Məhkəmə qərarları › İş №e-2-2(113)-53/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-53/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-53/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İş № e-2-2(113)-53/2023 Azərbaycan Respublikası adından QƏRARDAD Bakı Kommersiya Məhkəməsi Bakı şəhəri xx.xx.2023 Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun və bu borca görə hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC-nin bankla bağladığı xx.xx.2020-ci il tarixli, 58926/KX-1 №-li kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh2 MMC-yə xx.xx.2020-ci il tarixdə verilmiş 371.500 manat məbləğli kredit üzrə onun Banka 01 fevral 2022-ci il tarixə banka əsas borcu üzrə 330.640,42 manat, 01 fevral 2022-ci il tarixə faiz borcu üzrə 32.887,71 manat, 01 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 30.507,22 manat olmaqla, cəmi 394.035,35 manat kredit borcunun, 684 manat ödənilmiş dövlət rusumunun və 30 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı), ümumilikdə 394.749,35 manat məbləğində pulun tutulması, Cavabdeh1 məxsus, 29 iyun 2020-ci il tarixli, 58926/İPM-1 saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 394.749,35 manat məbləğində borcun ödənilməsi, Cavabdeh1 məxsus, 29 iyun 2020-ci il tarixli, 58926/İPM-1 saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin məcburi boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 58926/KX-1 №-li kredit müqaviləsinə əsasən cavabdehə illik 16 % olmaqla, 25 ay müddətinə 371.500 manat məbləğində kredit xətti ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə 371.500 manat məbləğində kredit xx.xx.2022-ci il tarixə qədər verilir. Kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh2 MMC bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil 29 iyun 2020-ci il tarixli, 58926/İPM-1 saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən kredit xətt öhdəliyinin vaxtından əvvəl icrasının tələb edilməsi barədə Bankın xəbərdarlıq bildirişindən 10 gün ərzində borcalan borc öhdəliyini qeyd-şərtsiz yerinə yetirməlidir. Bu müddət ərzində öhdəlik icra edilmədikdə, ödənilməmiş kredit gecikdirilmiş borc hesab edilir və hər gecikdirilən gün ödənilməyən qalıq məbləğinə bu bu müqavilənin 2.1-ci bəndində uyğun dəbbə pulu hesablanır. Həmin kredit xətt müqaviləsinin 3.1.7-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb etmək hüququna malikdir: borcalan davam edən 60 gün ərzində istifadə edilmişkredit xətt üzrə faiz məbləğini ödəmədikdə. Cavabdeh2 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə xx.xx.2020-ci il tarixdə verilmiş 371.500 manat məbləğli kredit üzrə onun banka 01 fevral 2022-ci il tarixə banka əsas borcu 330.640,42 manat, 01 fevral 2022-ci il tarixə faiz borcu üzrə 32.887,71 manat, 01 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 30.507,22 manat, cəmi 394.035,35 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında iekspert rəyindən müəyyən edilən əsas borc məbləği ilə razı olduqlarıını bildirdi, faiz məbləğinin məhkəmə tərəfindən təkrar hesablanmasını, iddia tələbinin cərimə borcu hissəsində isə iddiaçnın rədd edilməsini xahiş etdi. İş üzrə digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh1 qarşı əmlak satıldıqdan sonra cavabdehin mənzilin məcburi boşaldılması tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyanın həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması ayrıca məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, ipoteka qoyulmuş ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Odur ki, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1 qarşı əmlak satıldıqdan sonra cavabdehin mənzilin məcburi boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar