Məhkəmə qərarları › İş №e-2-2(113)-5318/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5318/2025

04.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5318/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı Cavabdeh MMC-yə qarşı “borc öhdəliyindən azaldılmış məbləğin tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC-yə olan borc öhdəliyindən azaldılmış 59000 (əlli doqquz min) manat məbləğin tanınması və dövlət rüsumu kimi ödənilən 267,40 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" tresti SOCAR-ın 105 nömrəli 31 iyul 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “SOCAR-ın satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədləri”nin tələblərinə müvafiq olaraq “İki zərf” və “Bağlı zərf” metodlarını tətbiq etməklə “Açıq müsabiqə” üsulu ilə təlabatı olan Müxtəlif ölçülü elektrik kabellər (Malların siyahısı 11 nömrəli qoşmada verilmişdir) satın alınması məqsədi ilə 25080-23 nömrəli müsabiqə keçirmişdir. Müsabiqənin şərtlər toplusuna əsasən müsabiqədə iştirak etmək istəyən iddiaçı tərəf müsabiqə təklifinin təminatı üzrə bank qarantiyası təqdim etməlidir. (müsabiqə təklifi 200 000,00 manatdan yüksək olduqda) Müsabiqə iştirakçılarından “Buta Supply MMC” xx.xx.2023-cü il tarixdə İddiaçınə BS/660 №-li müraciət ünvanlayaraq, bank qarantiyası əvəzinə daha öncədən Cavabdeh MMC ilə Trest arasında bağlanmış NQT- 2021121 nömrəli, xx.xx.2021 tarixli müstəqil müqaviləyə əsasən yaranmış debitor borcundan İddiaçı Cavabdeh MMC-nin qarşısında yaranmış kreditor borcundan 50 000 (əlli min) azn vəsaitin dondurulmasına icazə verilməsini xahiş etmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli BS/661 nömrəli təminat məktubu ilə İddiaçı qarşısında yaranmış öhdəliklərinin qeyd-şərtsiz icra edəcəyinə dair İddiaçı Cavabdeh MMC-nin qarşısında yaranmış kreditor borcundan ”Neftqaztikinti” trestinə 50000 AZN şərtsiz və geri götürülə bilməyən təminat vermişdir. Təminat məbləğinin Trestin ilk yazılı bildirişi əsasında, ondan hər hansı sübütun, əsaslandırmanın təqdim edilməsini tələb etmədən 5 (beş) iş günü müddətində kreditor borcundan azaldılması nəzərdə tutulmuşdur. Həmçinin, təminat məktubunda nəzərdə tutulmuşdur ki, Cavabdeh MMC Müsabiqə Təklifində göstərdiyi Müsabiqə təklifinin qüvvədə olma müddəti ərzində öz Təklifini geri götürərsə və ya hesab səhvlərinin düzəlişi ilə razılaşmazsa və ya müsabiqə təklifinin qüvvədə olduğu müddət ərzində Satınalan təşkilat tərəfindən həmin təklifin akseptləşdirilməsi haqqında bildiriş aldıqda, müqaviləni imzalaya bilməzsə, və ya imzalamaqdan imtina edərsə, və ya əsas şərtlər toplusuna uyğun olaraq, Müqavilənin yerinə yetirilməsi təminatını təqdim edə bilməzsə və ya təqdim etməkdən imtina edərsə o zaman Cavabdeh MMC İddiaçı Cavabdeh MMC-nin qarşısında yaranmış kreditor borcundan ”Neftqaztikinti” trestinə 50000 (əlli min) AZN məbləğin azaldılması ilə şərtsiz razılaşır və bununla bağlı zəruri addımların atılmasını öz öhdəsinə götürür. Təminat məktubunda təminatın xx.xx.2023-cü il tarixinədək qüvvədə olması göstərilmişdir. Müsabiqənin xx.xx.2023-cü il tarixində texniki, xx.xx.2023-cü il tarixində isə maliyyə zərflərinin açılışı baş tutmuşdur. Müsabiqənin maliyyə zərflərinin açılışında “Buta Supply MMC”, “Universal PRO QSC” və “Göknur Bakı LTD MMC” şirkətləri iştirak etmişlər. Sözügedən müsabiqənin maliyyə qiymətləndirilməsinə əsasən müsabiqənin qalibi Rusiyanın “X2” zavodunun kabellərini təklif edən Cavabdeh MMC müəyyən edilmişdir. Lakin Cavabdeh MMC xx.xx.2023-cü il tarixli BS 2023/315 nömrəli məktub göndərərək Rusiya zavodlarına tədbiq edilən saksiyaları, eyni zamanda ödəniş üçün köçürmələrdə yarana biləcək problemləri əsas gətirərək müsabiqə predmetinin tədarükündən imtina etmişdir. SOCAR-ın Satınalmalar Komitəsinin xx.xx.2017-ci il tarixli iclasının 05 nömrəli protokolunun 7-ci qərarı ilə təsdiq edilmiş “SOCAR-ın normativ sənədlərinə uyğun aparılan satınalma əməliyyatlarında təminatlara dair “Metodiki vəsait”in 7.1-ci bəndinə əsasən müsabiqə təkliflərinin verilməsinin son müddəti qurtardıqda və ya müsabiqə təklifinin qüvvədə olma müddəti başa çatanadək müsabiqə təklifinin geri götürülməsi (cağırılması) və ya dəyişdirilməsi halında satınalan təşkilat müsabiqə təkliflərinin təminatını tuta bilər. Müsabiqə təklifinin təminatı üzrə Cavabdeh MMC tərəfindən təqdim edilmiş təminatın qüvvədə olduğu müddət ərzində müsabiqə təkliflərinin təminatı kimi müəyyən edilən 50 0000 (əlli min) azn vəsaitin İddiaçı hesabına köçürülməsi üçün Trest tərəfindən xx.xx.2023-cü il tarixli 14-2-14/2-1703/2023 nömrəli bildiriş ünvanlanmışdır. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 10 sentyabr 2024-cü il tarixli məktub ünvanlaraq, 25080-23 saylı müsabiqə təklifindən imtina edildiyi üçün tərəflər arasında daha öncədən bağlanmış NQT-2021121 nömrəli, xx.xx.2021 tarixli müstəqil müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-nin qarşısında yaranmış kreditor borcundan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli BS/661 nömrəli təminat məktubu əsasında 59 000 (əlli doqquz min) azn (ƏDV daxil) azaldıldığı bildirilmişdir. Belə ki, İddiaçı tərəfindən müsabiqənin şərtlər toplusunu, “SOCAR-ın normativ sənədlərinə uyğun aparılan satınalma əməliyyatlarında təminatlara dair “Metodiki vəsait”in 7.1-ci bəndini və Cavabdeh MMC tərəfindən təqdim edilmiş təminat məktubu əsas götürülərək Cavabdeh MMC-nin qarşısında mövcud 177131 manat 28 qəpik kreditor borcundan 50000 (əlli min) manat + 9000 (doqquz min) manat ƏDV olmaqla, ümumilikdə 59000 (əlli doqquz min) manat azaldılmış, 01 yanvar 2025-ci il tarixinə ödənilməmiş faktiki borc 118131 manat 28 qəpik təşkil etmişdir. Qeyd olunan faktiki borcdan 59000 (əlli doqquz min) manat (ƏDV daxil) 11 aprel 2025-ci il tarixində 985 №-li ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə ödəniş edilmiş və Trestin Cavabdeh MMC-yə qalıq borcu 59131 manat 28 qəpik təşkil etmişdir. Bu səbəbdən, İddiaçı tərəfindən 17 aprel 2025-ci il tarixdə qarşılıqlı borcların üzləşdimə aktı tərtib edilmiş, üzləşdirmə aparılan tarixə Trestin Cavabdeh MMC-yə olan borcunun 59131 manat 28 qəpik olması göstərilmişdir. Qalıq borc məbləğinin 59131 manat 28 qəpik təşkil etməsinin qarşılıqlı olaraq tanınması üçün Trest tərəfindən 21 aprel 2025-ci il tarixli məktubla qarşılıqlı borcların üzləşdirilməsi aktı iki nüsxədə Cavabdeh MMC-ə göndərilərək aktın bir nüsxəsinin xx.xx.2025-ci il tarixinədək imzalanıb geri qaytarılması təklif edilsə də Cavabdeh MMC tərəfindən akt imzalanıb geri qaytarılmamışdır. Cavabdeh MMC isə 21 aprel 2025-ci il tarixdə Trestə 575 nömrəli məktub ünvanlayaraq, azaldılmış məbləği əsassız olaraq təkrarən nəzərə almayaraq İddiaçı borcunun 118131 manat 28 qəpik təşkil etdiyini qeyd etmiş və ödəniş edilməsini xahiş etmişdir. 06 may 2025-ci il tarixdə İddiaçı 14-2-14/2-870/2025 nömrəli məktubla Cavabdeh MMC-yə müraciət edərək Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli BS/661 nömrəli təminat məktubunu bir daha xatırlatmış, qanunvericiliyin tələblərinə əməl edilməklə həmin təminatın əsas götürülərək İddiaçı Cavabdeh MMC-nin qarşısında mövcud 177131 manat 28 qəpik kreditor borcundan 50000 manat + 9000 manat ƏDV olmaqla, ümumilikdə 59000 manat azaldıldılğını, 01 yanvar 2025-ci il tarixinə ödənilməmiş faktiki borcun 118131 manat 28 qəpik təşkil etdiyini, qeyd olunan faktiki borcdan 59000 manat (ƏDV daxil) 11 aprel 2025-ci il tarixində ödəniş edildiyini və hal-hazırda Trestin Cavabdeh MMC-yə borcu 59131 manat 28 qəpik təşkil etdiyini təkrarən qeyd etmiş və təqdim olunmuş qarşılıqlı borcların üzləşdirilməsi aktını imzalayıb Cavabdeh MMC-nin möhürü ilə təsdiq edərək bir nüsxəsinin İddiaçınə geri qaytarılması bir daha xahiş edilmişdir. Cavabdeh MMC isə 13 may 2025-ci il tarixdə 589 nömrəli məklubla tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli BS/661 nömrəli təminat məktubu əsasında öhdəliklərinin yaranmadığını əsassız iddialarla diqtə etməyə çalışmış və borc məbləğinin 118131 manat 28 qəpik manat həcmində ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli Pretenziya məktubu ilə bir daha Cavabdeh MMCyə müraciət edilərək, 21 aprel 2025-ci il tarixdə Cavabdeh MMC-ə göndərilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktını imzalayıb Cavabdeh MMC-nin möhürü ilə təsdiq edərək bir nüsxəsinin İddiaçınə geri qaytarılması bir daha tələb edilsə də, Cavabdeh MMC tərəfindən məsələnin həlli istiqamətində heç bir tədbir görülməmiş və bu istiqamətdə heç bir cəhd göstərilməmişdir. 19 may 2025-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC-ə məktub ünvanlanaraq, pretenziyada göstərilənlərin nəzərə alınmasını və Trestin tələblərinə əməl edilməsi xahiş edilmişdir. İddiaçının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və iş materiallarını tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Lakin məhkəmə qaydasında istənilən mübahisə deyil, yalnız müstəqil realizə imkanı olmayan və məhkəmə müdafiəsi hüququ ilə təmin edilməli olan hüquq və mənafelərin müdafiəsi məhkəmə qaydasında həyata keçirilə bilər. Digər sözlə, hər hansı bir mübahisə məhkəməyə müraciət etmədən həll edilə bilirsə, məhkəməyə müraciət etmək zəruri deyil. Məhkəməyə müraciət yalnız mübahisəni həll etmək üçün başqa bir yol olmadıqda və ya hüquqların müdafiəsi üçün məhkəmə qərarına ehtiyac olduqda baş verir. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçının cavabdehə olan borcunun 59000 manat azaldılmasının tanınması ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Belə ki, cavabdeh iddiaçıya qarşı borc tələbi irəli sürdüyü halda iddiaçı borcunun azaldılmasının əsaslarını bildirərək ondan tələb olunacaq məbləği mübahisələndirə bilər. Çünki iddiaçının borc məbləğindən 59000 manat azalmanın cavabdeh tərəfindən nəzərə alınıb-alınmaması, iddiaçıya qarşı həmin məbləğlə bağlı tələb olmadığı halda onun hər hansı hüquqlarını və qanuni mənafelərini pozmur. Belə ki, şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Bu, məhkəməyə müraciət edən şəxsin hüquqlarının və ya qanuni mənafelərinin pozulması halında baş verir və bu pozuntunun aradan qaldırılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranır. Beləliklə, məhkəmə işə baxmazdan əvvəl müraciət edən tərəfin müdafiə etdiyi hüquqi marağın qanunla qorunduğunu və bu marağın pozulması nəticəsində zərər çəkdiyini yoxlamalıdır. Əgər bu tələblər təmin olunmursa, məhkəmə işə baxmaqdan imtina etməlidir. Bundan başqa iddiaçı, cavabdehə olan kreditor borcundan aralarında olan razılaşma üzrə 59000 manat azalmanın tanımasını tələb etməklə, sanki hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını istəyir. Halbuki, ümumiyyətlə, hüquqi əhəmiyyətli faktların müəyyən olunması barədə işlərə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəmələrində baxılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1.2-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, hesab edirəm ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.dir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-156, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı Cavabdeh MMC-yə qarşı “borc öhdəliyindən azaldılmış məbləğin tanınması” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı tərəfindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarixli **********42 nömrəli qəbz üzrə ödənilmiş 267 (iki yüz altmış yeddi) manat 40 (qırx) qəpik dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar