Məhkəmə qərarları › İş №e-2-2(113)-5317/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5317/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5317/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli KM-İM-2/23 saylı icarə müqaviləsinə əsasən, 347 AZN, gecikdirilmiş icarə haqqı üçün cərimə 222 AZN olmaqla, cəmi 569 AZN məbləğində icarə haqqı borcu, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumun məbləğində ödənilmiş dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC (“İcarəyə verən”) və cavabdeh "xxxx" MMC (“İcarəçi”) arasında bağlanan KM-İM-2/23 saylı icarə müqaviləsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə ünvan 1 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-cimaddəsinə əsasən, Aylıq icarə haqqı 200 AZN təşkil edir Müqavilənin 4.2-ci maddəsinə əsasən, İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən, Bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 4-cü maddəsində göstərilən bütün xərcləri vaxtlı-vaxdında ödəmək İcarəçinin vəzifəsidir. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib anbar sahəsini icarəyə verməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixliKM-İM-2/23 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə "xxxx" MMC-yə dəfələrlə məlumat verməyimizə baxmayaraq “İcarəçi”nin hələ də müqavilə üzrə 347 AZN, gecikdirilmiş icarə haqqı üçün cərimə 222 AZN olmaqla,cəmi 569 AZN borcu qalmışdır. İddiaçı mübahisənin danışıqlar vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh MMC-yəxx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMCtərəfindən heç bir ödəniş edilməmişdir. II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KM-İM-2/23 saylı icarə müqaviləsinə əsasən İcarəyə verən”, “İcarəçi”yə ünvan 1 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür öz öhdəsinə götürür.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 200 (iki yüz) manat təşkil edir.

6. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə « icarəçi »tərəfindən « icarəyə verən»ə ödənilməlidir.

7. Müqavilənin 7.1.2-ci bəndinə əsasən “icarəçi” bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə Sahə ilə bağlı və Müqavilənin 4-cü Maddədə göstərilən bütün xərcləri vaxtlıvaxtında ödəməyi öhdəsinə götürür.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun qısa müddət ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə EBDH seriyalı 259972 nömrəli xx.xx.2023-cü il tarixli,EBDe seriyalı 804093 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.

10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli KM-İM- 2/23 saylı nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli KM-İM-2/23 nömrəli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış icarə haqqı qarşılığında soyuducu anbarın (Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev prospekti (Xırdalan) ev 38) malın yerləşdirilməsi üçün kifayət edən hissəsini cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 07 aprel 2023-cü il tarixli müqavilə üzrə cəmi icarə haqqı borcu 347 manat təşkil edir.

15. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləi üzrə icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 347 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

16. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış 222 manat cərimə məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

17. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulmadığından cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcud deyil.

18. Belə olan halda məhkəmə Mülki Məcəllənin 463.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbi dəbbə pulunun tutulması hissəsində təmin edilməməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli KM-İM-2/23 saylı icarə müqaviləsinə əsasən 347 manat (üç yüz qırx yeddi manat) əsas borc,habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar