Məhkəmə qərarları › İş №e-2-2(113)-53/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-53/2024

19.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-53/2024 19.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pulun qaytarılması və borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: artıq ödənilmiş pulun qaytarılması və borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi (direktoru) Nümayəndə1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pulun qaytarılması və borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəqiqləşdirilmsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus ünvan 1 ünvanında yerləşən obyekt barəsində (Abonent kodu: **********4) hesablanmış 1.282,88 manat borcun qanunsuz olaraq hesablanmış 610,89 manat məbləğində hissəsinin silinməsi, həmin obyekt üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək enerji sərfiyyatı ilə bağlı ödənilən 28.548 manat vəsaitin artıq sərfiyyat hesablanması ilə bağlı yaranmış 18.000 manat hissəsinin “Məmmədovlar" Şirkətinə geri qaytarılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində haqqın cavabdehdən iddiaçın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınə məxsus olan ünvan 1 ünvanında yerləşən obyekt **********4 abonent kodu ilə xx.xx.2015-ci il tarixdən elektrik enerjisi istehlakçısıdır və müvafiq orqandan əldə olunan rəsmi məlumata görə xx.xx.2022-ci il tarixədək 42.862,58 manat məbləğində elektrik enerjisindən istifadə haqqı ödənilmişdir. Həmin vəsaitin xx.xx.2016-cı il tarixədək olan, 14.314 manat məbləğində hissəsi ilə bağlı hər hansı irad və ya tələbləri yoxdur. Ancaq, "xxxx" ASC-nin Bağlar İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə KRN-də aparılan təmir zamanı buraxılmış səhv nəticəsində, həmin tarixdən bugünədək ödənilən 28.548 manat vəsaitin 18.000-dək hissəsi artıq sərfiyyat hesablanması ilə bağlı yaranmış əlavə ödənişdir. İddiaçınə məxsus olan ünvan 1 ünvanında yerləşən obyektə aid elektrik sayğacının (abonent kodu: **********4) düzgün işləməməsi, artıq sərfiyyat hesablanması ilə bağlı şübhələr olduğundan xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh "xxxx" ASC-yə müraciət edilmişdir. Müraciətlə bağlı yoxlama aparıldıqdan sonra cavabdehin əməkdaşları tərəfindən də aşkar edilmişdir ki, həqiqətən, şübhələr əsaslıdır, ancaq bununla bağlı hər hansı tədbir görülməmişdir. xx.xx.2022-ci il tarixində tərəflərindən bir neçə nəfərin iştirakı ilə sayğacda yenidən yoxlama olunmuş və bununla bağlı videoçəkiliş aparılmışdır. Həmin yoxlama zamanı aşkar edilmişdir ki, sayğacda sərfiyyat ən azı 2,1 dəfədən artıq hesablanır. Fərq aşkar edildikdən sonra, xx.xx.2022-ci il tarixdə yenidən "xxxx" ASC-yə yazılışəkildə müraciət edilmişdir. "xxxx" ASC tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 7-02/xx-xx/2310 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “müraciətin araşdırılması ilə bağlı uçot kompleks dəstinə baxış keçirilərkən, elektrik sayğacını qidalandıran cərəyan, gərginlik transformatorları olan yuva qapılarının möhürünün qırılması və cərəyan transformatorunun özbaşına olaraq yenisi ilə əvəz edilməsi məlum olmuşdur. Cərəyan transformatoru yenisi ilə əvəz edilərkən isə, elektrik sayğacının qoşulma sxemi səhv yığılmış, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanmışdır. Elektrik sayğacının qoşulma sxemində olan yanlışlıq aradan qaldırılmış və yuva qapıları yenidən möhürlənmişdir.” Bildirilir ki, daha öncə, küləkli hava şəraiti ilə əlaqədar qapıların sınması nəticəsində möhürün qopması barədə "xxxx" ASC Bağlar Rayon Enerji Təchizatı və Satışı İdarəsinə iddiaçı tərəfindən müraciət olunmuşdur. Həmçinin, bu fakt “Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə” 230081 №-li Aktla öz təsdiqini tapmışdır. Dəfələrlə şifahi formada "xxxx" ASC əməkdaşlarına bildirilmişdir ki, sayğacın möhür və plombuna özbaşına müdaxilə edilməmişdir, lakin yaranmış nasazlıqla bağlı gərginlik transformatorunun dəyişdirildiyi tarixə qədər, abonentə əlavə borc hesablanmışdır. Əgər, sayğacın oxunması təmin edilən şəxsi ərazidə hər hansı qanun pozuntusuna, sayğacda müdaxilə ehtimalına rast gəlinmişdirsə belə, sayğac abonentin iştirakı ilə dəyişdirilib xüsusi qabda qablaşdırılaraq möhürlənib möhürün nömrəsi abonentə təqdim olunmalı və təyin olunmuş vaxtda abonentin iştirakı ilə "xxxx" ASC-nin laboratoriyasında bəlli möhür qablaşdırmadan açılaraq bütün parametrlərlə birgə sayğaca rəy verilməlidir. Beləliklə, cavabdeh "xxxx" ASC müdaxilə olduğu faktını sübuta yetirmədən sayğaca müdaxilə olması barədə qərarı qəbul edə bilməz. Lakin, bütün bunlara baxmayaraq, Bağlar rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçınə xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərilmiş və xx.xx.2022-ci il tarixədək istifadə olunmuş elektrik enerjisi üçün 1.282,88 (bir min iki yüz səksən iki, 88 qəp) manat borcun ödənilməsi tələb edilmişdir. Belə ki, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmiş və cavabdeh tərəfindən bu xüsusatı təsdiq edən heç bir hüquqi əsas göstərilməmiş, heç bir sübut təqdim olunmamışdır. Habelə, cavabdeh tərəfindən tərtib edilən aktla, göstərilən borcun hansı qaydada hesablanması və sayğacda qüsur əmələ gəlmə tarixi qeyd olunmamışdır. Beləliklə, cavabdehin nümayəndələrinin vaxtında aşkar etməli olduğu qüsura görə bu qədər borcun hesablanması qanunsuzdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi (direktoru) Nümayəndə1 iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi X3 iddianın təmin olunub-olunmaması barədə məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3-cü bəndinə görə, ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. - 10.18 və 10.18.9-2-ci bəndlərinə əsasən enerjitəchizatı müəssisəsi Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia iki yəni, artıq hesablanmış sərfiyyatla bağlı ödənilmiş 18.000 manat pulun geri qaytarılması (1-ci hissə) və 610,89 manat borcun silinməsi (2-ci hissə) hissəsindən ibarətdir.

10. Məhkəmə ilk növbədə iddianın artıq hesablanmış sərfiyyatla bağlı ödənilmiş 18.000 manat pulun geri qaytarılması hissəsinə qiymət verilməsini zəruri hesab edir.

11. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində **********4 saylı abonent kodu üzrə eletrik enerjisinin istehlakçısıdır.

12. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixdə KRUN-da (paylayıcı qurğu) aparılan təmir zamanı buraxılmış səhv nəticəsində elektrik sayğacının qoşulma sxemi səhv yığılmış, “CBA” cərəyan naqilində “C” fazasının girişçıxışı tərs bağlanmış və nəticədə xx.xx.2022-ci ilədək ünvan 1 ünvanında yerləşən obyektə sərfiyyat çox hesablanmışdır.

13. Cavabdeh tərəf isə məhkəmə iclasında “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışı tərs bağlandığını qəbul etsə də, hesablanmış sərfiyatın sayğac göstəricisi olduğunu qeyd etmişdir.

14. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 7-02/xxxx/2310 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, elektrik sayğacını qidalandıran cərəyan, gərginlik transformatorları olan yuva qapılarının möhürü qırılmış və cərəyan tranformatoru özbaşına olaraq yenisi ilə əvəz edilmişdir. Cərəyan tranformatoru yenisi ilə əvəz olunan zaman elektrik sayğacının qoşulma sxemi səhv yığılmış, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanmışdır. Elektrik sayğacının qoşulma sxemində olan yanlışlıq aradan qaldırılmış və yuva qapıları yenidən möhürlənmişdir.

15. Yuxarıda qeyd olunanlardan və məhkəmə iclasında tərəflərin verimiş olduğu izahatlardan müəyyən edilmişdir ki, elektrik sayğacının qoşulma sxemi səhv yığılmış, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanmış və bu hal 2016-cı ilin dekabr ayından 2022-ci ilin aprel ayına kimi davam etmişdir.

16. Bu xüsusda məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanmasının sərfiyyatın qeyd edilməsinə (artıq və yaxud az) hansı formada təsir etməsidir.

17. Bununla bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi X3 həm məhkəmə iclasında, həmçinin də vermiş olduğu rəydə qeyd etmişdir ki, “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanması uçot dəstinin normal iş pinsipini pozur ki, bu da elektrik sayğacının xəta ilə işləməsinə səbəb olur”.

18. Bundan sonra məhkəmə tərəfindən “CBA” cərəyan naqilində “C” fazasının girişçıxışının tərs bağlanmasının sərfiyyatın artıq və yaxud az qeyd etməsinin araşdırılması məqsədi ilə ekspertiza təyin edilmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti Röyal Tallıbov qeyd etmişdir ki, “elektrik sayğacının qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanması uçot dəstinin normal iş pinsipinin pozulmasına, bununla da, elektrik sayğacının xəta ilə işləməsinə (sərfiyyatın artıq və yaxud az qeyd etməsinə) gətirib çıxara bilər”.

20. Həmçinin məhkəmə iclasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi X3 bildirmişdir ki, “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanmasın sərfiyyatın qeyd etməsinə hansı dərəcədə təsir etməsini ancaq həmin anda müəyyən etmək mümkün olardı, hazırkı halda bunun sərfiyyata hansı dərəcədə təsir etməsini müəyyən etmək mümkün deyildir.

21. Qeyd edilmiş hallardan Məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də, elektrik sayğacının qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanması elektrik sayğacının xəta ilə işləməsinə və sərfiyyatın nöqsanlı qeyd etməsinə səbəb olur.

22. Bu xüsusda Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından sayğacın qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” fazasını girişçıxışının tərs bağlanmasının məhz kimin tərəfindən həyata keçirilməsi yəni, sayğacının xəta ilə işləməsinin və sərfiyyatın nöqsanlı qeyd etməsinin məhz kimin hərəkəti ilə bağlı olduğu müəyyən edilməlidir.

23. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf sayğacın qoşulma sxeminin səhv yığılması və “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanmasının "xxxx" ASC-nin nümayəndələri tərəfindən edildiyini bildirmiş və öz fikrini, 35.000 cərəyan olan yarımstansiyadan xətdən ayrılmadan 10.000 cərəyan olan KRUN qurğusunda hər hansı bir işlərin görülməsinin mümkün olmaması ilə əsaslandırmış və "xxxx" ASC-nin öz nümayəndələrinin 35.000 cərəyan olan yarımstansiyadan xətdi ayırdıqlarını və 10.000 cərəyan olan KRUN qurğusunda müvafiq işləri görüdüklərini bildirmişdir.

24. Cavabdeh tərəf isə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında sayğacının qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanma halının olmasını qəbul etmiş, ancaq "xxxx" ASC-nin əməkdaşlarının tərs bağlamanı qəbul etmədiklərini bildirmişdir.

25. Məhkəmə tərəfindən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi X1 və Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti Röyal Tallıbovdan 35.000 cərəyan olan yarımstansiyadan xətdən ayrılmadan 10.000 cərəyan olan KRUN qurğusundan hər hansı bir işlərin görülməsinin, indiki halda “sayğacının qoşulma sxeminin yığılması, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışının bağlanması” kimi işlərin görülməsinin mümkün olub-olmaması soruşulmuş və hər iki şəxs belə bir işlərin xətdən ayrılmadan aparılmasının qeyri-mümkün olmasını, hətta qeyd edilən sahəyə 60 smdən yaxın yaxınlaşmanın həyat üçün təhlükəli olduğunu bildirmişlər.

26. Bundan başqa məhkəmə iclasında 35.000 cərəyan olan yarımstansiyadan mübahisəli KRUN-a gedən cərəyanın kimin tərəfindən ayrılmalı olması halı araşdırılmış və qeyd edilən işin ancaq "xxxx" ASC-nin nümayəndələri tərəfindən edilməli olması müəyyən edilmiş və tərəflər bu halı mübahisələndirilməmişlər.

27. İşin araşdırılmış hallarından belə nəticə hasil olur ki, 10.000 cərəyan olan KRUN qurğusunda 35.000 cərəyan olan yarımstansiyadan xətdən ayrılmadan hər hansı bir işlərin görülməsi mümkün deyildir. Buna görə də, qeyd edilmiş KRUN qurğusundan iddiaçı tərəfindən hər hansı bir işlərin görülməsi istisna olunur. Ona görə də, KRUN qurğusunda görülən işlərdən indiki halda, sayğacının qoşulma sxeminin səhv yığılması və “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışının tərs bağlanması halı məhz "xxxx" ASC-nin məsuliyyət dairəsinə aiddir.

28. Yəni, 2016-cı ilin dekabr ayından 2022-ci ilin aprel ayına kimi sayğacın qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” fazasını giriş-çıxışının tərs bağlanması nəticəsində sərfiyyatın düzgün qeyd edilməməsi halı məhz Azərişıq” ASC-nin əməkdaşlarının səhvi nəticəsində baş vermişdir.

29. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdeh tərəf xx.xx.2022-ci il tarixli məktubunda elektrik sayğacını qidalandıran cərəyan, gərginlik transformatorları olan yuva qapılarının möhürünün qırılmasına, cərəyan tranformatorunun iddiaçı tərəfindən özbaşına olaraq yenisi ilə əvəz edilməsini qeyd etsə də, cavabdeh tərəf bu barədə də, məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.Həmçinin də, mütəxəssis və ekspertin də, bildirdiyi kimi qeyd edilən işlərin yüksək gərginlik altında edilməməsi mümkün olmadığından, məktubda qeyd edilmiş hallar ümumiyyətlə inandırıcı belə deyildir.

30. Buna görə də, Məhkəmə hesab edir ki, hazırkı mübahisənin ancaq qeyd edilmiş qusurlar aradan qaldırıldan sonra hesablanmış sərfiyyat üzrə, sayğacın qüsurlu şəkildə işləyən zaman qeydə alınmış sərfiyyat müqayisə edilməklə həll edilməsi mümkündür.

31. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə akta əsasən elektrik sayğacının qoşulma sxemində olan yanlışlıq xx.xx.2022-ci il tarixdə aradan qaldırılmışdır.

32. Buna görə də, Məhkəmə tərəfindən kompleks məhkəmə-mühasibatlıq və mühəndis-texniki ekspertizası təyin edilmiş.

33. Eksperlər qarşısında 2 sual qoyulmuşdur. 1-ci sual xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış sərfiyyat və həmin sərfiyyata görə ödənilməli olan pulun məbləği nə qədər təşkil etməsi olmuşdur. Qeyd edilmiş sual məhz sayğacın qüsurlu şəkildə işlədiyi 1 il ərzində sərfiyyatın müəyyən edilməsi üçün olmuşdur. 2-ci sual isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış sərfiyyat və həmin sərfiyyata görə ödənilməli olan pulun məbləği nə qədər təşkil etməsi olmuşdur. Bu sual isə nöqsanlar aradan qaldırıldıqdan sonra 1 il ərzində sərfiyyatın müəyyən edilməsi və nöqsanlı işlədiyi zaman ilə müqayisə edilməsi üçün qoyulmuşdur.

34. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində, İddiaçınə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış sərfiyyatın 32.439 kvt. və həmin sərfiyyata görə ödənilməli olan pulun məbləği 3.411,37 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış sərfiyyatın 21.033 kvt. və həmin sərfiyyata görə ödənilməli olan pulun məbləği isə 2.313,63 manat təşkil etdiyi qeyd olunmuşdur.

35. Ekspert rəyindən göründüyü kimi, nöqsan aradan qaldırıldan sonra ilə müqayisədə nöqsanlı qoşulma zamanı təxmini 11.000 kvt. artıq sərfiyyat hesablanmışdır.

36. Məhkəmə bu müqayisəli təhlil üçün sərfiyyatın hər il üçün 10.000 kvt-dan hesablanmasını ağlabatan hesab edir.

37. Belə olan halda, yəni 2016-cı ilin dekabr ayından xx.xx.2022-ci il tarixədək sayğacının qoşulma sxeminin səhv yığılmış halda olması və “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanması vəziyyətində qalmasını nəzərə alaraq Məhkəmə hesab edir ki, 2017-ci il üçün hər kvt. elektrik enerjisinin dəyərinin 0,09 manat olması nəzərə alındığında 900 (10.000x0,09) manat, 2018-ci il üçün 900 (10.000x0,09) manat, 2019-cü il üçün 900 (10.000x0,09) manat, 2020-ci il üçün 900 (10.000x0,09) manat, 2021-ci il üçün 900 (10.000x0,09) manat, 2022-ci ilin 3 ayı üçün isə hər kvt. elektrik enerjisinin dəyərinin 0,11 manat olması nəzərə alaraq 275 (10.000/12=833,3 (1 ay üçün), 833,3x3=2500 (3 ay üçün kvt), 2500x01,11=275) manat artıq sərfiyyat hesablanmışdır.

38. Ona görə də, qeyd edilən hissədə iddia qismən təmin edilməli, hesablanmış əlavə sərfiyyata görə ödənilmiş 4.775 (dörd min yeddi yüz yetmiş beş) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə geri qaytarılmalıdır.

39. Bundan başqa, Məhkəmə hesab edir ki, iddia 610,89 borcun manat məbləğində borcun silinməsi hissəsində əsassızdır.

40. Belə ki, yuxarıda da, qeyd edildiyi kimi, 2022-ci ilin aprel ayında elektrik sayğacının qoşulmasında olan nöqsanlar aradan qaldırılmışdır. Hazırda, da iddiaçı tərəfindən silinməsi xahiş edilən borc da, məhz 2022-ci ilin aprel ayından sonrakı dövrü əhatə edir.

41. Qeyd edilmiş tarixdən sonra da, elektrik sayğacının qoşulmasında hər hansı bir nöqsan olmadığından, hər hansı bir akt əsasında borc hesablanmadığından, ancaq istifadə olunmuş elektrik enerjisinə görə borc hesablandığından, iddia qeyd edilən hissədə təmin edilə bilməz.

42. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, mediasiya xərcinin əvəzi olaraq iddiaçı tərəfindən Bakı 2 saylı mediasiya təşkilatına 210 manat məbləğində pul ödənilmişdir.

43. Buna görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq iddiaçının tələb etmiş olduğu 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

44. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Hesablanmış əlavə sərfiyyata görə ödənilmiş 4.775 (dörd min yeddi yüz yetmiş beş) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə geri qaytarılsın. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar