Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5307/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli No 245/23 saylı İcarə müqaviləsinə əsasən, 2720 manat məbləğində əsas, 1367 manat məbləğində cərimə borcu, cəmi 4087 manat məbləğində icarə haqqı borcu, habelə 61 manat məbləğində ödənilmiş dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC (“İcarəyə verən”) və cavabdeh "xxxx" MMC (“İcarəçi”) arasında bağlanan No 245/23 saylı icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. Ev 38 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-cimaddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-cimaddəsinə əsasən, aylıq icarə haqqı 200 AZN təşkil edir. Həmin Müqavilənin xx.xx.2023-cü il tarixli 1 saylıəlavəsinə əsasən Müqavilənin 4.1-cimaddəsi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir. 4.1-cimaddəsinə əsasən, İcarə Haqqının hesablanması qaydası aşağıda qeyd edilən formada həyata keçirilit: - "İcarəçi" 15 kvadrat metr Sahədə 15 tona qədər Mal saxlaya bilər və Müqavilə qiyməti 420 (dörd yüz iyirmi) manat təşkil edəcək. - Sahə 15 kv.m-dən artıq olduğu halda “İcarəçi" artan hər kv.m görə hər ay əlavə 28 manat ödəyəcək. - Sahədə saxlanılan Malın çəkisi 15 tondan artıq olduğu halda artan hər tona görə 1 gün üçün 1 AZN hesablanacaq. Müqavilənin 4.2-ci maddəsinə əsasən, İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Müqavilənin 4.3-cü maddəsinə əsasən,İcarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0,5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən, Bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 4-cü maddəsində göstərilən bütün xərcləri vaxtlı-vaxdında ödəmək İcarəçinin vəzifəsidir. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib ofis sahəsini icarəyə verməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli No 245/23 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə "xxxx" MMC-yə dəfələrlə məlumat verməyimizə baxmayaraq “İcarəçi”nin hələ də müqavilə üzrə 2720 AZN, gecikdirilmiş icarə haqqı üçün cərimə 1367 AZN olmaqla,cəmi 4,087 AZN borcu qalmışdır. İddiaçı mübahisənin danışıqlar vasitəsi ilə həll etmək məqsədi ilə cavabdeh "xxxx" MMC-yəxx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimiCavabdeh MMCtərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 245/23 nömrəli icarə müqaviləsinə əsasən “icarəyə verən”, “icarəçi”yə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. Ev 38 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1cimaddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür.
5. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqının hesablanması qaydası aşağıda qeyd edilən formada həyata keçirilir: - "İcarəçi" 15 kvadrat metr Sahədə 15 tona qədər Mal saxlaya bilər və Müqavilə qiyməti 420 (dörd yüz iyirmi) manat təşkil edəcək. - Sahə 15 kv.m-dən artıq olduğu halda “İcarəçi" artan hər kv.m görə hər ay əlavə 28 manat ödəyəcək. - Sahədə saxlanılan Malın çəkisi 15 tondan artıq olduğu halda artan hər tona görə 1 gün üçün 1 AZN hesablanacaq.
6. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir.
7. Müqavilənin 4.3-cü bəndinə əsasən icarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0,5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır.
8. Müqavilənin 7.1.2-ci bəndinə əsasən “icarəçi” bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə Sahə ilə bağlı və Müqavilənin 4-cü Maddədə göstərilən bütün xərcləri vaxtlıvaxtında ödəməyi öhdəsinə götürür.
9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun qisa müddət ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə EBDP seriyalı 701393 nömrəli xx.xx.2023-cü il tarixli,EBDS seriyalı 047096 nömrəli xx.xx.2023-cü il tarixli,EBDN seriyalı 645986 nömrəli xx.xx.2023-cü il tarixli,EBDL seriyalı 185902 nömrəli xx.xx.2023-cü il tarixli,EBDİ seriyalı 982596 nömrəli xx.xx.2023-cü il tarixli,EBDH seriyalı 257812 nömrəli xx.xx.2023-cü il tarixli,EBDE seriyalı 901999 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.
11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 245/23 saylı nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 245/23 nömrəli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış icarə haqqı qarşılığında soyuducu anbarın (Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev prospekti (Xırdalan) ev 38) malın yerləşdirilməsi üçün kifayət edən hissəsini cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 29 mart 2023-cü il tarixli müqavilə üzrə cəmi icarə haqqı borcu 2720 manat təşkil edir.
16. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləi üzrə icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 2720 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
17. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış 1367 manat cərimə məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
18. Göründüyü kimi Cavabdeh MMC-nin icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
19. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 683 manat məbləğində müəyyən edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 245/23 saylı icarə müqaviləsinə əsasən 2720 manat (iki min yeddi yüz iyirmi manat), gecikdirilmiş icarə haqqı üçün cərimə 683 manat (altı yüz səksən üç manat) olmaqla, cəmi 3403 manat ( üç min dörd yüz üç manat) məbləğində borcu, habelə 54,03manat məbləğində ödənilmiş dövlət rüsumu dövlət rüsumu pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X3