Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5339/2022 14.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə,, İddiaçı Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixli, 24/20 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdehndən onların xeyrinə, öhdəliyi icra etməməsi ilə bağlı 45.251,18 manat borcun tutulması, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi ilə əlaqədar 4.314,96 manat dəbbə pulu ödənilməsi və mediasiya sessiyasının keçirilməsi üçün 400 manat xərcin ödənilməsi və dövlət rüsumunun ödənilməsi üçün 225,75 manat xərcin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli 24/20 №-li müqaviləyə və həmin müqaviləyə xx.xx.2020-ci il tarxili 01 nömrəli əlavə razılaşmaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 45.251,18 manat və 4.314,96 manat ƏDV məbləğləri üzrə, cəmi 49.565 manat dəyərində santexnika avadanlığı və digər maddi dəyərlilər tədarük edilərək təhvil verilmişdir. Cavabdeh tərəfindən qeyd edilənlərin təhvil alınması təhvil-təslim aktları ilə təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 4-cü maddəsinə əsasən cavabdeh malları təhvil aldığından 5 iş günü ərzində onların məbləğini İddiaçının bank hesabına köçürməli olsa da, bunu etməmişdir. Aparılmış danışıqlar hər-hansı bir nəticə verməmişdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, malları təhvil aldığı tarixdən 5 iş günündən sonra cavabdeh tərəfindən hal-hazıradək iddiaçıya maddi və mənəvi zərər vurulmaqdadır. Həmin müqavilənin 5-ci maddəsinə əsasən isə təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 8-ci maddəsində tərəflər mübahisənin yarandığı vaxtdan 15 gün ərzində qarşılıqlı razılığa gələ bilmədikləri halda, həmin mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməli olması təsbit edilmişdir. Dəfələrlə müraciətlərinə baxmayaraq cavabdeh yaranmış borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2020-ci il tarixli 24/20 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə satıcı alıcıya əlavə razılaşma protokolunda göstərilən malları müqavilənin şərtlərinə əsasən satır, alıcı isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. 4.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği əlavə razılaşma protokolunda göstərilib. 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər əlavə razılaşma protokolu alıcıya təqdim edildikdən sonra 70% avans formasında, qalan məbləği mal təhvil verildikdən sonra 5 iş günü ərzində satıcının bu müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin nümayəndələri tərəfindən imzaladığı andan qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 24 sentyabr 2020-ci il tarixli 24/20 saylı müqaviləyə 1 nömrəli əlavə razılaşmaya əsasən qiyməti razılaşdırılmış malların (müxtəlif məişət avadanlıqlarının) ümumilikdə dəyəri ƏDV daxil 52.944,95 manat məbləğində müəyyən edilmişdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən (5.781,15 manat ƏDV xaric) 32.117,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 477759 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 24 sentyabr 2020-ci il tarixli 24/20 saylı müqavilə şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən EBAT seriyalı, 477759 nömrəli elektron qaiməyə əsasən ümumilikdə (5.781,15 manat ƏDV xaric) 32.117,50 manat dəyərində mallar Cavabdehnə təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən (2.364,21 manat ƏDV xaric) 13.134,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 322844 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 24 sentyabr 2020-ci il tarixli 24/20 saylı müqavilə şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən EBAW seriyalı, 322844 nömrəli elektron qaiməyə əsasən ümumilikdə (2.364,21 manat ƏDV xaric) 13.134,50 manat dəyərində mallar Cavabdehnə təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 3 iş günü ərzində borcun ödənilməsinin təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 24 sentyabr 2020-ci il tarixli 24/20 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ƏDV xaric 45.251,18 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 45.251,18 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçının isə göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 24 sentyabr 2020-ci il tarixli 24/20 saylı müqavilə üzrə ƏDV xaric 45251,18 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi ilə əlaqədar 4.314,96 manat dəbbə pulu ödənilməsi tələbini də irəli sürmüş, lakin “dəbbə pulu” adlandırdığı həmin məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə uyğun olaraq gecikdirilmiş əsas borc məbləğinə bank uçot dərəcəsi ilə faiz kimi hesablamışdır. Həmin tələbə dəbbə pulu tələbi kimi qiymət versək qeyd edilməlidir ki, Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı dəbbə pulu tutulması tələbini irəli sürsə də, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Həmin tələbə borc öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış faiz borcu tələbi hüquqi qiymət verildikdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odru ki, 4.314,96 manat məbləğində dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 225,75 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 238,70 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 360 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 225,75 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 24 sentyabr 2020-ci il tarixli 24/20 saylı müqavilə üzrə ƏDV xaric 45251,18 manat (qırx beş min iki yüz əlli bir manat on səkkiz qəpik) məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. İddia verilərkən ********* nömrəli qəbzə əsasən ödənilmiş 225,75 manat (iki yüz iyirmi beş manat yetmiş beş qəpik) məbləğində dövlət rüsumu İddiaçı MMC -yə qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5339/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5339/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver