Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5328/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli No 239/23 saylı İcarə müqaviləsinə əsasən, 1.880 manat məbləğində əsas, 733 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.613 manat məbləğində icarə haqqı borcu, habelə 47 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC (“İcarəyə verən”) və cavabdeh "xxxx" MMC (“İcarəçi”) arasında bağlanan No 239/23 saylı icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. Ev 38 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. “Zəhmət- Ruzi" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib ofis sahəsini icarəyə verməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli No 239/23 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə "xxxx" MMC-yə dəfələrlə məlumat verilməsinə baxmayaraq “İcarəçi”nin hələ də müqavilə üzrə 1.880 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 733 manat olmaqla, cəmi 2613 manat borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli No 239/23 saylı icarə müqaviləsi və müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavə Saziş bağlanmışdır.
8. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən İddiaçı əmlakına aid soyuducu anbarın (Abşeron r-nu, Xırdalan şəhəri, Həsən Əliyev pr. (Xırdalan) ev 38) 15 kvadrat metr – 8 ton malın yerləşdirilməsi üçün kifayət edən hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin sahəni icarəyə qəbul edərək bu müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada icarə haqqının icarəyə verənə ödəməyi öhdəsinə götürür.
9. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 200 Azərbaycan manatı təşkil edir.
10. Müqavilənin 4.2-ci maddəsinə əsasən, icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir.
11. Həmin müqaviləyə əlavənin 4.1-ci bəndinə əsasən icarə haqqının hesablanması qaydası aşağıda qeyd edilən formada həyata keçirilir: - "İcarəçi" 15 kvadrat metr sahədə 15 tona qədər mal saxlaya bilər və müqavilə qiyməti 420 manat təşkil edəcək. - Sahə 15 kv.mdən artıq olduğu halda “İcarəçi" artan hər kv.m görə hər ay əlavə 28 manat ödəyəcək. - Sahədə saxlanılan Malın çəkisi 15 tondan artıq olduğu halda artan hər tona görə 1 gün üçün 1 manat hesablanacaq.
12. Müqavilə və əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
14. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun icarə obyektindən istifadəyə görə icarə haqqı haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDN seriyalı, 693619 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 420 manat, EBDL seriyalı, 191664 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 420 manat, EBDİ seriyalı, 983286 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 420 manat, EBDH seriyalı, 259120 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 420 manat və EBDE seriyalı, 802555 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 200 manat olan elektron qaimələr göndərilmişdir.
16. Sadə riyazi hesablama ilə hesabladıqda elektron qaimələrdəki məbləğlərin cəmi 1.880 manat edir.
17. Hazırda iddiaçı tərəf də 1.880 manat məbləğində pulun tutulmasını xahiş edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
19. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, icarə haqqının ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 1.880 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.
21. Məhkəmə 733 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqaviləyə əlavənin 4.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0,5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Hazırki işin hallarından görünür ki, cavabdehin 733 manat əsas borcuna münasibətdə 95 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
25. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
26. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 39,75 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli No 239/23 saylı icarə müqaviləsinə əsasən əsas borc üzrə 1.880 (bir min səkkiz yüz səksən) manat, cərimə borcu üzrə 95 (doxsan beş) manat olmaqla, cəmi 1.975 (bir min doqquz yüz yetmiş beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat, 75 (yetmiş beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov