Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5287/2025 20.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Veli Kulievin cavabdehlər “X6” ASC-yə, Bakı şəhəri 4 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 olmaqla) “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: icra qeydi, müqavilənin etibarsızlığı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı Veli Kuliev, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Veli Kulievin cavabdehlər “X6” ASC-yə, Bakı şəhəri 4 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 olmaqla) “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Veli Kuliev (bundan sonra – iddiaçı) cavabdeh “X6” Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək, cavabdeh “X6” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 17 ünvanında yerləşən 4 nömrəli mənzilə dair xx.xx.2021-ci il tarixli, 71UGİ/21 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin ilə mənim aramda xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlanan zaman mənim mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməli olmasımənə bildirilmişdir. Mən Banka etibar edərək bu müqavilələrin bağlanmasına razılıq vermişəm. Lakin Bank mənim etibarımdan suiistifadə edərək əmlakımı ipoteka ilə yüklü etən zaman əmlakın qiymətini dəyərindən qat-qat aşağı müəyyən etmişdir. Belə ki, mənim mənzilim tam təmirli olmaqla ümumi sahəsi 77.17 kv.m təşkiletir. Buna baxmayaraq mənzil 92000 manat qiymətləndilməklə girova götürülmüşdür. 2021-ci il tarixində götürülən kredit bağlandıqdan sonra 2023-cü il tarixində təkrarən mənə kredit verilmiş və xx.xx.2023-cü il tarixli, 145G/23 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu kredit müqaviləsi bağlanan zaman mən mənzilimi girov qoymamışam. Bu halda da Bank məni aldadaraq əmlakımı ikinci dəfə girov götürmüş lakin bu barədə mənə heç bir sənəd təqdim etməmişdir. Mən yalnız 2021-ci il tarixli kredit müqaviləsi üzrə əmlakımı girov qoymuşam. Bank tərəfindən mənə xx.xx.2023-cü il tarixli, 145G/23 nömrəliəlavə kredit müqaviləsi üzrə əmlakımın girova götürülməsinə dair heç bir sənəd verilməmişdir. Nəzərinizə çatdırıram ki, mən Rusya Federasiyasının vətəndaşıyam və latın qrafikalı əlifba ilə nə yaza bilirəm nə də oxuya bilirəm. Bank da bundan istifadə etməklə məni aldatmış və mənzilimi 92000 manat qiymətləndirərək məni pis vəziyyətə salmışdır. Hazırda isə öz hüquqlarından suiistifadə edərək əmlakım barədə icra qeydi verdirərək əmlakımı 92000 manata əldə etməyə çalışr. Buna dair Sabunçu rayon Məhkəməsinin icraatında 2(008)- 8514/2024 nömrəliməhkəmə işi davam etməkdədir. xx.xx.2023-cü il tarixində mənimlə "xxxx" ASC arasında (Qara Qarayev filialı) 145G/23 nömrəli Əlavə Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Bank” tərəfindən mənə verilən kreditin məbləği 150 000 manat təşkil edir. Kredit 24 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 16 faizlə ödəmək şərti ilə verilmişdir. Kreditin məqsədli təyinat: Kredit məbləği (8200 manat) bank qarşısındakı xx.xx.2023 tarixli, 31G/23 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə, qalan 141 800 manat hissəsi isə Dövrüyyə vəsatilərinin artırılmasına yönəldilmişdir. xx.xx.2023-cü il tarixli Əlavə kredit müqaviləsi də latın qrafiki ilə və kiçik həriflərlə yazılmış mən də bnu oxuya bilməmişəm.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2830/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5287/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
5. İddiaçı Veli Kuliev cavabdeh Bakı şəhəri 4 saylı Notariat Ofisinə qarşı “8İ-5887 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Notariat Ofisi tərəfindən verilmiş "xxxx" ASC-nin xeyrinə ondan 124235.71 manat tutulması və tələbin X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsinə dair 8İ-5887 nömrəli, xx.xx.2024-cü il tarixli İcra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs "xxxx" ASC-nin tələbi ilə 4 saylı Notariat Kontoru tərəfindən 124235.71 AZN məbləğində pulun tutulmasına dair 8İ- 5887 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir. xx.xx.2023-cü il tarixində mənimlə "xxxx" ASC arasında (Qara Qarayev filialı) 145G/23 nömrəli əlavə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən mənə verilən kredit məbləği 150000 manat təşkil edir. Kredit 24 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 16 faizlə ödəmək şərti ilə verilmişdir. Kreditin məqsədli təyinat: Kredit məbləği (8200 manat) bank qarşısındakı xx.xx.20023 tarixli, 31G/23 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə, qalan 141800 manat hissəsi isə dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmişdir. Göründüyü kimi müəyyən fazlə bağlanmış və aylıq əsas borcla yanaşı faiz borcu da ödəmişəm. Faizlərin ödənilməsinə ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi var. Qeyd olunan kredit müqaviləsinin təmini kimi X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İcra qeydindən bu barədə mən Sabunçu rayonu İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə verildiyi zaman xəbər tutmuşam. Bundan sonra Sabunçu rayon İcra şöbəsinə gedərək məsələnin nədən ibarət olması ilə maraqlanmışam. Orada mənə məlum olmuşdur ki, Bank mənə xəbər vermədən bu üsula əl atmışdır. Halbuki hazırda Bakı Kommersiya Məhkəməsində iddiaçı ilə bu müqaviləyə dair mübahisə gedir. Mən iddiaçıya uzun müddət əvvəl müraciət edərək faiz hesablanmasının dayandırılmasını xahiş etmişdim. Lakin iddiaçı bu xahişimi nəzərə almadan ödədiyim vəsaitləri faiz borcuna silməklə əsas borcu olduğu kimi saxlamaqla mənim borcumu qəsdən şişirtmişdir. Bu da onsuzda ağır olan maddi vəziyyətimi daha da ağırlaşdırmışdır.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1503/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə iddiaçı Veli Kulievin cavabdeh Bakı şəhəri 4 saylı Notariat Ofisinə qarşı “8İ-5887 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan hazırkı işlə bir icraatda birləşdirilmişdir.
8. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz təqdim edib iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borclu Kulıev Veli arasında xx.xx.2021 -ci il tarixli 71UG/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2023-ci il tarixli 145G/23 saylı əlavə kredit müqaviləsinə əsasən kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2021 -ci il tarixli, 71UGİ/21 saylı, 3M-1014 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 6 ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçınin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 145G/23 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 116116,77 AZN, faiz borcu üzrə 6607,57 AZN, cərimə borcu üzrə 1511,37 AZN, cəmi 124235,71 AZN borcu yaranmışdır. Odur ki, xx.xx.2024-cü il tarixində ipoteka qoyanın qeydiyyat ünvanına ipoteka predmetinə tutumanın yönəldilməsinə dair bildirişlər göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra bildiriş təqdim olunmuş sayılmışdır. xx.xx.2024-cü il tarixində isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- yə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. xx.xx.2024-cü il tarixində borc alanın qeydiyyata olduğu ünvana bildiriş göndərilmişdir. Borcalan və ipoteka qoyana göndərilmiş bildirişlər imzalanaraq qəbul edilmişdir. Bundan əlavə, ipoteka müqaviləsinin 1.5-ci bəndində göstərilən YElektron ünvan 1 elektron poçt ünvanına bildiriş göndərilmişdir. İddiaçı Kulıev Veli Bakı Kommersiya Məhkəməsində (X12) kredit üzrə faizlərin dayandırılması, müqavilənin restmktmzasiya edilərək müdətinin uzadılması tələbinə dair "xxxx" ASC-yə qarşı iddia qaldırmışdır. Məhkəmə proseslərində də bank məhkəməyə bildirişləri təqdim etmişdir. “İpoteka haqqında” AR Qanununun 36.4-cü maddəsində açıq-aydın qeyd olunur ki, “Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1 -ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə (Maddə 36.4.1) Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız, sayıldıqda (Maddə 36.4.2) Göründüyü kimi, tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün 2 (iki) hal nəzərdə tutulub ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunub, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində nə şikayət edilib, nə də həmin bildiriş məhkəmə tərəfindən etibarsız hesab edilməyib. Qanunu bilməmək məsuliyyətdən azad etmir (AR Konistitusiyası, maddə 72, İİİ hissə).
II. Tərəflərin mövqeləri:
10. Məhkəmə iclasında iddiaçı Veli Kuliev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında cavabdeh “X6” ASC-nin nümayəndəsi P.Süleymanova iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.
12. Digər cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
13. Məhkəmə iclasının digər cavabdehin və üçüncü şəxsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Cavabdeh "xxxx" ASC (borc verən) ilə iddiaçı Kuliev Veli (borc alan) arasında xx.xx.2021-ci il tarixində 71UG/21 saylı əsas kredit müqaviləsi bağlanmışdır.
16. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində borc verən borc alana Əlavə Kredit müqavilələri bağlanılmaqla kredit verir .
17. "xxxx" ASC (borc verən) ilə Kuliev Veli (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 145G/23 saylı əlavə kredit müqaviləsinə görə bank tərəfindən borcalana 24 ay müddətinə xx.xx.2025-ci il tarixinə kimi illik 16 faiz ödəmək şərti ilə 150.000 manat məbləğində kredit verilmişdir.
18. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
19. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı X10 məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, bank tərəfindən xx.xx.2023-cü il tarixdə 150000 manat məbləğində kredit vəsaiti borcalanın hesabına köçürülmüşdür.
20. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı Veli Kulievə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, iddiaçı tərəfindən cavabdeh banka xx.xx.2023-cü il tarixdə 1277 manat, xx.xx.2023-cü il tarixdə 7345 manat, xx.xx.2023-cü il tarixdə 7345 manat, xx.xx.2024-cü il tarixdə 7345 manat, xx.xx.2024-cü il tarixdə 7345 manat, xx.xx.2024-cü il tarixdə 7345 manat, xx.xx.2024-cü il tarixdə 7345 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat ödəniş olunmuşdur.
21. Cavabdeh “X6” ASC tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən “X6” ASC-nin Qarayev filialının müştərisi olan Veli Kulievin 145G/23 saylı kredit müqaviləsi üzrə 26 sentyabr 2024-cü il tarixinə əsas borcu 116116,77 manat, faiz borcu 6607,57 manat, cərimə faizi 1511,37 manat olmaqla ümumilikdə borcu 124235,71 manat təşkil edir.
22. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 77,17 kv.m sahəsi olan daşınmaz əmlak X3 xüsusi mülkiyyətindədir.
23. "xxxx" ASC (borc verən) ilə Kuliev Veli (borc alan) arasında bağlanmış əsas kredit müqaviləsi və əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq X5 ilə xx.xx.2021-ci il tarixli 71UGİ/21 saylı ipoteka müqaviləsi bağlanmışdır
24. xx.xx.2021-ci il tarixli 71UGİ/21 saylı ipoteka müqaviləsinə əsasən kreditin təminatı olaraq X3 mülkiyyətində olan ünvan 6 ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
25. Müqavilənin 2.3-cü bəndinə əsasən Nəcəfzadə Dövlət tərəfindən Bakı şəhəri xx.xx.2021-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən, ipoteka predmetinin ilkin satış qiyməti 92000 manat məbləğində qiymətləndirilmişdir. Bu məbləğ qiymətləndirmə gününə əmlakın qiymətini müəyyən edir. Əmlakın qiymətində azalma baş verdikdə, ipoteka qoyan bu bənddə göstərilən qiymətə istinad edərək, hər hansı tələb irəli sürə bilməz. İpoteka qoyan bu müqaviləni imzalamaqla, ipoteka predmetinin göstərilən qiymətdə qiymətləndirilməsinə öz razılığını bildirir.
26. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 77,17 kv.m sahəsi olan daşınmaz əmlak “X6” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
27. Cavabdeh “X6” ASC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş iddiaçıya xx.xx.2024-cü il tarixdə, üçüncü şəxs X4 isə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Göstərilən bildiriş xx.xx.2024-cü il tarixdə saat 15:52-də ipoteka qoyana məxsus mailto:yasamanquliyev12@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına da göndərilmişdir (elektron poçt ünvanı ipoteka müqaviləsinin 1.5-ci bəndində qeyd edilmişdir).
28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh “X6” ASC-yə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bankın ********** saylı xx.xx.2024 tarixli elektron müraciətinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
29. Bakı şəhəri 4 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanının yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka saxlayan - AZ1014, ünvan 5 ünvanında yerləşən "X6" Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ tələbi ilə X4 məxsus ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir.
30. Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
31. Məhkəmə iddianı xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edir.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
34. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
36. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
39. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.
40. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.
41. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır.
42. Məhkəmə qeyd edir ki, iddiaçı etibarsızlığını tələb etdiyi müqaviləni xx.xx.2021-ci il tarixdə şəxsən imzalamış, müqavilənin bir nüsxəsi ona verilmişdir.
43. İddiaçının həmin müqaviləni oradakı yazıların kiçik şriftlərlə yazılması səbəbindən oxumaqda çətinlik çəkməsi, habelə latın qrafikası ilə oxumaya bilməməsi səbəbindən ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə 92000 manat qeyd olunmasını yalnız hazırkı icra qeydi üzrə icra icraatına başlanılanda icra məmuru tərəfindən məlumatlandırılması barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi xüsusatlar müqavilənin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz.
44. Bundan əlavə, ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmış, iddiaçı hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin iyun ayında, yəni müqavilənin bağlanmasından 4 il sonra məhkəməyə müraciət etmiş, keçən bu müddət ərzində həmin müqavilə nə iddiaçı, nə də ipoteka qoyan tərəfindən mübahisələndirilməmişdir.
45. İddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
46. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.
48. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.
49. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
50. Məhkəmə iddianı ikinci, icra qeydinin ləğv edilməsi hissəsində də əsassız hesab edir.
51. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
52. 26.1.7-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüququdur.
53. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
54. 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
55. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
56. 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır.
57. 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
58. 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
59. 36.6-cı maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.
60. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
61. 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
62. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
63. AR Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci maddəsinə görə pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur.
64. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC (borc verən) ilə iddiaçı Kuliev Veli (borc alan) arasında xx.xx.2021-ci il tarixində 71UG/21 saylı əsas kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC (borc verən) ilə Kuliev Veli (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 145G/23 saylı əlavə kredit müqaviləsinə görə bank tərəfindən borcalana 24 ay müddətinə xx.xx.2025-ci il tarixinə kimi illik 16 faiz ödəmək şərti ilə 150.000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC (borc verən) ilə Kuliev Veli (borc alan) arasında bağlanmış əsas kredit müqaviləsi və əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq X5 ilə xx.xx.2021-ci il tarixli 71UGİ/21 saylı ipoteka müqaviləsi bağlanmış, Y.Quliyevanın mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, ev 17, 4 saylı mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı Veli Kulievə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 200 manat ödəniş olunmuşdur. Cavabdeh “X6” ASC tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən iddiaçının 145G/23 saylı kredit müqaviləsi üzrə 26 sentyabr 2024-cü il tarixinə əsas borcu 116116,77 manat, faiz borcu 6607,57 manat, cərimə faizi 1511,37 manat olmaqla ümumilikdə borcu 124235,71 manat təşkil edir.
65. Belə ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri pozmuş, banka ödəməli olduğu məbləğləri vaxtında ödəməmiş, bu səbəbdən bank kredit müqaviləsini birtərəfli qaydada ləğv etməsi, ipoteka predmetinə dair tutma yönəldilməsi ilə bağlı icra qeydinin verilməsi ilə bağlı müraciət edəcəyi barədə iddiaçıya və ipoteka qoyana xx.xx.2024-cü il tarixdə bildiriş göndərmiş, həmin bildiriş iddiaçıya xx.xx.2024-cü il tarixdə, üçüncü şəxs X4 isə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Göstərilən bildiriş xx.xx.2024-cü il tarixdə saat 15:52-də ipoteka qoyana məxsus mailto:yasamanquliyev12@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına da göndərilmişdir (elektron poçt ünvanı ipoteka müqaviləsinin 1.5-ci bəndində qeyd edilmişdir).
66. İddiaçı məhkəmə iclasında həmin bildirişin tərəfindən alınmadığını, cavabdeh bankın məhkəməyə təqdim etdiyi poçt qəbzində olan imzanın ona məxsus olmadığını bildirsə də, məhkəmə iclasına gətirdiyi qovluqdan həmin bildirişi çıxararaq məhkəməyə təqdim etmiş, latın qrafikası ilə oxuya bilmədiyini, poçtun gətirdiyi məktubların çox olması səbəbindən həmin sənədə vaxtında əhəmiyyət vermədiyini bildirmişdir.
67. Cavabdeh bank bildiriş göndərildikdən sonra xx.xx.2024-cü il tarixdə, yəni ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ipoteka qoyana və borcluya göndərildiyi tarixdən sonra 3 iş günü müddətində tutmanın DƏDRX-də qeydə alınması barədə müraciət etmiş, bildiriş DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, 1 iş günü müddətində, yəni xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.
68. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər nə iddiaçı, nə də ipoteka qoyan tərəfindən mübahisələndirilməmiş, Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2024-cü il tarixdə icra qeydi verilərək müvafiq icra şöbəsinə göndərilmişdir.
69. İddiaçı tərəf bankın notariat ofisinə təqdim etdiyi maliyyə arayışında göstərilən borclarla razı olmadığını, bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda ödədiyi vəsaitlərin hamısının nəzərə alınmadığını bildirsə də, həmin hesabdan çıxarışda əks olunmayan hər hansı ödənişi təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş, sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etdiyini (200 manat olmaqla) məhkəmə iclasında təsdiq etmişdir. İddiaçı icra qeydinin verildiyi tarixə faktiki borcun ümumiyyətlə hansı həcmdə olması barədə məlumatı (hesablamalar barədə hər hansı sübutu) məhkəməyə təqdim etməmişdir.
70. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən icra qeydi qanunvericiliyə müvafiq formada tərtib edildiyindən onun ləğvi üçün əsaslar mövcud deyildir. Belə ki, icra qeydində göstərilən borcların mövcudluğu və borcun ipoteka predmetinə yönəldilməsi imkanları iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur.
71. Tələbkar tərəfindən borcluya və ipoteka qoyana bildirişlər ünvanlanması ilə bağlı adıçəkilən Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Buna görə də icra qeydinin aparılması ilə bağlı bildirişlərin göndərilməməsi ilə bağlı iddiaçının dəlilləri əsassızdır.
72. Bu səbəbdən məhkəmə hesab edir ki, icra qeydinin ləğv edilməsi barədə iddia əsassız olduğundan təmin edilməməlidir.
73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
74. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
75. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
76. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizələri verilərkən ödənilmiş 200 manat dövlət rüsumü iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Veli Kulievin cavabdehlər “X6” ASC-yə, Bakı şəhəri 4 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu iddiaçı Veli Kulievin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova