Məhkəmə qərarları › İş №e-2-2(113)-5323/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5323/2023

30.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5323/2023 30.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: təbii qazın alqı-satqısı, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İstismarı idarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli şəhəri, S.Fətəliyev küçəsində ona məxsus olan restoranı işlədir. Restorana təbii qazdan istifadə üçün qaz sayğacı quraşdırılmışdır. Hər ay sayğac göstəricisinə əsasən bildiriş-xəbərdarlıq vasitəsilə ödənişlər iddiaçı tərəfindən edilmişdir. xx.xx.2023-cü il tarixdə guya sayğacın çıxış plastmas qapaq sol yan tərəfdən gövdədən aralandığı üçün QİS-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacı iddiaçıya məxsus restoranın daxilində deyil, çöldə quraşdırılmışdır. Bu səbəbdən də həmin sayğacın hər hansı bir müdaxilədən qorunmasının iddiaçı tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Həmin aktla razı deyildir. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasında günahlandırılmış və ona borc hesablanmışdır. Həmin akt qanunsuzdur.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, X1 İstismarı idarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz hesablanmış 720 (yeddi yüz iyirmi) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı arasında xx.xx.2022-ci il tarixli, AMX-0070/22 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

8. Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, sayğacın hesablayıcı mexanizmi yerindən qopmuş, rəqəmlər qarışmışdır.

9. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MS-14-2-2/3-5- 1823-11 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 14-2-2/3-5-1823 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixində Salyan RQİİ-dən Dövlət yoxlamasına gətirilmiş G4 markalı mexanika tipli qaz sayğacına xx.xx.2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirildi və müəyyən edildi ki, kənar təsir nəticəsində plastmas qapaq sol yan tərəfdən gövdədən aralanmış, sayğacın hesablayıcı mexanizminin rəqəmləri qarışmış, belə olan halda sayğaca keçən qazın sərfini hesablayıcı mexanizm qeyd etmir.

10. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, ARDNŞnin Cavabdeh İB-nin qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli, MS-14-2-2/3-5-1823-11 nömrəli aktına əsasən ******* saylı sayğacın kənar təsir nəticəsində plastmas qapaq sol yan tərəfdən gövdədən aralanıb. Sayğacın hesablayıcı mexanizminin rəqəmləri qarışıb. Belə olan halda sayğaca keçən qazın sərfini hesablayıcı mexanizmi qeyd etmir.

11. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 2880 m3 müəyyən edilmişdir.

12. xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qeyd edilən tarixə ümumilikdə borcu 801,50 manat (sayğac oxunması: 4787,35 manat + aktlar: 720 manat – ödəmələr: 4705,85 manat = son borc: 801,50 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2022-ci ilin aprel ayında akt üzrə 720 manat məbləğində borc hesablanmışdır.

13. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Tətbiq edilən hüquq

14. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

Məhkəmənin mövqeyi

17. İddia tələbi X1 İstismarı idarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz hesablanmış 720 (yeddi yüz iyirmi) manat borcun silinməsindən ibarətdir.

18. İşin faktiki hallarından göründüyü kimi, abonentə məxsus qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, baxış keçirilərək müəyyən edilmişdir ki, kənar təsir nəticəsində plastmas qapaq sol yan tərəfdən gövdədən aralanmış, sayğacın hesablayıcı mexanizminin rəqəmləri qarışmış və sayğaca keçən qazın sərfini hesablayıcı mexanizm qeyd etməmişdir. daha sonra itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 2880 m3 müəyyən edilmiş və iddiaçıya 720 manat borc hesablanmışdır.

19. Cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş reyestrdən çıxarışdan göründüyü kimi, cavabdeh yoxlamanı və yoxlamanın nəticələrinə dair aktların tərtibini 2023-cü ilin aprelin sonunadək yekunlaşdırdıqdan sonra müraciət etmiş, çıxarışda yoxlamanın müddətinin xx.xx.2023-xx.xx.2023 tarixləri aralığını əhatə edəcəyi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

20. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, borcun silinməsinə dair iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 720 (yeddi yüz iyirmi) manat məbləğində borc İddiaçı **********00009 saylı abonent hesabından silinməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 720 (yeddi yüz iyirmi) manat məbləğində borc İddiaçı **********00009 saylı abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar