Məhkəmə qərarları › İş №e-2-2(113)-530/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-530/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-530/2023 05.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.”, birinci birləşdirilmiş iş üzrə İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi.”, ikinci birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkilləri Nümayəndə2 və Nümayəndə3, Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.”, birinci birləşdirilmiş iş üzrə İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi”, ikinci birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13.000 olmaqla ümumilikdə 39.000 manat məbləğində ödənilməmiş icarə haqqı məbləğinin, 10.500 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun, 39 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün dənilmiş 211 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 01 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçınin mülkiyyətində olan Bakı şəhəri, H.Cavid pr 56 (İcarə müqaviləsi bağlandıqdan sonra verilən çıxarış üzrə ünvan: Bakı şəhəri, H.Cavid pr 54B, 558-556 məhəllə) ünvanında yerləşən 506 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, lakin Cavabdeh MMC üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə Cavabdeh MMC hər təqvim ayı üçün həmin ayın ilk həftəsində icarə haqqını ödəməli olduğu halda 2020-ci ilin aprel, may və iyun ayları üçün icarə haqqını ödəməmişdir. Dəfələrlə tələb olunmasına baxmayaraq Cavabdeh MMC 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13000 manat olmaqla ümumilikdə 39.000 manat məbləğində pulu ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsi və xx.xx.2022ci il tarixdən icarə haqqı məbləğinə 20% əlavə olunacağı barədə məlumat verilməsi üçün iddiaçı tərəfindən göndərilmiş bildiriş xx.xx.2021-ci il tarixdə cavabdehə çatdırılmışdır. Lakin cavabdeh həmin bildirişə heç bir münasibət bildirməmişdir. Qeyd edək ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 8.4-cü bəndinə görə “İcarəçi”, müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdiridiyi hər gün üçün ödənilməmiş məbləğin 1% həcmində mənə dəbbə pulu (cərimə) ödəməlidir. Bundan başqa, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 5.2-ci bəndinə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarə haqqı 13.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə görə xx.xx.2021-cil traixdən sonra iddiaçınin icarə haqqı məbləğinə 20% əlavə etmək hüququ vardır. Bu hüquqdan istifadə olunaraq xx.xx.2021-ci il tarixdən etibarən icarə haqqına 20% əlavə edilmiş və Cavabdeh MMC hər ay 15.600 manat icarə haqı ödəmişdir. xx.xx.2022-ci il tarixdən etibarən icarə haqqı məbləğinə 20% əlavə edilərək 18.720 manat icarə haqqı ödənilməsi tələb edilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və icarə haqqına əlavə etmədən əvvəlki məbləğdə, yəni 15.600 manat icarə haqqı ödəməyə davam etmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Buna görə də, hazırkı, icarə haqqı məbləğinin 15600 manat olduğunu nəzərə alsaq xx.xx.2022-ci il tarixdən etibarən həmin icarə haqqı məbləğinə 20% əlavə edilməklə hər ay 18.720 manat icarə haqqı ödənilməlidir.

3. Birinci birləşdirilmiş iş üzrə İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin Bakı şəhəri, H.Cavid pr 56 (İcarə müqaviləsi bağlandıqdan sonra verilən çıxarış üzrə ünvan: Bakı şəhəri, H.Cavid pr 54B, 558-556 məhəllə) ünvanında yerləşən icarə obyektini boşaldaraq iddiaçıya təhvil verməsi və ödənilmiş 200 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddianın əsaslandırılması “icarə haqqının ödənilməsi” tələbi barədə iddianın əsaslandırılması ilə eynilik təşkil etmiş və əlavə olaraq icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə yazılı və elektron qaydada bildirişin (pretenziya) göndərildiyi qeyd edilmişdir.

5. İkinci birləşdirilmiş iş üzrə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 78.232 manat pulun və 325 manat dövlət rüsumunu, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin, ümumilikdə 79.057 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsasaslandırılmışdır ki, Cavabdeh MMC İddiaçı ilə xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi (bağlamışdır. Müqavilənin 5.3-cü bəndinə əsasən icarə haqqı 13.000 manat müəyyən edilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən icarə haqqı ilə bağlı ödəmə mənbəyindən tutulmalı olan vergi icarəçi tərəfindən icarəyə verəndən tutularaq büdcəyə ödənilir. İndiyə qədər icarə haqqı ödənilərkən iddiaçı vergini 14 faiz dərəcəsi ilə deyil yanlışlıqla daha az dərəcə ilə cavabdehdən tutmuşdur. Belə ki, icarə haqqının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (37 ay) 13.000 manat olduğu dövr üzrə icarə haqqı üzrə vergi 1.820 manat (13000*14% = 1820) həcmində tutulmalı olduğu halda 350 (üç yüz əlli) manat tutulmuşdur. Beləliklə, həmin dövr üzrə Cavabdehə hər ay 1.470 manat İddiaçı tərəfindən artıq ödənilmişdir. İcarə haqqının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (13 ay) 15.600 manat olduğu dövrdə isə icarə haqqından 2.184 manat (15600*14% = 2184) həcmində tutulmalı oluğu halda yenə yanlışlıqla 350 manat tutulmuşdur. Beləliklə, həmin dövr üzrə isə cavabdehə hər ay 1.834 manat iddiaçı tərəfindən artıq ödənilmişdir. Belə olan halda bütün müqavilə müddəti ərzində cavabdehə ümumilikdə 78.232 manat artıq ödəniş edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkilləri Nümayəndə2 və Nümayəndə3 öz iddialarının mahiyyətinə uyğun izahat verərək, təmin olunması, Cavabdeh MMC tərəfindən verilmiş iddiaya etiraz edərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 İddiaçı iddialarına etiraz edərək, rədd edilməsi, Cavabdeh MMC-nin isə iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.2. əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 705-ci madəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

11. Azərbaycan Respublikası Vergi Məcəlləsi: - 124.1-ci maddəsinə əsasən Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. - 124.2-ci maddəsinə əsasən icarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

12. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

14. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

15. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisələrin həlli baxımından ilk növbədə İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiasına münasibət bildirilməlidir.

18. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 148 A ünvanında yerləşən 506,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Qeyd edilmiş qeyri-yaşayış sahəsi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə aylıq icarə haqqı 13.000 manat olmaqla icarəyə verilmişdir. İcarə haqqının məbləği xx.xx.2021-ci il tarixədək aylıq 13.000 manat, sonradan isə tərəflərin razılığı ilə xx.xx.2021-ci il tarixdən 15.600 manat olmuşdur.

19. Hazırda İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh MMC-nin 2020-ci ilin aprel, may və iyun ayları üzrə icarə haqqının ödənmədiyini bildirərək, 39.000 manat icarə haqqını və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 01 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

20. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili isə iddiaya etiraz edərək, 2020-ci ilin aprel, may və iyun aylarının müəyyən hissəsinin sərt karantin dövrünə düşdüyünü bildirərək, fors-major hal olduğundan fəaliyyət göstərmədiklərini, qeyd edilmiş aylarda fəaliyyət göstərdikləri dövr üçün isə icarə haqqlarının ödənildiyini bildirir.

21. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə fors-major deyil, qarşısıalınmaz qüvvə anlayışına yer verilmişdir ki, bu da fors-major halı terminləri eyni mahiyyət ifadə edir.

22. Həmçinin, Mülki Məcəllədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi anlayışından istifadə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında bu iki hüquqi termin fərqləndirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.”

23. Bu baxımdan, məhkəmə hesab edir ki, iş üzrə fors-major halının mövcud olubolmamasının müəyyən edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 10-cu bəndindən görünür ki, “Bu müqavilədə fors major:təbii fəlakətlər, səfərbərlik, lokal müharibələr.... və tərəflərin kontrolunda olmayan oxşar səbəbləri ifadə edir”.

24. Göründüyü kimi, tərəflər Müqavilənin sözügedən bəndində fors-major hallarının siyahısını açıq tutmuş, bu barədə iradələrini “tərəflərin kontrolunda olmayan oxşar səbəblər” sözləri ilə ifadə etmiş, belə bir hal yarandıqda isə birmənalı qaydada birbiri qarşısında heç bir maddi məsuliyyət daşımayacaqlarını bəyan və qəbul etmişlər.

25. Bu baxımdan məhkəmə hesab edir ki, COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halıdır və Müqavilənin 10-cu bəndində nəzərdə tutulan “tərəflərin kontrolunda olmayan oxşar səbəblər” sözləri bu halı da əhatə edir.

26. Ona görə də, qeyd olunan hal Nazirlər Kabinetinin qərarlarına əsasən araşdırılmalıdır.

27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmışdır.

28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimin müddəti 2020-ci ilin 4 may saat 00:00-dək uzadılmışdır.

29. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, 2020-ci ilin 4 may saat 00:00-dan etibarən iri ticarət mərkəzləri istisna olmaqla ticarət və ictimai iaşə obyektləri üzrə fəaliyyət bərpa olunmuşdur.

30. Göründüyü kimi, 2020-ci ilin may ayının 4-dən artıq ölkə ərazisində bəzi məhdudiyyətlər aradan qaldırılmış və ticarət və ictimai iaşə obyektləri üzrə fəaliyyət bərpa olunmuşdur. Cavabdeh MMC-nin də, fəaliyyət göstərdiyi sahə məhz bu qəbildən olan sahəyə (geyim mağazası) aiddir

31. Ona görə də, Məhkəmə hesab edir ki, 2020-ci ilin may ayının 4-dən icarəçinin icarə haqqı ödəmək öhdəliyi yaranmışdır.

32. Məhkəmə iclasında hər iki tərəf qeyd edilmiş dövr üzrə icarə haqqı məbləğindən hər ay Vergi orqanına 350 manat pulun ödənildiyini bildirmiş və 13.000 manat puldan 350 manat pul çıxıldıqdan sonra icarəyə verənə ödənildiyini qeyd etmişlər.

33. Göründüyü kimi, 2020-ci ilin aprel ayında ticarət və ictimai iaşə obyektləri üzrə fəaliyyət qadağan olduğundan qeyd edilmiş ay üzrə icarə haqqı tələb edilə bilməz.

34. Aylıq icarə haqqının 13.000 manat olması nəzərə alındığında, may ayı üçün ödənilməli icarə haqqı 10.916,7 (13.000/30=433,33 (1 gün üçün), 433,33x26=11.266,7 (26 gün üçün və 11.266,7-350(vergi orqanına ödənilmiş pul) =10916,7) manat, iyun ayı üçün isə 12.650 (13.000-350 vergi orqanına ödənilmiş pul)) manat təşkil edir. Yəni may və iyun aylarında icarəçi tərəfindən icarəyə verənə cəmi, 23.566,7 (10.916,7-12.650) manat məbləğində icarə haqqı ödənilməli idi.

35. Cavabdeh tərəf sadə formada tərtib edilmiş üç ədəd “qəbz” təqdim edərək, qeyd edilmiş aylara görə icarəyə verənə 9.276 manat, 10.000 manat və 2.650 manat icarə haqqını ödədiyini bildirir.

36. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı birinci 10.000 manatlıq “qəbzdəki” imzanın onun imzasına bənzədiyini, digər 9.276 manat qeyd edilmiş “qəbzdəki” imzanın ümumiyyətlə ona aid olmadığını, 2.650 manatlıq “qəbzdə” göstərilən pulu almadığını və imzanın olmadığını bildirir. Həmçinin də, işin uzanmaması üçün 10.000 manatlıq “qəbzdəki” imzanın ona aid olması halını qəbul etdiyini bildirir.

37. Məhkəmə qeyd edir ki, İddiaçı 10.000 manatlıq “qəbzdəki” imzanın ona aid olması halını qəbul etdiyindən qeyd edilmiş pul yaranmış icarə haqqı borcundan çıxılmaqla qalan 13.566,7 (23.566,7-10.000) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir.

38. Məhkəmə həmçinin qeyd edir ki, 2.650 manatlıq “qəbzdə” imzanın ümumiyyətlə olmaması qeyd edilmiş pulun İddiaçı verilməsi halını istisna edir. Həmçinin Məhkəmə 9.276 manat qeyd edilmiş “qəbzdəki” imzanın İddiaçı aid olmaması barədə, iddiaçının dəlili ilə də razı olur.

39. Ona görə də, 13.566,7 manat məbləğində icarə haqqı borcu Cavabdeh MMCdən tutularaq İddiaçı verilməlidir.

40. Bundan başqa məhkəmə qeyd edir ki, müqavilənin 8.4-cü bəndində icarə haqqının ödənilməməsinə görə cərimə borcunun tələb edilməsi imkanı nəzərdə tutulmuşdur.

41. Bu hissədə, məhkəmə hesab edir ki, 13.566,7 manat məbləğində icarə haqqı borcu üzrə 700 manat cərimə borcu daha ağlabatan olduğundan, qeyd edilmiş məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Məhkəmə iddianın xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 01 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilmiş hissədə iddia təmin oluna bilməz.

43. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

44. Həmçinin də, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış olan müqavilənin 5.3-cü bəndinin məzmunu icarə haqqının mütləq hər ilin oktyabr ayından icarə haqqına 20 faiz artırılmalı olması kimi deyil, məhz tərəflərin razılığı ilə artırılması imkanı kimi başa düşülməlidir. Hazırkı halda, isə icarəçi qeyd edilmiş hala etiraz edir.

45. İşdə olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 200 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

46. Buna görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı verilsin.

47. Beləliklə, qeyd edilən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

48. Məhkəmə birinci birləşdirilmiş iş olan İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə aşağıdakıları qeyd edir.

49. Bu hissədə ilk növbədə qeyd edilməlidir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir.

50. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı (icarəyə verən) cavabdehə (icarəçi) icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdırmışdır.

51. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə məhz icarə müqaviləsinin ləğv edilməsi müddətləri ilə bağlı xüsusi norma olmadığından, qeyd edilən hal Mülki Məcəllənin Əmlak kirayəsi müqaviləsinin ləğv edilməsi müddətləri (maddə 691) baxımından araşdırılmalıdır.

52. Mülki Məcəllənin 691.1-ci maddəsinə əsasən Torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: ... 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə.

53. Göründüyü kimi, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə bildiriş verməklə, onu müqaviləni birtərəfli qaydada ləğv edilməsi barədə xəbərdar etmişdir.

54. Bu baxımdan məhkəmə hesab edir ki, artıq tərəflər arasında bağlanmış olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş sayılmalıdır.

55. Tərəflər arasında da, artıq etibarlı müqavilə münasibətləri olmadığından icarə sahəsi olan İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 148 A ünvanında yerləşən 506,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir.

56. Qeyd edilmiş iş üzrə verilmiş xx.xx.2023-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 200 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

57. Ancaq Məhkəmə hesab edir ki, qeyd edilmiş iddia qiymətləndirilməyən iddia növlərinə aid olduğundan və qiymətləndirilməyən iddia növlərində dövlət rüsumunun 100 manat olması nəzərə alındığında, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı verilsin.

58. Beləliklə, qeyd edilən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

59. Məhkəmə ikinci birləşdirilmiş iş olan iddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

60. Göründüyü kimi, iddiaçı Cavabdeh MMC icarə haqqının xx.xx.2021-ci il tarixədək (37 ay) 13.000 manat olduğu dövr üzrə icarə haqqı üzrə vergi 1.820 manat (13000*14% = 1820) həcmində tutulmalı olduğu halda 350 (üç yüz əlli) manat tutulmasına istinad edərək həmin dövr üzrə Cavabdehə hər ay 1.470 manat artıq ödənildiyini, icarə haqqının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (13 ay) 15.600 manat olduğu dövrdə isə icarə haqqından 2.184 manat (15600*14% = 2184) həcmində tutulmalı oluğu halda yenə yanlışlıqla 350 manat tutulmasına istinad edərək, hər ay 1.834 manat iddiaçı tərəfindən artıq ödənildiyini bildirir.

61. Tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən hər təqvim ayı üçün icarə haqqı həmin ayın ilk həftəsində köçürmə və ya nağd qaydada ödənilir. Ödəmə mənbəyində vergi icarəçi tərəfindən icarəyə verəndən tutularaq büdcəyə ödənilir.

62. İş materiallarında olan xx.xx.2022-ci il tarixdən sonrakı tarixlərdə hər ay verilmiş ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına icarə haqqı olaraq ödəmə mənbəyində tutulmalı olan 14 faizlik vergi çıxılmaqla 13.416 (15.600-2184) manat məbləğində pul ödənilmişdir.

63. Məhkəmə iclasında hər iki tərəf xx.xx.2022-ci il tarixinədək ödənişlərin əlbəəl olduğunu, yalnız həmin tarixdən sonra ödənişlərin bank vasitəsi ilə olduğunu qeyd etdilər.

64. Məhkəmə qeyd edir ki, icarə haqları üzrə ödəmə mənbəyində tutulmalı olan vergi, icarəçinin icarəyə verənə vermiş olduğu puldan tutulur. Yəni əgər Cavabdeh MMC tərəfindən əvvəllər də, yəni icarə haqqının 13.000 manat olduğu dövrdə icarə haqqını Bank vasitəsi ilə vermiş olsa idi, qeyd edilmiş pul avtomatik olaraq məbləğin 14 faizi dövlət büdcəsinə tutulmuş olacaqdı.

65. Yəni hazırkı halda, Cavabdeh MMC tərəfindən tələb edilən pula artıq ödənilmiş pul kimi qiymət verilə bilməz. Belə ki, Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı halların araşdırılması mübahisənin həlli baxımından heç bir əhəmiyyət kəsb etmir və qeyd edilən hal Vergi orqanı ilə İddiaçı arasında olan münasibətlərə aiddir.

66. Ona görə də, Cavabdeh MMC-nin iddiası təmin edilə bilməz.

VI. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiası üzrə: İddia qismən təmin edilsin. İddiaçı oğu ilə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə 13.566,7 manat icarə haqqı, 700 manat dəbbə pulu olmaqla cəmi 14.266,7 manat məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı verilsin. Mediasiya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı verilsin. Vəkilə ödənilmiş pulun əvəzi olaraq 211 manat məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və s.”tələbinə dair iddiası üzrə: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 56 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 148 A) ünvanında yerləşən 506 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsi Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Mediasiya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar