Məhkəmə qərarları › İş №e-2-2(113)-538/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-538/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-538/2022 05.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Mustafa Varbilin iştirakı ilə, İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus istixanaya gedən qaz xəttinin sındırılması nəticəsində israf olunmuş mavi qazın dəyəri olan 28032 manat məbləğində maddi zərərin əvəzinin, 500 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin və mediasiya prosesinin aparılması üçün birtərəfli qaydada ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdeh “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Şəmkir rayonun Düyərli kəndinin ərazisində yerləşən 2,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istixana inşa etdirmişdir. İddiaçıya məxsus istixana Şəmkir rayonun Sabirkənd kəndinin yaxınlığında yerləşir. Bakı- X1 avtomagistral şosse yolu iddiaçıya məxsus istixanadan 50-60 metr aralıdan keçir. Cavabdeh, X19 və Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının "xxxx" MMC-nin yol-inşaat briqadası həmin avtomagistral şosse yolunun genişləndirilməsi üzrə əsaslı tikinti işlərini aparır. 15 dekabr 2020-ci il tarixdə cavabdehin rəhbərliyinin və həmin ərazidə yolun genişləndirilməsi inşaat işlərini aparan işçilərin səhlənkarlıqları ucbatından İddiaçı məxsus istixanaya gedən qaz xətti sındırılmışdır. İlkin olaraq xəttin sındırılmasından İddiaçı məlumatı olmamış, həmin qaz xəttindən küllü miqdarda mavi qaz havaya sızaraq yersiz qaz sərfiyyatına səbəb olmuş, 07 yanvar 2021-ci il tarixdə isə sızan qazın qığılcımdan alışıb yanması nəticəsində qaz xəttinin sındırılmasından məlumat almış və nəticədə “Azəriqaz” X6 X12 İdarəsinin iddiaçıya ünvanladığı qaz sərfiyyatı barədə bildirişdə iddiaçı tərəfindən guya 28032 manat məbləğində mavi qazın istifadə edilməsi nəticəsində həmin məbləğdə borcun yaranması müəyyən edilmişdir ki, bununla da cavabdehin rəhbərliyinin və əməkdaşlarının təqsiri nəticəsində İddiaçı həmin məbləğdə maddi ziyan dəyməsi aşkarlanmışdır. İddiçının sərf etmədiyi qaza görə “Azəriqaz” X2 X12 İdarəsinin əməkdaşları sərfiyyatın ödənilməsini tələb edirlər. Lakin, hadisə baş verən ərəfədə cavabdehin əməkdaşları öz təqsirlərindən iddiaçıya məxsus istixanaya gedən qaz xəttini sındırmalarını etiraf etmiş və ona vurulmuş maddi zərərin əvəzinin tezliklə ödənilməsi üçün rəhbərliyə müraciət edəcəklərinə söz vermişdilər. Artıq həmin hadisədən 8 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdehin təqsirindən iddiaçıya vurulmuş maddi zərər ödənilməmişdir. Ona görə cavabdehə petenziya qaydasında 30 aprel 2021-ci il tarixli ərizə ilə müraciət olunaraq, hadisənin səbəbkarı olan əməkdaşların təqsirindən İddiaçı vurulmuş 28032 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi xahiş olunmuşdur. Ancaq, X19 və Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi tərəfindən iddiaçıya vurulmuş maddi zərəri ödəmək əvəzinə, həmin Filialın Şəmkir Layihə rəhbəri İbrahim Bayramın imzası ilə 07.05.2021-ci il tarixli OZY\OG\0072 saylı məktubda «hal-hazırda tikintisini apardıqları «Gəncə-Zəyəm yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində işlərə başlamazdan əvvəl Qaz İstismar İdarəsindən yolun təhkim zolağına düşən bütün mövcud qaz xəttlərinin siyahısını tələb etmələrini və alınan məlumata əsasən, çəkilmiş qaz xətti ilə bağlı heç bir məlumatın və hər hansı bir qeydiyyatın, sənədləşmənin olmamasını, qeyd olunanlara əsasən sözügedən qaz xəttinə həmin ərazidə tikinti işləri aparan zaman həmin idarənin texnikalarının heç bir təmasının olmamasını, bununla bərabər idarə tərəfindən bu qaz xətti İlə bağlı hər hansı təsdiqləyici məlumatın verilməməsini və onlara aid layihədə də göstərilmədiyi üçün həmin xəttə dəyən zərərin məsuliyyətinin cavabdehdə olmaması” bildirilmişdir. Cavabdehin bu cavabından sonra “Azəriqaz” X6 X12 İdarəsinə göndərilmiş sorğuya 30 iyun 2021-ci il tarixli 447 saylı cavab məktubunda “müraciətdə göstərilən İddiaçı məxsus istixanaya gedən qaz xəttinin balans mənsubiyyətinin Layihə Smeta sənədlərində göstərilən kimi olması” bildirilmişdir. Həmin idarənin sorğumuza cavab hazırlayan əməkdaşlarının savadsızlığı ucbatından “İddiaçı məxsus istixanaya gedən qaz xəttinin balans mənsubiyyətinin Layihə Smeta sənədlərində göstərilən kimi olması” ifadəsinin hansı anlama gəlməsi açıqlanmasa da, əməkdaşların şifahi olaraq bildirmələrinə görə İddiaçı məxsus istixanaya gedən qaz xəttinin hansı istiqamətdə olmasına dair həmin idarədə yalnız qaz paylayıcı mənqədə yerləşən, istifadəçiyə verilən qaz sayğacının yerləşdiyi nöqtəyə qədər məlum olması, qalan hissədə yəni, istixanaya gedən qaz xəttinin hansı istiqamət üzrə getməsi barədə həmin idarədə məlumatın olmaması, yalnız istifadəçi olaraq iddiaçının həmin xəttin hansı istiqamətdə getməsi barədə məlumatlı olması bildirilmişdir. Belə olduğu halda isə cavabdehin əməkdaşları inşasını apardıqları yol boyunca yerləşən ayrı-ayrı istixana və ya hər hansı qaz istifaçilərinə gedən qaz xəttinin istiqaməti və yerləşmə sahəsi barədə məlumatı inşaat işlərinə başlamazdan əvvəl, yəni layihələndirmə zamanı istifadəçilərdən zəruri məlumatları əldə etmədən inşaat işlərinə başlamamalı idi. Cavabdehin bu səhlənkarlığı nəticəsində isə istixanaya gələn qaz xətti sındırılmış, həmin xəttlə gələn mavi qaz havaya uçmuş, qığılcım nəticəsində alovlanmış və İddiaçı küllü miqdarda maddi zərər vurulması məlum olmuşdur. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, izahatında qeyd etmişdir ki, iddia tələbinin əsasları tam yanlışdır, belə ki, “Bayburt" şirkəti həmin ərazidə fəaliyyət göstərməməklə yanaşı, eyni zamanda, tam müstəqil şirkətdir. Onun "Özgün" şirkətinə heç bir tabeçiliyi yoxdur. "Özgün" şirkəti tərəfindən ziyan vurulmadığından iddia tam əsassızdır. Layihə üzrə inşa olunacaq Gəncə - Qazax yolunun Gəncə - Zəyəm hissəsi km 0 + 000- km 39.800 layihəsi ərazisindən keçən qaz xətlərinin köçürülməsi ilə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı ilə əraziyə baxış keçirməklə 19 fevral 2019-cu il tarixdə akt tərtib edilmişdir. Həmin aktda iddia ərzəsində mübahisələndirilən ərazidə qaz kəmərlərinin olmadığı müəyyən edilmişdir. İddia ərizəsində iddiaçı tərəfindən yolun genişləndirilməsi hissəsində qaz kəmərinin keçməsi barədə "Azəriqaz" X2 X13 İdarəsinə müraciət etmiş, həmin idarənin cavabına əsasən iddiaçının istixanasına gedən qaz xətti barədə onlarda məlumat olmamışdır. İddia ərizəsindən göründüyü kimi mübahisələndirilən qaz xəttinin sındırılmasının cavabdehlə heç bir əlaqəsi yoxdur. Dəymiş ziyanla əlaqədar bir qrup şəxs tərəfindən 15.01.2021-ci il tarixdə tərtib etdikləri aktında heç bir hüquqi əsası yoxdur. Belə ki, aktı tərtib edən şəxslərin istixana ilə əlaqələrinin olub - olmaması bəlli deyil, aktın tərtibi zamanı istixana sahibi fərdi sahibkar İddiaçı özü, nümayəndəsi və ya istixana işçilərindən heç biri və eyni zamanda heç bir inzibati orqanın nümayəndəsinin iştirakı olmamışdır. Bundan əlavə istixanaya ziyan dəyməsi barədə sübut iş materiallarına əlavə olunmamışdır. Cavabdehin digər nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahidlər X5 və X3 da ifadələrində qeyd olunduğu kimi, hadisə iddiaçı tərəfin iddia etdiyimi kimi dekabr ayında deyil, yanvar ayının 5-i və 8-də olmuşdur. Hadisə yanvar ayında baş vermiş və saldodan da göründüyü kimi, 28032 manat dəyərində qaz sərfi olmuşdur. İddiaçı tərəfdə bunu dəymiş ziyan kimi mübahisələndirmişdir. Lakin həmin halları və borcun dəymiş ziyan nəticəsində yaranması hallarını sübut edən sənədlər məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, qəza baş verən qaz xətti 6 ildir ki, çəkilmişdir. Qax xəttində sızmanın baş verməsi halı 05 yanvar 2021-ci il tarixdə onun tərəfindən aşkar edilmişdir. O, təzyiqin aşağı düşdüyünü görərək qazı bağlamışdır. 7-8 saat ərzində sızıntı aradan qaldırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, qəzanın baş verdiyi qaz xəttindən o da istifadə edir. Xəttin qırılması 2021-ci il yanvar ayının əvvəllərində baş vermiş, sızıntının olması təxminən 4-5 gün sonra aşkar edilmişdir. Yolda tikinti aparan şirkət "xxxx" şirkəti olmuşdur. İş materiallarında olan: - AMX-4484/20 nömrəli Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən paylayıcı – "Azəriqaz" İstehsalat Birliyi bu müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını - İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - aktda İddiaçı 28032 manat məbləğində maddi zərərin vurulması qeyd olunmuşdur. - RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndinə yerləşən, ümumi sahəsi 0,5266 ha təşkil edən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. - RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndinə yerləşən, ümumi sahəsi 0,6175 ha təşkil edən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. - RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndinə yerləşən, ümumi sahəsi 0,9648 ha təşkil edən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1 və 1097.1-ci maddələrinə, faktiki əsas olaraq baş vermiş hadisə zamanı 28032 manat məbləğində zərərin vurulmasına istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddianın əsasını “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən avtomagistral şosse yolunun genişləndirilməsi işləri aparılarkən İddiaçı məxsus istixanaya gedən qaz xəttinin zədələnməsi nəticəsində ona 28032 manat məbləğində zərərin vurulması təşkil edir. Həmin məbləğ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazın sərfiyyatı ilə bağlı iddiaçıdan tələb olunan borcdur. Həmin məbləğin zərər kimi qəbul olunması üçün ilkin olaraq borcun məhz bu məbləğdə hissəsinin qaz xəttindən sızma nəticəsində sərf olunması sübuta yetirilməlidir. Zərərin mövcud olduğu sübuta yetirildiyi halda isə bu zərərin məhz cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsi təsdiqini tapmalıdır. Lakin, iddiaçı tərəfindən məhkəməyə yuxarıda qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sənəd təqdim olunmamışdır. İddiaçının nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində yalnız qaz xəttində sızmanın olduğunu bildirmiş, qəzanın cavabdehin təqsiri üzündən baş verməsi ilə bağlı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 28032 manat dəyərində ziyanın vurulmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığına görə iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar