Məhkəmə qərarları › İş №e-2-2(113)-5384/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5384/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5384/2023 15.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, prosessual maraq, iddia tələbindən kənara çıxma, zaminlik, dəbbə pulu, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər X1 və X2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2286,88 manat əsas borc, 130,47 manat faiz borcu və 16,72 manat cərimə borcu olmaqla, ümumilikdə 2434,07 manat məbləğində kredit borcunun və ödənilmiş 65 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 iddiaçı tərəfindən 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 illik 23% olmaqla 30 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. 2.2. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. 2.3. Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 33,43 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 16,72 manat məbləğində tələb olunur. 2.4. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı cavabdehlər arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1, 467, 472-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5384/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin və təqdim olunan sübutların məzmununa uyğun izah verərək iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən edilmiş ödənişlərin (173,73 manat və 50 manat) kredit müqaviləsi üzrə əsas borca silindiyini, hesabdan çıxarışda da silinmənin bu formada aparıldığının təsbit edildiyini göstərdi.

8. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh3 hesabına vergi orqanı tərəfindən sərəncam qoyulduğundan bir müddət ödənişləri edə bilmədiyini, hazırda isə maddi çətinliklə bağlı ödənişi gecikdirdiyini bildirdi, kredit müqaviləsi üzrə tələb edilən borcla razı olduğunu qeyd etdi.

9. Məhkəmənin sonuncu baxış iclasında iddiaçı tərəf və Cavabdeh3 iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə adıçəkilən cavabdehin və iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə (kreditor qismində iddiaçı, borcalan qismində Cavabdeh3) əsasən, kredit limitinin məbləği 50 000 manat (həmçinin kreditin verildiyi məqamda mövcud olan Bankın xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində), müddətini 120 ay, faiz dərəcəsini 30%, cəriməsini 72% (illik) təşkil edir. Həmin razılaşmanın 11-ci bəndinə görə, müştəri bu razılaşmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, bu müqaviləyə əlavə edilən Hüquqi şəxslər və fərdi sahibkarlar üçün bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusunu oxudu, tanış oldu və qeyd edilən şərtləri tam qəbul edir.

15. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21/1 nömrəli kredit verilməsinə dair müqaviləyə (kreditor qismində iddiaçı, borcalan qismində cavabdeh X1) əsasən, kreditin məbləği 8000 manat, müddəti 30 ay, faiz dərəcəsi 23%, təyinatı biznes məqsədi, faktiki illik faiz dərəcəsi (FİFD) 23,87%, cərimə 72% (illik) təşkil edir.

16. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavədən görünür ki, kredit məbləği üzrə ilkin ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla 8000 manat əsas məbləğ, 2593,55 manat faiz məbləği şərtləşdirilmişdir.

17. Məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli Z/00075/21 nömrəli (iddiaçı kreditor qismində, Cavabdeh2 zamin qismində) və xx.xx.2021-ci il tarixli Z/00074/21 nömrəli (iddiaçı kreditor qismində, Cavabdeh1 zamin qismində) zaminlik müqavilələrinin şərtlərindən görünür ki, müqavilənin predmeti xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrıldığı vəsaitdir (1.2). Bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 50 000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditordan aldığı kredit məbləğindən ibarətdir); 120 ay təşkil edən kredit limitini qaytarılma müddəti; kredit limiti üzrə aylıq 2,50 faizdən çox olmamaqla hesablanacaq məbləğ (faiz dərəcəsi kreditor tərəfindən tələb edilə biləcək ən çox faiz dərəcəsini ifadə edir, kreditorun bu müqavilə üzrə faiz borcunun tələbi isə bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır) (2.1).

18. Həmin müqavilələrin 4-cü hissəsinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (4.1). Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır (4.2). Zamin borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə kreditor qarşısında ona (zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məxaric qəbzindən görünür ki, 7840 manat məbləğində pul Cavabdeh3 tərəfindən təhvil alınmışdır.

20. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə kreditin bitmə tarixinə (sonuncu ödəniş xx.xx.2023 tarixdə 273,66 manat) əsas borc 2286,88 manat, faiz borcu 130,47 manat təşkil edir.

21. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21/1 nömrəli kredit verilməsinə dair müqavilə (sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 50 manat) üzrə əsas borc 2063,15 manat, faiz borcu 222,53 manat təşkil edir.

22. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21/1 nömrəli kredit verilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 8000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh3 verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 kredit məbləğini təşkil edən 8000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

23. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 2286,88 manat əsas borc, 130,47 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.

24. Cavabdeh3 iddia edilən borc məbləğini qəbul edir, lakin maddi çətinliklər ucbatından ödəyə bilmədiyini bildirir.

25. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

26. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

28. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

29. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

30. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

31. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

34. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

35. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklifdə göstərilən mübahisənin predmeti kredit müqaviləsi üzrə borc tələbi, ümumi borc 2450,78 manat qeyd edilmiş, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə cavabdehlər tərəfindən təhvil alınmış, cavabdehlər mediasiya sessiyasında iştirak etməmişlər.

36. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

37. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

38. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

39. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh3 mediasiya prosesinin tətbiqi barədə təklif çatdırmış, onun kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunu tələb edir.

40. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

41. Cavabdeh3 bank hesabından xx.xx.2021 – xx.xx.2023 dövrlərini əhatə edən çıxarışdan görünür ki, iddia tələbinin əsaslandığı maliyyə arayışının verildiyi tarixdən sonra 2 dəfə ödəniş edilmiş, həmin ödənişlərdən xx.xx.2023-cü il tarixdə edilmiş 173,73 manat və xx.xx.2023-cü il tarixdə edilmiş 50 manat kredit müqaviləsi üzrə əsas borca silinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bu faktı təsdiq etmiş, həmçinin tərəfin təqdim etdiyi sonuncu (13 dekabr 2023-cü il tarixli) maliyyə arayışından da bu hal müəyyən edilmişdir.

42. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə əsas borc 2063,15 (2286,88 – 173,73 – 50) manat, faiz borcu isə 130,47 manat təşkil edir.

43. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

44. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

45. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

47. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli 11-MCR-1-284- 21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilədə və həmin tarixli zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21/1 nömrəli kredit verilməsinə dair müqavilə kredit limitinin ayrılmasına dair razılaşma və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh3 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.

48. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli 11- MCR-1-284-21/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 2063,15 manat əsas borc, 130,47 manat faiz borcu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

49. İddiaçı 16,72 manat cərimə məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir.

50. xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə və xx.xx.2021-ci il tarixli 11-MCR-1-284-21/1 nömrəli kredit verilməsinə dair müqavilənin müvafiq olaraq 9 və 11-ci bəndi ilə illik 72% cərimə nəzərdə tutulmuşdur.

51. xx.xx.2021-ci il tarixli Z/00075/21 nömrəli və xx.xx.2021-ci il tarixli Z/00074/21 nömrəli zaminlik müqavilələrinin 2.1.4-cü bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyi o cümlədən kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda illik 72 faizdən çox olmayan gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ daxildir.

52. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

53. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

54. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.

55. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehlər tutulmalı cərimə məbləğinin 16,72 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

56. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 16,72 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

57. İddiaçı 65 manat mediasiya xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.

58. İddia ərizəsinə əlavə edilmiş 22 avqust 2023-cü il tarixli MŞB/4-2023-00102 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdehlər iştirak etməmiş və mediasiya xərci olaraq 65 manat iddiaçı tərəfindən ödənilmişdir.

59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

60. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

61. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

62. Göründüyü kimi, kommersiya mübahisələri üzrə fiziki və hüquqi ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

63. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

64. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §55) və iddia tələbinin qismən təmin edilməsinə iddia ərizəsi məhkəmənin icraatında olarkən Cavabdeh3 etdiyi ödənişlərin səbəb olduğundan məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.

65. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 65 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 11- MCR-1-284-21 saylı xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bağlanmış 11-MCR-1- 284-21/1 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2063 (iki min altmış üç) manat 15 (on beş) qəpik əsas borc, 130 (bir yüz otuz) manat 47 (qırx yeddi) qəpik faiz borcu, 16 (on altı) manat 72 (yetmiş iki) qəpik cərimə borcu olmaqla, ümumilikdə 2210 (iki min iki yüz on) manat 34 (otuz dörd) qəpik məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 65 (altmış beş) manat məbləğində pul Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar