Məhkəmə qərarları › İş №e-2-2(113)-5394/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5394/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5394/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qanuni nümayəndə MMC-nin Cavabdeh QSC-yə qarşı (“Azəriqaz” İB müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (vurulmuş zərərin ödənilməs) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qanuni nümayəndə MMC-nin Cavabdeh QSC-yə qarşı (“Azəriqaz” İB müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qanuni nümayəndə MMC Cavabdeh QSC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC (əvvəlki adı“ND Company" QSC) tərəfindən dəymiş - qaz boru xəttinin zədələnməsi və 47901 m³ qazın havaya sızması nəticəsində yaranan 11 975.25 manat, həmin qaz xəttinin bərpasına xərclənən 30 000 manat vəsaitin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunu Cavabdeh QSC-dən Qanuni nümayəndə MMCnin xeyrinə ödənilnməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ARDNŞ-nin sifarişi ilə 2024-cü ilin aprel ayının əvvəllərində, Ağsu rayonu ərazisində yeraltı DN500 qaz boru kəmərinin tikintisini icra edərkən Qanuni nümayəndə MMC-nin ərazisini qaz ilə təchiz edən yeraltı Ø110 mm diametrli HDPE qaz boru xətti zədələnmiş və bunun nəticəsində həmin hissədən 47901 m³ qazın havaya sızmasına səbəb olmuşdur. Bunun nəticəsində Ağsu RQİİ tərəfindən müəssisədən əlavə 11 975.25 manat (47901 m3 x 0.25) məbləğdə ödəniş tələb edilmişdir. Cavabdeh əlavə qaz sərfiyyatı ilə bağlı ziyanın QSC tərəfindən vurulmasını təsdiq edən sübut növünün olmadığını və təqdim olunmuş Ağsu RQİİ-nin 413 nömrəli, xx.xx.2024-cü il tarixli hesab-fakturanın sadəcə 2024-cü ilin mart ayındakı qaz sərfiyyatı ilə bağlı olduğu bildirilmişdir. Lakin, həqiqətən də, hadisə yeri 2 qaz boru kəmərinin kəsişdiyi ərazidə baş vermişdir. Bununla bağlı Cavabdeh QSC-nin əməkdaşlarının da məlumatı vardır və həmin ərazidə ekskavator texnikası ilə iş aparıldığını özləri də təsdiq etmişlər. Qeyd edilən 47901 m³ qazın havaya sızması onunla təsdiq edilir ki, həmin ərazidə Qanuni nümayəndə MMC-yə məxsus iki qaz sayğacı vardır. Onlardan biri, yəni **********00301 saylı sayğac əsas (ana) qaz xəttinə qoşulan yerdə, ikincisi, yəni **********00401 saylı sayğac isə Qanuni nümayəndə MMC-nin öz ərazisində quraşdırılmışdır. Ağsu RQİİ-nin 413 nömrəli, xx.xx.2024-cü il tarixli hesab-fakturasından da görünür ki, Qanuni nümayəndə MMC-nin xx.xx.2024 – xx.xx.2024 tarixlərdə yazılmış fakturaların cəmi “Miqdarı” qrafasında: - **********00301 saylı sayğac üzrə 52700 m³ , **********00401 saylı sayğac üzrə isə 4799 m³ göstərilir. Buradan da aydın olur ki, 52700 m³ - 4799 m³ = 47901 m³ həcmdə qaz havaya sızmışdır. Onu da qeyd etmək lazımdır ki, 413 nömrəli, xx.xx.2024-cü il tarixli hesabfakturada yazılan tarixlə bağlı Ağsu RQİİ Ağsu Xidmət Sahəsinin əməkdaşları ilə danışıqlar aparılmış və məlum olmuşdur ki, hesab-fakturada qeyd olunan qaz sərfiyyatının xx.xx.2024 – xx.xx.2024 tarixləri qeyd edilsə də, bu sərfiyyat aprel ayının 10-u tarixinədək hesablandığı və belə hesablama metodunun ümumi təcrübədə bu şəkildə aparıldığı bildirmişdir. Yəni faktiki olaraq, qaz sərfiyyatı tam təqvim ayı üzrə deyil, bir ayın 10-cu günündən, digər ayın 10-cu gününədək hesablanır. Ağsu RQİİ-nin Ağsu Xidmət Sahəsi üzrə rəhbər şəxsləri və mühəndisləri də sözügedən əraziyə baxış keçirmiş və qaz xəttində zədələnmə faktını təsdiq etmişdirlər. Hadisə yerindən təxminən 4 metr məsafədə Qanuni nümayəndə MMC-nin qaz boru xəttində daha bir qırılma hissəsi olduğu aşkarlanmışdır. Şübhəsiz ki, həmin hissədəki qırılma qaz boru xəttinin qazıntılar aparılma zamanı dartılması ilə əlaqədar yaranmışdır. Qeyd edilən zədələrin bərpa edilməsinə 30000 manat məbləğində xərc çəkilmişdir. Nəticə olaraq, qaz xəttinin zədələnməsi nəticəsində 47901 m³ qaz qəza yerindən havaya axmış, Qanuni nümayəndə MMC üçün 11975.25 manat (47901 m3 x 0.25 AZN (ƏDV daxil)) məbləğində əlavə qaz sərfiyyatı xərci yaranmış və görülən qazıntı işləri zamanı qaz boru xəttinin başqa yerdən qırılması nəticəsində 30000 manat məbləğində ziyan dəymişdir. 2024-cü ilin iyul ayında “Azəriqaz” İB Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin, Qanuni nümayəndə MMC tərəfindən qeyd edilən əlavə 11975.25 manat nəzərə alınmaqla borc məbləği ödənilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. 17.10.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh QSC tərəfindən dəymiş zərər – qaz boru xəttinin zədələnməsi və zədə nəticəsində qazın havaya sızması nəticəsində yaranan 45502 manat məbləğin, həmçinin ödənilmiş dövlət rüsumunun, vəkilə ödənilmiş 320 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 29 avqust 2025-ci il tarixli qərardadı ilə "Azəriqaz" İB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və iddia ərizəsinə əlavə izahat ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

6. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir

7. 29.08.2025-ci il taixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qaz xəttinin məhz cavabdeh tərəfindən qırılmasını təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh tərəfindən iddiaçının qaz xəttinə müdaxilə olmayıb. Həmin ərazidə cavabdeh tərəfindən qaz xətti çəkilib. Bununla bağlı mübahisə yoxdur. Lakin cavabdehin əməkdaşları iddiaçının xəttini qoruyaraq öz xəttini çəkmişlər.

8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Azəriqaz” İB-nin nümayəndəsi Əli-zadə Xəyyam Rafiq oğlu izahatında bildirdi ki, qəza barədə onlara hər hansı məlumat verilməmişdir, iddiaçının nümayəndəsi iclas başlamamışdan öncə hadisə barədə tərtib edilmiş akt barədə ona məlumat vermişdir və Azəriqaz İB-nin əməkdaşlarının da aktın tərtib olunması zamanı iştirak etdiyini bildirmişdir. Lakin həmin akt barədə də onlara məlumat verilməmişdir. Müraciət olsa idi, nümayəndələrinin iştirakını təmin edərdilər.

İİİ. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Azəriqaz İB Ağsu RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 413 saylı hesab-fakturaya əsasən Süsən Aqro MMC-nin xx.xx.2024-cü il tarixə qalıq borcu 16522,11 manat müəyyən edilmişdir.

11. Azəriqaz İB və Süsən Aqro MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 12 avqust 2020-ci il tarixli müqavilə bağlanmışdır.

12. Süsən Aqro MMC-nin abonent saldosundan görünür ki, 2024-cü il üzrə sərfiyyat 45871.25 manat təşkil etmişdir.

13. “Azəriqaz” İB tərəfindən Qanuni nümayəndə MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, EBEC007383 saylı e-qaiməyə əsasən qaz sərfiyyatına görə yekun məbləğ 14374,75 manat və xx.xx.2024-cü il tarixli, EBED219165 saylı e-qaiməyə əsasən qaz sərfiyyatına görə yekun məbləğ 31127,50 manat təşkil etmişdir.

14. 31.10.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən iddiaçı tərəfindən 40787,29 manat məlbəğində əsas borc və 7341,71 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir, ödənişin təyinatı olaraq yuxarıda sadalanan elektron qaimələr göstərilmişdir.

15. 24.05.2024-cü il tarixli akta əsasən Qanuni nümayəndə MMC-yə məxsus 24**********003 abonent kodlu, 259986 saylı sayğaca 45381,62 manat borca görə və 24**********004 abonent kodlu və 75153064 saylı sağaca 2696,99 manat qaz sərfiyyatı borcuna görə giriş vintillərinin üzərinə blomp qoyularaq qazın verilməsi dayandırılmışdır.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4799/2024 saylı qərardadı ilə iddiaçı “Azəriqaz” İB-nin cavabdeh Qanuni nümayəndə MMC-nin ona məxsus olan (anbar)-da təbii qazdan istifadə edilməsinə görə yaranmış 48078.61 manat debitor borcun tutulması barədə iddia tələbi baxılmamış saxlanılmışdır.

17. Süsən Aqro MMC tərəfindən iş materiallarına əlavə edilməsi üçün zədələnən boruya dair fotoşəkillər təqdim edilmişdir.

18. Qanuni nümayəndə MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, cavabdeh tərəfindən ARDNŞ-nin sifarişi ilə yeraltı DN500 qaz boru kəmərinin tikintisi icra edilərkən Qanuni nümayəndə MMC-nin ərazisini qaz ilə təchiz edən yeraltı 110 mm diametrli yüksək təzyiqli HDPE qaz boru xəttinin zədələnməsi və müəyyən məbləğ ekvivalentində zərər dəyməsi, Qanuni nümayəndə MMC üçün 11975.25 manat (47901 m3 x 0.25 AZN (ƏDV daxil)) məbləğində əlavə qaz sərfıyyatı xərci yarandığı və görülən qazıntı işləri zamanı qaz boru xəttinin başqa yerdən qırılması nəticəsində 30000 manat məbləğədək ziyan dəydiyi qeyd edilmişdir.

19. "xxxx" QSC tərəfindən Qanuni nümayəndə MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli cavab məktublarından görünür ki, həqiqətən də xx.xx.2024cü il tarixdə Cavabdeh QSC-yə aid tırtıllı ekskovator nahar fasiləsindən sonra Dn 1020mm magistral qaz kəmərinin əks dolğu işlərinin yerinə yetirilməsini təmin etmişdir. Lakin, müraciətdə qeyd olunan Qanuni nümayəndə MMC- nin ərazisinə gələn orta təzyiqli HDPE, PN10, 0110mm qaz xəttinin qırılması və 47901m3 qazın havaya sızması nəticəsində cəmiyyətinizə dəymiş 11975.25 manat məbləğində əlavə qaz sərfiyyatı ilə bağlı ziyanın "xxxx" QSC tərəfindən vurulmasını təsdiq edən heç bir sübut növü mövcud deyil.

20. “Azəriqaz” İB-nin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qanuni nümayəndə MMC-nin ərazisində aparılan qazıntı işlərinin hansı şirkət tərəfindən aparılması və qazıntı işləri aparılarkən qaz xəttinin zədələnməsi ilə bağlı Qanuni nümayəndə MMC tərəfindən “Azəriqaz” İB-nin Ağsu RQİİ-nə heç bir rəsmi məlumat daxil olmadığı və qəza hadisəsinin balans mənsubiyyətin sərhəddini təşkil edən sayğacdan sonra baş verdiyini, bu səbəbdən “Azəriqaz” İB-yə maddi ziyan dəymədiyi üçün dəymiş ziyanla əlaqəli hər hansı akt tərtib edilmədiyi qeyd olunmuşdur.

21. Təmir və texniki xidmət üzrə mexanik supervisor Hafiz Rəfiyev, Təmir və texniki xidmət üzrə mexanik Bəhrəm Novruzov, usta Sadiq Əlicanlı, Ağsu Xidmət Sahəsinin QSXnin rəisi Neymət Soltanov tərəfindən tərtib edilən və imzalanan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 3 Aprel 2024-ci il tarixində Süsən Aqro ərazisindən yeni çəkilən magistiral qaz xətti borusunun üzəri ND/SOCAR podratçısının böyük tonnajlı ekskavatoru ilə doldurma və yayma işləri nəticəsində borunun üzəri torpaqla örtülərkən Qanuni nümayəndə MMC-nin təsərrüfatına gələn yer altı 0110 mm diametrli HDPE plastik qaz xəttinin zədələndiyi və aşkarlanmış nasazlıqla bağlı borunun təcili və təxirəsalınmaz təmirbərpa işləri Agro Dairy MMC-nin Padarçöl Təmir və Texniki Xidmət üzrə qrup əməkdaşları tərəfindən yerinə yetirilmişdir.

22. 03.07.2025-ci il tarixli, **********17 ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən 215,93 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

23. 18.07.2025-ci il tarixli MVKEaWQ1 saylı ödəniş tapşırığına əsasən iddiaçı MMC tərəfindən Kredi Vəkil bürosunun hesabına 320 manat məbləğində xidmət haqqı ödənilmişdir.

24. Beləliklə hazırkı mübahisə mülki hüquq pozuntusunun törədilməsi nəticəsində yaranmış zərərin ödənilməsi ilə əlaqəlidir.

25. İddiaçı hazırda istifadəsində olan qaz boru kəmərinin cavabdehin hərəkətləri (həmin ərazidə əks dolğu işləri yerinə yetirilməsi) zamanı boruda baş verən qırılma və dartılma nəticəsində zədələnməsini iddia edərək 45502 manat dəymiş zərərin cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh isə xx.xx.2024-cü il tarixdə onun tərəfindən Ağsu rayonu ərazisində magistral qaz kəmərinin əks dolğu işləri yerinə yetirilsə də qaz xəttinə müdaxilənin, qaz xəttinin məhz onun tərəfindən zədələnməsini təsdiq edən hər hansı sübut olmadığına istinad edərək iddia tələbinin əsassız olduğunu bildirir. Azəriqaz İB tərəfindən Qanuni nümayəndə MMC-yə 2024-cü ildə hesablanmış 48078.61 manat debitor borcun ödənilməsi barədə iddia qaldırılmış, borc iddiaçı tərəfindən ödənilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4799/2024 saylı qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə MM-in 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün aşağıdakı şərtlər tələb olunur: (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, (3) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu.

28. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

29. Belə ki, iddiaçı qaz kəmərinin cavabdeh tərəfindən zədələnməsi nəticəsində ona zərər dəyməsini iddia etdiyindən, cavabdeh isə iddiaçının qaz kəmərinə hər hansı müdaxilə olmadığına istinad etdiyindən AR MPM-in 77-ci maddəsinə əsasən, boru xəmərinin məhz cavabdehin müdaxiləsi nəticəsində zədələnməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

30. Lakin iddiaçı qeyd edilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da qaz kəmərinin məhz cavabdeh tərəfindən aparılan qazıntı işləri nəticəsində zədələnməsi faktını məhkəmədə sübuta yetirə bilməmişdir.

31. Bundan əlavə cavabdeh tərəfindən qaz boru xəttinə əks dolğu işlərininin icra edilməsi zamanı boru xəttinin zədələnməsi ilə bağlı tərtib olunmuş texniki, qəza aktlarının və hadisəyə dair digər sübutların əldə edilməsi məqsədi ilə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla Azəriqaz İB-yə və ARDNŞ-yə sorğu göndərilmiş, Azəriqaz İB tərəfindən daxil olmuş sorğuya cavab məktubunda iddiaçının ərazisində aparılan qazıntı işlərinin hansı şirkət tərəfindən aparılması və qazıntı işləri aparılarkən qaz xəttinin zədələnməsi ilə bağlı Qanuni nümayəndə MMC tərəfindən “Azəriqaz” İB-yə hər hansı bir rəsmi məlumat daxil olmadığı və qəza hadisəsinin balans mənsubiyyətin sərhəddini təşkil edən sayğacdan sonra baş verdiyi qeyd olunmuşdur. Qeyd edilənlər xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən “Azəriqaz” İB-nin nümayəndəsi Əlizadə Xəyyam Rafiq oğlunun izahatı ilə də təsdiq edilmişdir.

32. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli akta münasibətdə məhkəmə qeyd edir ki, həmin akt birtərəfli qaydada tərtib olunmaqla (aktın tərtib olunmasında cavabdeh tərəfindən hər hansı bir şəxs iştirak etməmişdir) qaz xəttinin cavabdeh tərəfindən zədələnməsi nəticəsinə gəlmək üçün kifayət etmir. Bundan əlavə məhkəmə iclasında iştirak edən Azəriqaz İB-nin nümayəndəsi həmin akt və baş vermiş hadisə ilə bağlı nə Qanuni nümayəndə MMC, nə də Cavabdeh MMC tərəfindən Azəriqaz İB-ə hər hansı bir məlumat təqdim edilmədiyini bildirmişdir.

33. Beləliklə delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu və onun cavabdehin hüquqazidd əməlləri nəticəsində yaranması faktı öz təsdiqini tapmır. Maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Bir sözlə, maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir.

34. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.

35. Məhkəmə zərərvurmadan irəli gələn məsuliyyətin yaranması üçün sadalanan 3 şərtin məcmu halda mövcudluğunun tələb olunmasını və qeyd edilən şərtlərdən heç birinin mövcudluğunun araşdırma zamanı təsdiqlənməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı deyildir.

36. İddiaçı tələbində eyni zamanda 215,93 manat dövlət rüsumunun və 320 manat ödənilmiş hüquqi xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

37. AR MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən dövlət rüsumu və hüquqi yardım xərci iddiaçıya aid edilməlidir. V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Qanuni nümayəndə MMC-nin Cavabdeh QSC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar