Məhkəmə qərarları › İş №e-2-2(113)-5279/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5279/2022

16.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5279/2022 16.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “hüquqi şəxsin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “hüquqi şəxsin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 aprel 2022-ci il tarixdə İddiaçı ASC-nin illik ümumi yığıncağı keçirilmişdir. İddiaçı ASC-nin Nizamnaməsinin 6.3-cü maddəsinin 14cü hissəsində səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilən məsələlərdən biri də cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və onun hesabatının təsdiq edilməsi haqqında qərarların qəbul edilməsidir. Nizamnamənin 11.1-ci maddəsinə əsasən Cəmiyyət aşağıdakı hallarda ləğv edilə bilər: səhmdarların ümumi yığıncağının qərarı ilə; iflas elan olunduqda; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda İqtisad məhkəməsinin qərarı ilə. Nizamnaməyə uyğun olaraq 29 aprel 2022-ci il tarixdə keçirilən ümumi yığıncaqda gündəliyə çıxarılan məsələlərdən biri də İddiaçı ASC-nin ləğv edilməsi olmuşdur. Yığıncaqda qeyd olunmuşdur ki, İddiaçı ASC-nin 2020-2021-ci illər ərzində heç bir işi olmamışdır. Maşın mexanizmləri uzun müddət istismar olunduqları üçün köhnəlmişdir, təmir üçün xeyli vəsait tələb olunur. Podrat iş həcmləri olmadığı üçün ASC-nin saxlanılması mümkün deyil. Ona görə də Cəmiyyətin ləğv olunması təklif olunmuşdur. Lakin İddiaçı ASC-nin səsvermə hüququna malik olan səhmdarları Cavabdeh nümayəndəsi və Cəmilov Kamil Cəmiyyət (vəfat etmişdir) oğlunun nümayəndəsi tərəfindən cəmiyyətin ləğv olunmasına razılıq verilməmişdir. Nəticədə cəmiyyətin ümumi yığıncağında Cəmiyyətin ləğv olunmaması qərara alınmışdır. İddiaçı ASC hal-hazırda formal olaraq mövcuddur. Yəni cəmiyyət faktiki olaraq fəaliyyətsiz qalmışdır. Səhmdar cəmiyyətinin mülkiyyətində olan əmlaklar və mexanizmlər uzun müddət istismar olunduğu üçün köhnəlmiş, yenilərini əldə etmək və ya təmir etdirmək isə çox böyük xərc tələb edir. Nəticədə səhmdar cəmiyyətinin gəlir əldə edə bilməməsi onun çox böyük maddi zərərə məruz qalmasına gətirib çıxarır. Belə olan halda İddiaçı ASC-nin ləğv edilməsi daha məqsədəuyğundur. Cəmiyyətin ləğv edilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq razılıq əldə olunmamışdır. Həmçinin cavabdeh tərəf ilə mübahisənin məhkəmədən əvvəlki həlli üsulu olaraq mediasiya prosesində də razılıq əldə olunmamışdır. Bu səbəbdən İddiaçı ASC-nin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbinə münasibətdə heç bir hüquqi əsaslandırma yoxdur. ASC-nin ləğvi məsələsi ümumi yığıncağın gündəliyinə daxil edilmiş, yığıncaqda səs çoxluğu ilə ASC-nin ləğv edilməməsi qərara alınmışdır. Bundan əlavə, ASC 2021-ci ili mənfəətlə başa vurmuş, onun müflis elan edilməsi üçün də əsaslar mövcud deyildir. İddia ərizəsində göstərilən hallar (ASC-nin hər hansı işinin olmaması, avadanlıqların köhnəlməsi və sairə) qanunvericiliklə ASC-nin məhkəmə tərəfindən ləğv edilməsi üçün nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı hər vəchlə ASC-nin ləğvinə nail olmağa çalışır. Əlavə olaraq ASC-nin səhmdarlarının sayı 100 nəfərdən çoxdur. İddiaçı tərəfindən hansı əsaslara görə məhz Cavabdeh kimi cəlb edilməsi anlaşılan deyildir. İddia tələbinin hər hansı əsasının olmaması səbəbindən iddianın rədd edilməsini xahiş edir. Tərəflərin izahatı: Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı bir dəfə də hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, sonradan iddiaçının vəsatəti əsasında həmin iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bir neçə ay sonra iddiaçı yenidən eyni iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı MPM-nin tələblərinə əsasən əsassız iddia verdiyi üçün cərimə edilməli, bundan əlavə yazılı vəsatət verərək göstərmişdir ki, iş vaxtının itirilməsi, habelə hüquqi yardımla bağlı cavabdeh tərəfindən çəkilmiş ümumilikdə 420 manat xərc iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 15 mart 2002-ci il tarixdə 0102-A1-274 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı ASC-nin Nizamnməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı ********* manat və ya 86300 ədəd səhmdir. Bir səhmin nominal dəyəri 10000 manatdır. Nizamnamənin 4.9-cü bəndinə əsasən cəmiyyət dövlət qeydiyyatına alındığı gündən eyni nominal qiyməti olan səhmlər buraxıb: adi səhmlər 86300 ədəd və ya nizamnamə kapitalında faizlə 100 % və imtiyazlı səhmlər buraxılmır. Nizamnamənin 6.3-cü bəndinə əsasən səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid məsələlərdən biri də cəmiyyətin ləğvi, ləğvetmə komissiyasının yaradılması və onun hesabatının təsdiq edilməsi haqqında qərarların qəbul edilməsidir. Nizamnamənin 11.1-ci bəndinə əsasən cəmiyyət aşağıdakı hallarda ləğv oluna bilər: - Səhmdarların ümumi yığıncağının qərarı ilə; - İflas elan olunduqda; - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda iqtisad məhkəməsinin qərarı ilə. xx.xx.2022-ci il tarixli AB 31028233 nömrəli depo hesabından çıxarışdan görünür ki, Cavabdeh 36745 ədəd qiymətli kağızı vardır. xx.xx.2022-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrindən görünür ki, İddiaçı ASC-nin 86300 ədəd yerləşdirilmiş səhmləri vardır. "xxxx" ASC-nin Səhmdarlarının illik ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli 01 nömrəli protokolundan görünür ki, cəmiyyətin gündəlikdə duran məsələləri cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı, cəmiyyətin ləğv olunması, cəmiyyətin ləğv olunası ilə əlaqədar ləğetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlər olmuşdur. Yekunda 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə mənfəətin bölüşdürülməsi təsdiq edilmiş, səhmdar Cəmiyyətin ləğv olunmaması qərara alınmış, səhmdar cəmiyyət ləğv olunmadığı üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunmamışdır. İddiaçı tərəfindən verilmiş 10 may 2022-ci il tarixli 14 nömrəli əmrdən görünür ki, iddiaçının 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə səhmdarların ümumi yığıncağının qərarı icra üçün qəbul edilməsi, ASC-nin 2021-ci il üzrə maliyyətəsərrüfat fəaliyyətinin nəticələrinə görə sərbəst mənfəətin bölüşdürülməsi səhmdarların 29 aprel 2022-ci il tarixli ümumi yığıncağın qərarında əsasən bölüşdürülməsi aparılması, 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividenlərin ödənilməsinin məcburi köçürmələr aparıldıqdan sonra ödənilməsi, ödənişlərin aparılmasının hesablaşma-hesabına vəsaitlərin daxil olması ilə əlaqədar hissə-hissə aparılması, səhmdarlara dividenlərin ödənilməsinin ASC-nin baş mühasibinə həvalə edilməsi əmr edilmişdir. İddiaçı tərəfindən cavabdehə ərizə ünvanlanaraq Cəmiyyətin ləğv edilməsinə razılıq verilməsi tələb edilmiş, əks təqdirdə Məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3878/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardada əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı “hüquqi şəxsin ləğv edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2-ci maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: - onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; - hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; - lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə. - məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxsin məhkəmə qaydasında ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından hazırkı iddia tələbi təmin olunmamalıdır. Məhkəmə cavabdehin vəsatəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2022-ci il tarixdə elektron qaydada Məhkəməyə cavabdehlə aralarında bağlanmış hüquqi yardımın göstərilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilə, habelə ödəniş qəbzini təqdim etmişdir. Lakin həmin sənədlər Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər deyil, bilavasitə məhkəmə baxışı zamanı təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Materiallardan göründüyü kimi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/6-3434 nömrəli arayışa əsasən, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “hüquqi şəxsin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş “məhkəmə xərclərinin iddiaçıdan tutulması barədə” vəsatət təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar