Məhkəmə qərarları › İş №e-2-2(113)-5311/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5311/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5311/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, icarə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli KM-İM-4/23 saylı icarə müqaviləsinə əsasən 320 manat məbləğində əsas, 150 manat məbləğində cərimə borcu cəmi 470 manat məbləğində icarə haqqı borcu, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanan KM-İM-6/1/23 saylı icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. Ev 38 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-cimaddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1cimaddəsinə əsasən, aylıq icarə haqqı 200 manat təşkil edir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verən”ə ödənilməlidir. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən, Bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 4-cü maddəsində göstərilən bütün xərcləri vaxtlı-vaxdında ödəmək İcarəçinin vəzifəsidir. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib ofis sahəsini icarəyə verməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli KM-İM-6/1/23 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə "xxxx" MMC-yə dəfələrlə məlumat verməyimizə baxmayaraq “İcarəçi”nin hələ də müqavilə üzrə 320 AZN borcu qalmışdır. Ümumilikdə cavabdeh tərəfindən müqavilənin xitam verildiyi tarixədək 320 manat icarə haqqı ödənilməli olduğu halda 803589 saylı, xx.xx.2023-cü il tarixli aprel ayı üçün, 259576 saylı, xx.xx.2023-cü il tarixli may ayı üçün olan elektron qaimələr üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. İddiaçı mübahisənin danışıqlar vasitəsi ilə həll etmək məqsədi ilə cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində iddiaçı tərəfindən elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh "xxxx" MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 425, 430, 442, 443.5, 445.7, 448, 448.1, 462.1, 465.1, 684.2, 698.1, 698.3, 700-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış 01 avqust 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” İddiaçı MMC-nin əmlakına aid Soyuducu Anbarın (Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr.(Xırdalan) ev 38) 15 m2 -8 ton malın yerləşdirilməsi üçün kifayət edən Hissəsini (bundan sonra Sahə) “İCARƏÇİ “-ə icarəyə verməyi, “İcarəçi” isə həmin Sahəni icarəyə qəbul edərək bu Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqının “İcarəyə verən”-ə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və Müqavilə müddətinin bitməsinə 15 gün qalanadək Tərəflərdən biri Müqaviləyə xitam verilməsinə münasibət bildirilmədiyi halda Müqavilə prolonqasiya olunaraq eyni şərtlərlə eyni müddətə uzadılır. Müqavilənin 4-cü bəndinə əsasən aylıq icarə haqqı 405 (dörd yüz beş manat) (15 m2-m hər kv-a görə 27 (iyirmi yeddi) manat ƏDV daxil nəzərdə tutulur) Azərbaycan manatı təşkil edir. İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə “İcarəçi” tərəfindən “İcarəyə verən”ə ödənilməlidir. İcarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0,5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır. İcarəçi tərəfindən bir ay ərzində saxlanılan məhsulun miqdarı 8 ton-dan artıq olarsa, artıq olan hər bir ton üçün aylıq 24 (iyirmi dörd) manat (ƏDV daxil) olmaqla əlavə hesablanacaq. EBDH seriyalı, 259576 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 200 manat, EBDE seriyalı, 803589 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 120 manat icarə haqqı məbləği İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda qısa müddət ərzində icarə müqaviləsinə əsasən ödənilməmiş 522 manat (202 manat dəbbə borcu) İddiaçı MMC-yə ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev 38 ünvanında yerləşən soyuducu anbarı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icarəyə verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını, yəni 320 manat pulu ödəmədiyini, iddiaçının icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 320 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 150 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 16 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 19 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli KM-İM-4/23 saylı icarə müqaviləsinə əsasən 320 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 16 manat olmaqla, cəmi 336 (üç yüz otuz altı) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 19 (on doqquz) manatının əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar