Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-530/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti (“X1” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli, 639micSUM/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 12533,79 manat, faiz borcu üzrə 1882,48 manat, cərimə üzrə 1649,58 manat olmaqla, cəmi 16065,85 manat borc və ödənilmiş dövlət rüsumuna görə 138,20 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 639micSUM/22 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 20% ödəmək şərtilə, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh2 Taği oğlu arasında xx.xx.2022-ci il tarixli, 639micSUM/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər Cavabdeh1 və zamin müiqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 12533,79 manat, faiz borcu üzrə 1882,48 manat, cərimə üzrə 1649,58 manat olmaqla, cəmi 16065,85 manat məbləğində borcu vardır. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan əsas borc, kreditdən istifadəyə görə faiz borcu və cərimə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, cavabdehlərin iddiaçıya olan borcları ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə iddiaçı “X1” ASC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Cavabdeh1 məhkəmə iclasında izahat verərək qeyd etdi ki, əsas borc qəbul edir, faiz borcunun azaldılmasını xahiş edir, cərimə isə qəbul emir. Borc sonra hissə-hissə ödəniləcəkdir.
7. “X1” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 639micSUM/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin məzmunundan müəyyən olunur ki, borc verən borcalana 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər. Müqavilə tərəflərin imzası və “X1” ASC-nin möhürü ilə təsdiq edilmişdir.
8. “X1” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 639micSUM/22 nömrəli əlavə kredit müqaviləsinin məzmunundan müəyyən olunur ki, bu müqaviləyə görə borcverən 24 ay müddətinə xx.xx.2024-cü il tarixinədək, illik 20 faiz ödəmək şərtilə 30000 məbləğdə krediti 0 ay güzəşt müddəti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərlə borcalan tərəfindən borcverənə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. Müqavilə tərəflərin imzası və “X1” ASCnin möhürü ilə təsdiq edilmişdir.
9. “X1” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 639micSUM/22 nömrəli əlavə kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 01 saylı Əlavənin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 tərəfindən müqavilə üzrə 30000 manat əsas, 6648,3 manat faiz borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsi barədə razılıq əldə edilmişdir. Əlavə tərəflərin imzası və “X1” ASC-nin möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 639micSUM/22 saylı əlavə kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 639micSUM/22 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən əlavə kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.
11. “X1” ASC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən 639çicSUM/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə banka əsas borc üzrə 12533,79 manat, faiz borcu üzrə 1882,48 manat, cərimə borcu üzrə 1649,58 manat olmaqla, cəmi 16065,85 manat borcu vardır.
12. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10126 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 639micSUM/22 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) və xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarix) olan borcu əsas borc üzrə 12524,54 manat, faiz borcu üzrə 1850,85 manat təşkil edir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, “X1” ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 639micSUM/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc verən borcalana 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə xx.xx.2032-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı açır. “X1” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 639micSUM/22 nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən 24 ay müddətinə xx.xx.2024-cü il tarixinədək, illik 20 faiz ödəmək şərtilə 30000 məbləğdə krediti 0 ay güzəşt müddəti ilə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 639micSUM/22 nömrəli əlavə kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 639micSUM/22 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən əlavə kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Kreditor kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
17. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taği oğlundan xx.xx.2022-ci il tarixli, 639micSUM/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 12533,79 manat, faiz üzrə 1882,48 manat faiz borcunun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, ekspert rəyini, AR MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əsas borcu və faiz borcunun tutulmasına dair iddia tələbi qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12524,54 manat (on iki min beş yüz iyirmi dörd manat əlli dörd qəpik) əsas borc, 1850,85 manat (min səkkiz yüz əlli manat səkəsn beş qəpik) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin sonuna faiz borcunun məbləği 1850,85 manat
19. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 639micSUM/22 saylı kredit müqaviləsi üzrə 1649,58 manat cərimə borcunun tutulması təşkil edir.
20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq, 630 (altı yüz otuz) manat məbləğində müəyyən edilməlidir.
22. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 138,20 manat dövlət rüsumunun bankın xeyrinə ödənilməsini xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 129,10 manat (yüz iyirmi doqquz manat on qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
24. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun 186,80 manat (yüz səksən altı manat səksən qəpik) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 13,20 manat (on üç manat iyirmi qəpik) hissəsi isə “X1” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12524,54 manat (on iki min beş yüz iyirmi dörd manat əlli dörd qəpik) əsas borc, 1850,85 manat (min səkkiz yüz əlli manat səkəsn beş qəpik) faiz borcu, 630 (altı yüz otuz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,10 manat (yüz iyirmi doqquz manat on qəpik) olmaqla, ümumilikdə 15134,49 manat (on beş min yüz otuz dörd manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 186,80 manat (yüz səksən altı manat səksən qəpik) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 13,20 manat (on üç manat iyirmi qəpik) hissəsi isə “X1” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova