Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5383/2022 28.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin hüdudları daxilindəki yoldan istifadəyə maneələrin yaradılması, həmçinin həmin yolun zəbt edilməsində ifadə olunan hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"MMC heç bir qanuni əsas olmadan institutun yeganə giriş və çıxış yolundan istifadəsinə maneələr yaradır. Yaranmış maneələrin nəticəsində müəssisənin iş fəaliyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Bunula bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən müraciətimizə verilmiş cavabda "xxxx" MMC tərəfindən istifadəsinə maneələr yaradılmış yolun ASC-nin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməsi qeyd edilmişdir. Mübahisə predmeti olan yol dövlət tərəfindən “Ofelin X2” ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi qeyd edilmişdir. Hesab edirk ki, cavabdeh MMC qanunsuz və əsassız şəkildə iddiaçı ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində olan yolu zəbt etmiş və nəticədə iddiaçı ASC-nin normal fəaliyyətinə çətinliklər yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə isə iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;
2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;
3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ASC ünvan 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan, sonuncunun istifadəsinə verilmiş 0,389340 hektar sahədə yerləşən ümumi sahəsi 5.097,6 kv.m təşkil edən daşınmaz əmlakın mülkiyyətçisidir. Hazırda iddiaçı tərəf və vəkili məhkəmə hazırlıq iclaslarında ümumi sahəsi 5.097,6 kv.m təşkil edən daşınmaz əmlakın mülkiyyətçisi olduğunu, xx.xx.2019-cu il tarixli 04/6705 inventar nömrəli Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyesrtri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta istinad edərək həmin sahəyə gedən eni 11,3 metr təşkil edən yolun da, onun istifadəsində olduğunu və fotoşəkillər təqdim edərək cavabdehin qeyd edilən yolda avtomobillərin saxlaması nəticəsində yolun daraldığını və işçilərin ASC-nin binasına daxil olmaqda çətinliklərin olduğunu, həmçinin qeyd edilən yolda piyada səkilərinin qurulmasına cavabdehin maneəçilik törətdiyini bildirir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, orada saxlanılan avtomobillərin MMC-yə aid olmadığını bildirir və cavabdeh tərəfindən iddiaçının giriş-çıxışına maneələr yaradılmadığını və yolun zəbt olunmasına yönələn hər hansı bir hərəkətin edilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilk öncə mübahisəli yolun iddiaçının qanuni sahibliyində olub-olmaması məsələsi araşdırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il qeydiyyat tarixli, **********780-12301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı ASC ünvan 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan, sonuncunun istifadəsinə verilmiş 0,389340 hektar sahədə yerləşən ümumi sahəsi 5.097,6 kv.m təşkil edən daşınmaz əmlakın mülkiyyətçisidir. Eyni zamanda iş materiallarında olan **********80-12101 reyestr nömrəli, xx.xx.2019cu il tarixli, xx.xx.2019-cu il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş “Balans Saxlayıcı” İddiaçı ASC-yə verilmiş texniki pasportdan görünür ki, ərazinin ümumi torpaq sahəsi 16351,1 kv.m, ümumi tikinti altı sahə 4097,8 kv.m, əsas tikinti altı sahə 3893,4 kv.m, digər tikinti altı sahə isə 204,4 kv.m təşkil edir. Qeyd edilən texniki pasportda “Balans Saxlayıcı” İddiaçı ASC-yə ayrılmış sahə və qeyd edilən sahəyə gedən yol işarələnmişdir. Qeyd edilən sənədlərin müqayisəli təhlilindən görünür ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********780-12301 reyestr nömrəli Çıxarışda ancaq xx.xx.2019-cu il tarixli texniki pasportda qeyd edilmiş əsas tikinti altı sahə olan 3893,4 kv.m sahənin İddiaçı ASC-nin istifadəsində olması öz əksini tapmışdır. Həmçinin də, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********780-12301 reyestr nömrəli Çıxarışa dair də, yeni texniki pasport tərtib edilməmişdir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, mübahisəli yolun onun istifadəsinə verildiyini qeyd etsə də, ona verilmiş çıxarışda bu barədə hər hansı bir qeyd yoxdur, əksinə əsas tikinti altı sahə olan 0,389340 hektar sahənin də, dövlət mülkiyyətində olması qeyd edilmişdir. Bundan başqa da qeyd edilməlidir ki, iddiaçı tərəfin istinad etdiyi Əmlak Məsələləri Dövlət Xidmətinin 16 may 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC xx.xx.2022-ci il tarixdə 100 % özəlləşdirilmişdir. Həmçinin qeyd edilən məktubdan mübahisəli yolun məhz iddiaçının istifadəsinə verilməsi qeyd edilməmiş, sadəcə olaraq **********80-12101 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli texniki pasportla İddiaçı ASC-nin yerləşdiyi 16351,1 kv torpaq sahəsinin hüdudlarının müəyyən edildiyi qeyd edilmişdir. O da nəzərə alınmalıdır ki, xx.xx.2019-cu il tarixli texniki pasport İddiaçı ASC-nin 100 % özəlləşməmişdən öncə verilmiş və xx.xx.2019-cu il tarixdə olan vəziyyətə əsasən tərtib edilmişdir. Göründüyü kimi, İddiaçı ASC 100 % özəlləşdirildikdən sonra ona xx.xx.2022-ci il qeydiyyat tarixli, **********780-12301 reyestr nömrəli Çıxarış verilmiş və çıxarışda da, mübahisəli yolun onun istifadəsində olmasına dair hər hansı qeyd əlavə edilməmiş, eyni zamanda da iddiaçı tərəf bu barədə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçı tərəf mübahisəli, eni 11,3 metr təşkil edən yolun onun qanuni sahibliyində olmasını təsdiq edə bilməmişdir. Bundan başqa həmçinin də qeyd edilməlidir ki, neqator iddianın təmin edilməsi üçün zəruri olan 2-ci şərt yəni “əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli” şərti də hazırkı halda mövcud deyildir. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfindən qeyd edilən yolda avtomobillərin saxlanıldığını qeyd etsə də, məhz həmin avtomobillərin cavabdehə aid olub-olmaması, həmin avtomobillərin orada məhz cavabdeh tərəfindən saxlanmasına dair sübut təqdim edə bilməmiş, cavabdeh tərəfdə həmin avtomobillərin ona aid olmadığını bildirmişdir. Həmçinin də, cavabdeh tərəfin yolun zəbt edilməsində ifadə olunan hərəkətlərin nədən ibarət olmasını da, izah edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Hakim Kənan Hüseynov