ki, müəssisədə (İddiaçı MMC) istifadə olunmuş təbii qaza görə xx.xx.2023cü il tarixinə ümumi 26852,35 manat borc yaranmışdır. Bununla əlaqədar olaraq ümumi borcun 26852,35 manat məbləğinin xx.xx.2023-cü il tarixinədək İddiaçı MMC tərəfindən ödənilməsi təmin olunmalı idi. Odur ki, İddiaçı MMC-yə dəfələrlə xəbərdarlıq (bildiriş) verilməsinə baxmayaraq, tərəfinizdən debitor borc ödənilməmişdir. Qeyd olunan gecikmiş borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənişi İddiaçı MMC tərəfindən təmin olunmalıdır. Əks təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nm 5.5-ci bəndinin tələblərinə əsasən (Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.) müəssisənin qaz təminatı xəbərdarlıq edilmədən dayandırılacaq və müəssisənin fəaliyyəti ilə bağlı yaranacaq hər hansı bir neqativ hala X4 İstismar İdarəsi məsuliyyət daşımayacaqdır.
12. xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC-nin qeyd edilən tarixə ümumilikdə borcu 20773,16 manat (sayğac oxunması: 733539 manat + aktlar: 30129,95 manat – ödəmələr: 742895,79 manat = son borc: 20773,16 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2023-cü ilin iyun ayı üçün akt üzrə 23075,75 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq
13. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
18. İddia tələbi cavabdeh tərəfindən iddiaçıya hesablanan 26852,35 manat məbləğində borcun silinməsindən ibarətdir.
19. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının qaz xətti üzərində quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndələri tərəfindən xətdən çıxarılmış, sayğacın laboratoriyada yoxlanması haqqında akt tərtib edilmişdir. Aktda korrektorun söndüyü, korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı göstərilmiş, nəticədə dəymiş ziyana görə iddiaçıya iddia olunduğu kimi 26852,35 manat deyil, 23075,75 manat borc hesablanmışdır.
19. Cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş reyestrdən çıxarışdan göründüyü kimi, cavabdeh yoxlamanı və yoxlamanın nəticələrinə dair aktları xx.xx.2023-cü il tarixinədək yekunlaşdırdıqdan sonra müraciət etmiş, çıxarışda yoxlamanın müddətinin xx.xx.2023-xx.xx.2023 tarixləri aralığını əhatə edəcəyi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
20. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, iddiaçı tərəfindən bir sıra ödənişlər edildiyindən hazırda qalan borcun 20773,16 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 20773,16 manat (iyirmi min yeddi yüz yetmiş üç manat on altı qəpik) məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.
21. İddiaçı xx.xx.2023-cü il tarixli müvəqqəti təmin tədbirinin tətbiq edilməsi barədə ərizə üçün ödənilmiş 17,10 manat məbləğində dövlət rüsumunun, xx.xx.2023-cü il tarixli iddia ərizəsinə görə ödənilmiş 170,56 manat məbləğində dövlət rüsumunun, həmçinin iddia ərizəsi ilə birlikdə təqdim edilən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə görə ödənilmiş 17,10 manat məbləğində dövlət rüsumunun və İddiaçı MMC-nin vəkili Vəkil xx.xx.2023-cü il tarixli, 1957 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə əsasında xidmət haqqı müqabilində ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
22. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı tərəfindən mediasiya prosesində 60 manat ödənilmiş, ödənilməli olan dövlət rüsumunun məbləği 110,56 manat olmuşdur. Həmçinin müvəqqəti təmin tədbirinin tətbiq edilməsi barədə ərizənin verilməsi üçün rüsumlar ödənilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 200 (iki yüz) manat hüquqi yardım xərci və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumlarına görə 112 (yüz on iki) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 20773,16 manat (iyirmi min yeddi yüz yetmiş üç manat on altı qəpik) məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinsin. Cavabdehndən 200 (iki yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumlarına görə 112 (yüz on iki) manat olmaqla, cəmi 312 (üç yüz on iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova