Məhkəmə qərarları › İş №e-2-2(113)-5315/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5315/2021

24.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5315/2021 24.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1iştirakları ilə, iddiaçı 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehçıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsi tərəfindən birtərəfli qaydada 12.04.2016-cı il tarixdə tərtib olunmuş 040665 saylı protokola əsasən Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sudan istifadə və kanalizasiya xidmətinə görə hesablanmış 44.698,78 manat məbləğində borcun qanunsuz və əsassız hesablanmasını və həmin borcun tələb edilməsinə görə iddia müddətinin keçməsini nəzərə alıb həmin protokolun etibarsız hesab edilməsi və Birliyə hesablanmış 44698,78 manat məbləğində borcun şəxsi hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsi tərəfindən birtərəfli qaydada 12.04.2016-cı il tarixdə tərtib olunmuş 040665 saylı protokola əsasən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sudan istifadə və kanalizasiya xidmətinə görə 44698,78 manat məbləğində borc hesablanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsi tərəfindən birtərəfli qaydada 12.04.2016-cı il tarixdə tərtib olunmuş 040665 saylı protokola əsasən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sudan istifadə və kanalizasiya xidmətinə görə hesablanmış 44698,78 manat məbləğində borc qanunsuz və əsassızdır, aşağıdakılara görə həmin protokol etibarsız hesab edilməli və hesablanmış 44698,78 manat məbləğində borc silinməlidir. Belə ki,Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsinin mütəxəssisləri tərəfindən 2016-cı il avqust ayında Birliyin inzibati binasında və eləcə də tabeçiliyində olan MKİS-də mövcud olmuş su sayğacları çıxarılaraq yoxlanması məqsədilə laboratoriyaya göndərilmiş və Birliyin inzibati binasında tərəflər arasında müqavilə bağlanmaqla 26.08.2016-cı il tarixdə “Smart CSS-20K” markalı 102535 nömrəli yeni tipli su sayğacı quraşdırılmışdır. Lakin yeni tipli su sayğacından əvvəl hesablamalar aparılarkən Birlikdə mövcud olmuş su sayğaclarının mexaniki sərfiyyat göstəricisinə əməl olunmayaraq daxildən keçən su borusunun diametrinə əsaslanaraq və iki müəssisə arasında üzləşmə aparılmadan birtərəfli qaydada Nizami rayon Sukanal İdarəsi tərəfindən 12.04.2016-cı il tarixdə tərtib olunmuş 040665 saylı protokola əsasən 01.01.2016-cı il tarixə Birliyə su sərfiyyatı üzrə 37636,05 manat, çirkab su sərfiyyatı üzrə 7062,73 manat, ümumilikdə cəmi 44698,78 manat dəyərində əsassız borc hesablanmışdır. Eyni zamanda 2012-ci ildən hazırkı vaxta qədər sudan istifadə və kanalizasiya xidmətlərinə görə Birlik tərəfindən aylıq istifadəyə görə vaxtaşırı ödəmələr aparılsa da, Nizami rayon Sukanal İdarəsi tərəfindən təkrarən birtərəfli qaydada və iki müəssisə arasında üzləşmə aparılmadan tərtib olunmuş 12.11.2020-ci il tarixli 040665 saylı üzləşmə aktına əsasən Birliyə sudan istifadə və kanalizasiya xidmətlərinə görə 48.394,59 manat dəyərində əsassız borc hesablanmışdır. Bundan əlavə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinə ünvanlandığı 08.11.2016-cı il tarixli, 03/03-3/16653 saylı və 16.06.2021-ci il tarixli, 03/01-7/5/8811 saylı cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən borc məbləği sözügedən müəssisədə əvvəlki dövrdə istifadə olunmuş içməli su və kanalizasiya xidmətlərinin dəyərinin tam şəkildə ödənilməməsi nəticəsində yaranmışdır Göründüyü kimi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 44698.78 manat dəyərində borc qeyri-dəqiq hesablaşmalar aparılmaqla əsassız olmaqla bərabər, həm də 2016-cı ildən əvvəlki dövrlərdən yaranmış borcdur. Həmin borca görə Cavabdeh ASC iddia müddətini keçirmişdir. Odur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsi tərəfindən birtərəfli qaydada 12.04.2016-cı il tarixdə tərtib olunmuş 040665 saylı protokola əsasən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sudan istifadə və kanalizasiya xidmətinə görə hesablanmış 44.698,78 manat məbləğində borcun qanunsuz və əsassız hesablanması, həmçinin həmin borcun tələb edilməsinə görə iddia müddətinin keçməsi nəzərə alınıb həmin protokolun etibarsız hesab edilməsi və Birliyə hesablanmış 44.698,78 manat məbləğində borcun şəxsi hesabdan silinməsi barədə qətnamə çıxarılmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmiş və ərizəsində birliyə hesablanmış 44.968,78 manat məbləğində borcun hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia və iddianın dəqiqləşməsi barədə ərizələrində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh ASC-nin sistemində iddiaçının 2015-ci ildə üzləşmə aktını imzalamaqla borcu etiraf etməsi barədə qeydiyyat aparılmışdır. Eyni zamanda 2015-ci ildə iddiaçı tərəfindən satış məbləğindən çox ödəniş edilmiş, bununla da borcu etirafedici hərəkət edilmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - 040665 kodu üzrə abonent haqqında məlumata əsasən müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən abonent 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 2016-cı ilin əvvəlinə borcu 44.698,79 manat, 2017-ci ilin əvvəlinə 46.936,59, 2018-ci ilin əvvəlinə 48040,59 2019-cu ilin əvvəlinə 48.406,59 manat, 2020-ci ilin əvvəlinə 48.394,59, 2021-ci ilin sonuna 48423,59 manat təşkil etmişdir. - Cavabdeh ASC ilə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında Suölçən cihazla bağlı mal, iş və xidmətlərin alqı-satqısına dair 17.08.2016-cı il tarixli, S040665-311 saylı müqavilədən görünür ki, həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı Nizami rayonu ünvanına texniki şərtə uyğun olaraq bir ədəd smart tipli, ön ödənişli Abşeron CSS-20K markalı su sayğacının quraşdırılmasını öz öhdəsinə götürmüşdür. -1.2-c bəndinə əsasən Sifarişçi isə İcraçının bank hesabına 247,23 (ƏDV ilə birlikdə) manat məbləğ ödəmişdir. Cavabdeh ASC tərəfindən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış 08.11.2016-cı il tarixli məktubdan görünür ki, Birlikdən 01.10.2016-cı il tarixə istifadə edilmiş sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə Cavabdeh ASC-yə 46380,59 manat borcun olduğu bildirilmiş və həmin borcun qısa müddət ərzində ödənilməsi məqsədilə tədbirlər görülməsi tövsiyə edilmişdir. 12 noyabr 2020-ci il tarixli, 040665 saylı üzləşmə aktından görünür ki, aktda 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh ASC-yə sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 48493,59 manat məbləğində borcunun olması göstərilmişdir. Üzləşmə aktı yalnız Cavabdeh ASC-nin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 03.05.2021-ci il tarixli, 61/Ç saylı məktubundan müəyyən edilir ki, MMC sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 2012-ci ildən əvvəlki illər üzrə Cavabdeh ASC-yə 48394,59 manat ödənilməmiş borcunun öhdəlik müddətinin keçdiyi səbəbindən qüvvəsini itirdiyinə görə hesabdan silinməsini xahiş etmişdir. Cavabdeh ASC tərəfindən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış 16.06.2021-ci il tarixli məktubdan görünür ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş debitor borcu 48473,59 manat olduğu, həmin borcun ümidsiz hesab edilməsi üçün əsas olmadığı bildirilmiş və borcun ödənilməsinin təmin iolunması istiqamətində müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin müqavilə üzrə Cavabdeh MMC tərəfindən ona hesablanmış 44698,78 manat məbləğində borcun öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin keçməsi ilə əlaqədar silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 550-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İş materiallarından isə görünür ki, iddiaçının silinməsini tələb etdiyi 44698,78 manat məbləğində borc 2016-cı ilədək olan dövrdə yaranmış, vaxtaşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur. İddiaçı tərəfindən mübahisəli borcdan ödənişlər edilməsi, bununla da öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin kəsilməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazına əsas kimi istinad etdiyi yuxarıda göstərilən halları, yəni iddiaçı tərəfindən son beş il ərzində 2016-cı il tarixədək olan dövrdə yaranmış borcdan ödəniş edilməsini və ümumiyyətlə iddiaçı tərəfindən cari borcdan kənar hər hansı ödəniş edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarında olan abonent haqqında məlumatdan göründüyü kimi 2016-cı ilin yanvarından başlayaraq iddiaçının Cavabdeh ASC-yə sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə borcunun məbləği 44.698,78 manatdan aşağı düşməmişdir. İşin göstərilən halları ilə təsdiq edilir ki, 2016-2021-ci illərdə iddiaçı 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2016-cı ilədək yaranmış tələbin ödənilməsi istiqamətində hər hansı addımlar atılmamış, hissə-hissə edilməmiş, təminat verilməmiş, eləcə də Cavabdeh ASC tərəfindən mübahisəli borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia irəli sürülməmişdir. Mülki Məcəllənin 553.1-ci maddəsinə görə yalnız aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ASC-nin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı 2016-cı ilin əvvəlinədək yaranmış 44.698,79 manat məbləğində tələbi üzrə müddətin axımı kəsilməsinə əsas olan hallar baş verməmişdir. Məhkəmə iddiaçının silinməsini tələb etdiyi 44.698,79 manat məbləğində borcun 2016-cı il tarixədək il tarixədək yarandığını, 2016-cı ildən başlayaraq həmin öhdəliyin xitamı müddətinin kəsilməsi üçün əsas olan halların baş vermədiyini, belə olan halda isə həmin borcun yaranmasından Mülki Məcəllənin 551.2.1-ci maddəsində vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş 5 illik müddət keçməklə həmin öhdəliklər üzrə cavabdehin tələb etmə hüququna müddətin keçməsi ilə əlaqədar xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. EMİS-in Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışa əsasən hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumu 224 manat təşkil edir. Göründüyü kimi hazırkı halda iddiaçı çəkdiyi mediasiya xərci həcmində dövlət rüsumunu ödəməkdən azad edildiyindən 24 manat məbləğində dövlət rüsumu ödəməli idi. Odur ki, iddiaçının artıq ödədiyi 6 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda iddia təmin edildiyindən iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçı 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə 01.01.2016-cı il tarixədək olan dövrdə hesablanmış 44.698,78 (qırx dörd min altı yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 6 manat hissəsi iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar