Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-539/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqı borcunun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42450 (qırx iki min dörd yüz əlli) manat məbləğində vəsaitin xxxnin xeyrinə tutularaq (VÖEN **********), Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 542 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən dövlət mülkiyyətində olan 27477,1 m2 torpaq sahəsi "xxxx" ASC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 42450 (qırx iki min dörd yüz əlli) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9909/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixli, 542 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə yaranmış 50550 (əlli min beş yüz əlli) manat məbləğində vəsaitin xxxnin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya etiraz ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə razı deyidir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, 542 nömrəli icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyəverən tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanındakı əmlak kompleksinin yerləşdiyi 27477,1 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. 4.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər. 3.1-ci bəndinə əsasən illik icarə haqqı məbləği 32400 manat, aylıq icarə haqqı isə 2700 manat təşkil edir. Cəmiyyətin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixindək 9 ay üzrə 30540 manat icarə haqqı ödənilmişdir. İcarə müqaviləsinin qüvvədə olduğu 2 il üzrə ödənilməli olan icarə haqqının cəmi məbləği 64800 manat təşkil edir, həmin məbləğdən də ödənilmiş 30540 manat məbləğ çıxıldıqda ödənilməmiş icarə haqqının məbləği 34260 manat təşkil edir. Lakin iddia ərizəsində ödənilməli məbləğ olaraq 42450 manat qeyd edilmişdir. Sonradan isə iddianın həcmi artırılaraq müqavilənin qüvvədə olmadığı xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə də icarə haqqı tələb edilmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında xxx hazırkı iddia ilə "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixdən sonrakı dövrlər üzrə də icarə haqqı məbləğinin ödənilməsini tələb edir ki, bu da qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası “Torpaq İcarəsi” haqqında Qanunun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir;13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 3665 kvadratmetrlik əmlak kompleksi Cavabdeh ASC-nin mülkiyyətindədir. Qeyd edilən əmlak kompleksi sözügedən 27477,1 m2 torpaq sahəsinin hüdudları daxilində yerləşir. Müəssisə tərəfindən İcarə haqqında Qanunun 13.5-ci maddəsinə əsasən müqavilənin predmeti olan torpaq sahəsinin müqaviləyə xitam verilərək özəlləşdirilməsi üçün xx.xx.2023-cü il tarixində Cavabdeh ASC tərəfindən İqtisadiyyat Nazirliyi yanında xxxnə məktub ünvanlanmışdır. İqtisadiyyat Nazirliyi yanında xxx cavab məktubunda qeyd edilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərinin ******* manat təşkil etməsini bildirməklə, faktiki olaraq özəlləşdirmədən imtina etmişdir. Belə ki, iddiaçı tərəfindən faktiki olaraq üzərinə düşən vəzifə icra edilmədən, əsassız olaraq qeyd olunan torpaq sahəsinin özəlləşdirilmə dəyərinin ******* manat olması, yəni 1 sotunun 8000 manat olması qənaətinə gəlinərək, torpağın bazar dəyəri ilə uzlaşmayan qiymət təklif edilmişdir. Cavabdeh tərəfindən özəlləşdirmə barədə müəssisəyə ünvanlanmış təklif Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə zidd olmuşdur. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə dövlət əmlakının dəyəri özəlləşdirilmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə məcburi qiymətləndirmə aparılmalıdır. Bu halda qanunun 6-ci maddəsinə əsasən qiymətəndirici təşkilatla müqavilə bağlanılmalıdır. Qiymətləndirci təşkilat tərəfindən qiymətləndirmə obyektinə dair hesabat tərtib edilməlidir. Məktubda bazar dəyərinə istinad edilməklə qiymət müəyyən edildiyi bildirilmişdir. Mövcud mübahisə predmeti olan torpaq sahəsi Qaradağ rayonu ərazisində Qaradağ rayonu, Salyan şossesi, 29-cu km ünvanında əsas magistral yoldan sağ istiqamətində daş karxanalarına gedən yolun üzərində olmaqla, təxminən 3-4 km məsafədə yerləşir. Həmin torpaq sahəsinin asfalt yolu, qaz və su xətti mövcud deyildir, işıq xətti isə sənaye təyinatlı deyildir. Ətraf ərazidə mülkiyyət sənədi olmayaq torpaq sahəsinin 1 sotu 1000-1200 manat ətrafinda satılır. İcarə predmeti olan 27477,1 m2 torpaq sahəsinin cəmi 3665 kvadratmetrlik hissəsində (36.6 sot) müəssisəyə məxsus əmlak kompleksi yerləşir. Qalan 23812.1 m2 sahə (238.1 sot) hissə boş torpaq sahəsindən ibarətdir və müəssisə tərəfindən istifadə olunmur. Müəyyən edilmiş məbləğin çox yüksək olması səbəbindən Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən 27477.1 m2 torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun olaraq satılması öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında xxxnin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə İqtisadiyyat Nazirliyi yanında xxxnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Hazırda həmin iddia üzrə məhkəmə araşdırması davam edir.
6. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx ilə icarəçi qismində Cavabdeh ASC arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 542 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanındakı əmlak kompleksinin yerləşdiyi 27477,1 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 32400 manat; aylıq icarə haqqı 2700 manat. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnin (VÖEN **********) Azərbaycan Respublikası X1 idarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T., bik: NABZAZ2C) ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər.
9. Cavabdeh ASC-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə 50550 manat məbləğində icarə haqqı borcu mövcuddur.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx tərəfindən Cavabdeh ASC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
11. Cavabdeh ASC məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnə müraciət edərək torpaq sahəsinin Cavabdeh ASC-yə satılmasını xahiş etmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh ASC-yə cavab olaraq bildirmişdir ki, 27477,1 m2 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyəri ******* manat təşkil edir.
13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında dövlət torpaq sahəsinin torpaq icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir.
16. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
Məhkəmənin mövqeyi
18. İddia tələbi cavabdehdən xx.xx.2021-ci il tarixli, 542 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə mövcud olan 50550 manat icarə haqqı borcunun xxxnin xeyrinə tutulmasından ibarətdir.
19. Cavabdehin nümayəndəsi ödənilməmiş icarə haqqı məbləğinin 34260 manat təşkil etdiyini bildirmiş və müqavilənin qüvvədə olmadığı xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə icarə haqqının tələb edilməsini qanunsuz hesab etmiş və yuxarıda göstərilən etiraz ərizəsində qeyd olunan qanunvericilik normalarına istinad etmişdir.
20. Cavabdehin özünün istinad etdiyi qanunvericilik normalarından da göründüyü kimi, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunur, icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər.
21. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir; 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər.
22. Müqavilə şərtlərindən göründüyü kimi, müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə müqaviləyə xitam verib-verməmək iddiaçının vəzifəsi kimi yox, hüququ kimi təsbit edilmişdir. İddiaçı tərəfindən isə müqaviləyə xitam verilməmişdir. Eləcə də, icarə predmeti də cavabdehin icarəsində olmuşdur. Ona görə də məhkəmə cavabdehin etirazını əsassız hesab edir.
23. Beləliklə, məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixli, 542 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə yaranmış 50550 (əlli min beş yüz əlli) manat icarə haqqı borcu tutularaq, xxxnin (VÖEN: **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir.
24. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı iddianın qiyməti 50550 manat, ödənilməli dövlət rüsumunun məbləği isə 241,65 manat təşkil edir. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, həmin məbləğ dövlət mədaxilinə cavabdehdən alınmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2021-ci il tarixli, 542 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə yaranmış 50550 (əlli min beş yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq xxxnin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 241,65 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova