Məhkəmə qərarları › İş №e-2-2(113)-5394/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5394/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5394/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 24680,22 manat əsas borc, 1752,21 manat faiz borcu və 95,36 manat cərimə borcu olmaqla cəmi 26527,79 manat borcun, habelə 169,58 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Sumqayıt ” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1, Cavabdeh4 ilə və xx.xx.2023-ci ildə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-ci il tarixli kredit limitinə əlavə sazişə əsasən Cavabdeh2 ilə zamin kimi əlavə edilmişdir. xx.xx.2023-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 20.5% olmaqla 24 ay müddətinə 33000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin martın 13-dək Cavabdeh3 banka xx.xx.2023ci il tarixli kredit müqaviləsi üzrə 24680.22 manat əsas borc, 1752.21 manat faiz borcu və 381.43 manat cərimə borcu olmaqla cəmi 26813.86 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 381.43 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 95.36 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, iddianı qismən, əsas və faiz məbləğləri hissəsində qəbul edir. Lakin hesablanmış borc məbləğini icra mərhələsində hissə-hissə ödəyəcəyini bildirmişdir. Sonda o, iddia tələbinin qismən təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirmişdir ki, iddia tələbini qismən, əsas və faiz borcu hissəsində qəbul edir. O zamin olaraq kredit götürüldüyü zaman işləmişdir, gəlir yeri olmuşdur. Məbləğlə razıdır, lakin hazırda işləmədiyi üçün ödəməyə imkanım yoxdur. Sonda o, iddia tələbinin qismən təmin olunmasına etiraz etməmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 100000 manat məbləğində kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuşdur. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 28 fevral 2023-ci il tarixli 4-MCR-1- 306-22/3 nömrəli kredit müqaviləsinə əsasən bank müştəriyə 24 ay müddətinə aylıq 1,71 %-lə qaytarmaq şərti ilə 33000 manat məbləğində kredit vermişdir. xx.xx.2022-ci il tarixli 4-MCR-1-306-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə Əlavə sazişə əsasən müqaviləyə aşağıdakı redaksiyada 10-cu bənd əlavə edilmişdir: Cavabdeh2 tərəfindən verilən zaminlik. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/03410/22 nömrəli, X1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli Z/03411/22 nömrəli və Cavabdeh2 ilə bağlanmış xx.xx.2023-cü il tarixli Z/03334/23 nömrəli zaminlik müqavilələrinə əsasən xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yelo Bank ASC-nin Sumqayıt Filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 52 saylı kartın təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixində 430850-*******-2378 saylı kart Cavabdeh3 tərəfindən təhvil alınmışdır. 4-560405-1 nömrəli kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh3 müvafiq olaraq 11226 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixdən 24 ay müddətinə 20,5% olmaqla 33000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə qalıq məbləğ 24680,22 manat və faiz borc üzrə qalıq məbləğ 1752,21 manat və cərimə üzrə qalıq borc məbləğ 381,43 manat, ümumi borc məbləği 26813,86 manat müəyyən edilmişdir. 28 fevral 2023-ci il tarixli 4-MCR-1-306-22/3 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 33000 manat olan aylıq faiz dərəcəsi 1,71% olmaqla verilmiş kreditə görə Cavabdeh3 03 aprel 2023-cü il tarixdən 28 fevral 2025-ci il tarixinə qədər hər ayın 3-ü olmaqla 1687,63 manat, sonuncu ay 1683 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 169 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş metariallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdehə 100000 manat məbləğində kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuşdur. Daha sonra tərəflər arasında bağlanmış 28 fevral 2023-ci il tarixli 4-MCR-1-306-22/3 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə aylıq 1,71%-lə qaytarmaq şərti ilə 33000 manat məbləğində kredit vermişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh4, X1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 24680,22 manat əsas borc, 1752,21 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını, cavabdehlərin borc məbləği ilə razı olmalarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 24680,22 manat əsas borc, 1752,21 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 28 fevral 2023-ci il tarixli 4-MCR-1-306-22/3 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlərdən hesablanmış 95,36 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən müştərək qaydada 95,36 manat məbləğində cərimə məbləği tutulmalıdır. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 169,58 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 28 fevral 2023-ci il tarixli 4-MCR-1-306-22/3 nömrəli kredit müqaviləsi üzrə 24680,22 manat məbləğində əsas borc, 1752,21 manat məbləğində faiz borcu, 95,36 manat məbləğində cərimə olmaqla, cəmi 26527 (iyirmi altı min beş yüz iyirmi yeddi) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 169 (bir yüz altmış doqquz) manat 58 (əlli səkkiz) qəpik dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar