Məhkəmə qərarları › İş №e-2-2(113)-533/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-533/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-533/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 23 oktyabr 2020-cici il tariхli 106900-804508/3 nömrəli kredit müqaviləsi üzrə 92,132.04 manat əsas borc və 13,921.31 manat faiz borcu olmaqla, cəmi 106,053.35 (bir yüz altı min əlli üç manat otuz beş qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 60 manat dövlət rüsumu və 144 manat xidmət haqqı olmaqla, cəmi 204 (iki yüz dörd) manat xərcin və 429.04 (dörd yüziyirmi doqquz manat dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.74 kv.m olan 5 saylı mənzilə yönəldilməsi, İpoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 ilə bağlanmış 19 noyabr 2019-cu il tarixli GA.804508.1 nömrəli Baş sazişə əsasən borcalana 490,000 (dörd yüz doxsan min) manat məbləğində 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə borcalan Cavabdeh1 ilə bağlanmış 23 oktyabr 2020-ci il tarixli, 106900-804508/3 nömrəli Kredit müqaviləsinə əsasən 10 faiz dərəcəsilə 60 ay müddətinə 250,000 (iki yüz əlli min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.74 kv.m olan 5 saylı mənzil banka ipotеkaya qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 borcu qəbul etdiyini bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Expressbank” ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tariхli, GA.804508.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 23 oktyabr 2020-ci il tarixli, 106900-804508/3 nömrəli kredit müqaviləsi ilə illik 10 faiz dərəcəsi ilə 60 ay müddətinə 250.000 (iki yüz əlli min) manat məbləğində krеdit verilmişdir.

8. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh1 (borc alan) və Cavabdeh2 Allahveri oğlu (ipoteka qoyan) arasında 22 oktyabr 2020-ci il tarixli GA.804508.1 nömrəli ipotеka müqaviləsi bağlanaraq Cavabdeh2 Allahveri oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.74 kv.m-dən ibarət 5 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

9. Kredit müqavilələri və ipoteka müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur.

10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

11. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

13. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

14. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.

16. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 23 oktyabr 2020-ci il tarixli, 106900-804508/3 nömrəli kredit müqaviləsi üzrə borcalanın banka 130.200,45 manat əsas, 8.194,28 manat faiz borcu vardır.

17. Məhkəmə qeyd edir ki, iddiaçının sonradan yəni, iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 23 oktyabr 2020-ci il tarixli, 106900-804508/3 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 92.132,04 manat, faiz borcu üzrə 13.921,31 manat kredit borcu vardır.

18. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 məhkəməyə izahatında kredit vəsaitinin götürüldüyünü mübahisələndirmədiyini, əmlakları sataraq borcu ödəyə biləcəyini bildirmişdir.

19. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. Belə ki, bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh1 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

21. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia 23 oktyabr 2020-ci il tarixli, 106900-804508/3 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və qeyd edilən müqavilə üzrə əsas borc üzrə 92.132,04 manat, faiz borcu üzrə 8.194,28 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

22. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfə müqavilənin ləğv edilməsinə dair iradə ifadəsini bildirdiyi zaman və ilkin redaksiyada Məhkəməyə müraciət edərkən faiz borcu 8.194,28 manat olmuşdur.

23. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1905/2023 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

25. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.74 kv.m-dən ibarət 5 saylı mənzilin likvid dəyəri 132.000 manat, bazar dəyəri 144.000 manat müəyyən edilmişdir.

26. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən 132.000 manat müəyyən edilməlidir.

27. Ona görə də, məhkəmə hesab edir ki, 23 oktyabr 2020-ci il tarixli, 106900- 804508/3 nömrəli kredit müqaviləsi üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə ilkin satış qiyməti 132.000 (bir yüz otuz iki min) manat müəyyən edilməklə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.

28. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 429 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 60 (altmış) manat və xidmət haqqının əvəzi olaraq 144 (bir yüz qırx dörd) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 23 oktyabr 2020-ci il tarixli, 106900-804508/3 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 92.132 (doxsan iki min yüz otuz iki) manat, 04 (sıfır dörd) qəpik, faiz borcu üzrə 8.194 (səkkiz min yüz doxsan dörd) manat, 28 (iyirmi səkkiz) qəpik olmaqla, cəmi 100.326 (bir yüz min üç yüz iyirmi altı) manat, 32 (otuz iki) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 23 oktyabr 2020-ci il tarixli, 106900-804508/3 nömrəli kredit müqaviləsi üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə ilkin satış qiyməti 132.000 (bir yüz otuz iki min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və 144 (bir yüz qırx dörd) manat xidmət haqqı olmaqla, cəmi 204 (iki yüz dörd) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar